Ordu.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası zamanı bildirib.
“Konstitusiya islahatları üzrə şura çox aktiv fəaliyyət göstərir. Hər həftə iclaslar təşkil edirik. Vəd etdiyim kimi mətn hazırdır. Lakin dərc olunması ilə bağlı hələ qərar yoxdur, çünki mətnin həmçinin “Vətəndaş Müqaviləsi” Partiyasının idarə heyətində və parlament fraksiyasında müzakirə edilməsi qərara alınıb. Bundan sonra mətnin dərc olunması ilə bağlı qərar qəbul ediləcək”, - deyə ermən nazir bildirib.
O qeyd edib ki, yeni Konstitusiya layihəsinin konseptual müddəaları daha əvvəl hazırlanıb, mətn isə həmin müddəalar əsasında hazırlanıb.
Qalyanın sözlərinə görə, yanaşma belədir ki, mərkəzdə insan, vətəndaş və xalq dayanır, idarəetmənin mövcud sistemindən isə kənara çıxılmır.
“Biz hesab edirik ki, demokratiya prinsiplərinin ən yaxşı ifadəsi məhz parlamentarizmdədir. Lakin hakimiyyət qollarının daha çox desentralizasiyası və balanslaşdırılması məqsədilə ciddi dəyişikliklər etmişik. Məsələn, parlamentə Baş nazirin fəaliyyətinə nəzarət mexanizmləri təqdim etmişik”, - deyə o bildirib.
Məhkəmə hakimiyyəti ilə bağlı olaraq andlı iclasçıların institutu nəzərdə tutulur. Həmçinin işlər üzrə iki pilləli apellyasiya imkanı, işlərin yazılı baxılması və Ali Məhkəmə Şurasının qərarlarından şikayət verilməsi imkanı nəzərdə tutulur ki, bu da hazırda mövcud deyil.
Alpər Mövludoğlu
Ordu.az