Hakimiyyəti qorumağın qiyməti: Paşinyanın tələsik qərarının arxasında nə dayanır və 60 milyard dram haradan alınacaq?

2026/03/1773464179.jpg
Oxunub: 419     19:55     24 Mart 2026    
“Hakimiyyəti itirmək təhlükəsinin gündən-günə artması Nikol Paşinyanı pensiyaları tələsik artırmaq qərarı verməyə məcbur edib. Bu təhlükə olmasaydı, pensiyalar artırılmazdı. Əgər artırmaq niyyətləri olsaydı, büdcə qəbul edilərkən artırardılar. Cəmi 2 ay əvvəl büdcə qəbul olunub və bunun üçün vəsait nəzərdə tutulmayıb. İndi isə 2 ay sonra pensiyaların artırılması qərarı verilir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hakimiyyəti qorumağın qiyməti: Paşinyanın tələsik qərarının arxasında nə dayanır və 60 milyard dram haradan alınacaq?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, təqaüdçünün həyatını cəhənnəmə çevirən hakimiyyət seçkilər ərəfəsində “xeyirxah pəri” rolunu oynayaraq pensiyaları artırır.

“İstisna deyil ki, seçkilər ərəfəsində minimum əməkhaqqını da artırsınlar. Xüsusilə də nəzərə alaq ki, bu vəd də hələ yerinə yetirilməyib.

Onlar minimum əməkhaqqının 2026-cı ilə qədər 85 min drama çatdırılacağını vəd etmişdilər. Halbuki artıq illərdir ki, bu məbləğ 75 min dram olaraq qalır. Sonuncu dəfə minimum əməkhaqqı 4 il əvvəl artırılıb.

Seçkilər yaxınlaşdıqca hakimiyyəti itirmək təhlükəsi artır və onlar yenidən hakimiyyətdə qalmaq üçün hər şeyə hazırdırlar. Seçkilərdən sonra isə nə olacağı onları maraqlandırmır. Hətta ölkədə “daşqın olsa belə”. Bu vaxta qədər nə pensiyaları, nə də sosial müavinətləri artırmaq barədə düşünmürdülər. Kim bu barədə danışırdısa, dərhal susdurulur, pensiya və müavinətlərin niyə artırıla bilməyəcəyinə dair absurd izahlar verilirdi.

Nikol Paşinyan deyirdi: “Bilirsinizmi, pensiyaları 1000 dram artırmaq üçün nə qədər pul lazımdır? Pensiyaları artıra bilmirik, çünki təqaüdçülər çoxdur”.

Arsen Torosyan isə ironiya ilə bildirirdi ki, təqaüdçülər daha uzun yaşamağa başlayıblar”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, o zaman hələ hakimiyyət kürsülərinin altlarından sürüşdüyünü hiss etmirdilər.

“Seçkilər yaxınlaşdıqca anlayırlar ki, gətirdikləri “saxta sülh”lə yenidən hakimiyyətə gəlmək şansları yoxdur. Xalq belə bir sülhə inanmır. Onlar xalqa belə bir sülh “satmaq” istəyirdilər, lakin başa düşdülər ki, bununla xalqı aldada bilməyəcəklər və yenidən hakimiyyətə gələ bilməyəcəklər. Buna görə də açıq şəkildə seçiciləri “satın almaq” yoluna keçiblər.

Pensiyaların gözlənilən artırılması bunun ilk addımıdır. Mayın 1-dən isə uşaq bağçalarında çalışanların əməkhaqlarını artırmaq qərarı verilib.

Yaxın vaxtlarda buna bənzər başqa “sürprizlər” də ola bilər. Seçilməmək təhlükəsi o qədər böyükdür ki, onlar hətta seçkilərdən sonra ölkəni və dövlət büdcəsini fakt qarşısında qoyacaq addımlar atmağa da hazırdırlar”, - deyə məqalədə qeyd edilib.

Müəllifin sözlərinə görə, heç bir zəmanət yoxdur ki, seçkilərdən sonra artırılan pensiyaları ödəyə biləcəklər.

“Büdcədə bu vəsait nəzərdə tutulmayıb və pensiyaların hansı vəsait hesabına artırılacağı da məlum deyil. Əgər ümid iqtisadi artıma və ya büdcənin əlavə gəlirlərinədirsə, hazırda belə perspektiv görünmür. Əksinə, iqtisadiyyatın vəziyyəti elədir ki, mövcud artım belə yüksək risk altındadır və gözlənilmədən çökə bilər. Bu isə hətta planlaşdırılmış büdcə gəlirlərinin də toplanmamasına səbəb ola bilər.

Pensiyaların artırılması nə qədər zəruri olsa da, büdcə gəlirlərinin artırılması və xərclərin optimallaşdırılması ilə müşayiət olunmazsa, ciddi risklər yaradır. Əslində büdcənin pensiyaları artırmaq imkanı var idi, lakin əvvəlcə büdcə vəsaitlərinin axıb getdiyi bütün boşluqlar bağlanmalı idi.

Bunları etmədən populist siyasət aparan hakimiyyət, maliyyə ilinin başlanmasından cəmi üç ay sonra seçicilər arasında itirilmiş nüfuzu geri qaytarmaq üçün büdcənin üzərinə əlavə böyük maliyyə yükü qoyur.

Bu problem təkcə bu gün üçün deyil, gələcək üçün də risk yaradır. Pensiya və müavinətlərin artırılması ilə bağlı planlar həyata keçərsə, bu büdcə üçün ayda təxminən 6,5 milyard dram əlavə xərc demək olacaq. Bu qərarın ikinci rübdən tətbiq ediləcəyi nəzərə alınsa, yalnız bu il üçün təxminən 60 milyard dram tələb olunacaq.

Əgər bu vəsait əvvəldən büdcədə nəzərdə tutulmuş olsaydı, başqa məsələ idi. Lakin belə vəsait yoxdur və onun haradan alınacağı da məlum deyil.

Təsəvvür edin ki, büdcədə nəzərdə tutulan gəlirlər toplanmasa nə baş verəcək. Belə ssenarini heç kim istisna edə bilməz. Cəmi 2 il əvvəl büdcənin vergi gəlirləri təxminən 222 milyard dram az toplanmışdı. Kim zəmanət verə bilər ki, bu il də eyni vəziyyət olmayacaq?

Üstəlik, bu seçki ilidir və seçki illəri adətən qeyri-sabitlik və sarsıntılarla müşayiət olunur ki, bu da iqtisadiyyat və büdcə üçün əlverişli deyil”, - deyə nəşr bildirib.

Müəllif sual verib ki, belə vəziyyətdə nə baş verəcək?

“Aydındır ki, hökumət dövlət borcunu artırmaq və seçkiqabağı vədləri bu hesabla maliyyələşdirmək yoluna gedəcək. İndiyə qədər də belə ediblər və nəticədə dövlət borcu 8 milyard dollar artıb. 8 milyard artırıblarsa, 10 milyard da artıra bilərlər. Ermənistanın indiki hakimiyyəti üçün heç bir əngəl yoxdur.

Öz siyasi maraqları və hakimiyyət kürsüləri naminə hər şeyi qurban verməyə hazırdırlar. İndiyə qədər etdikləri kimi, bundan sonra da eyni addımları atmağa hazırdırlar və bunun qarşısında heç nə onları dayandırmır.

Görünür, seçkilər ərəfəsində sorğular aparıblar və xalqın etimadını itirdiklərini görüblər, ona görə də təqaüdçüləri xatırlayıblar. Bu illər ərzində onları xatırlamır, təhqir edir və saymırdılar, indi isə xatırlayıblar.

Yaxın vaxtlarda başqa sosial həssas qrupları da xatırlayacaqlar. Lakin sonra, əvvəlki 5 ildə olduğu kimi, bunun əvəzini hamıdan çıxacaqlar. Bir anlıq geriyə baxın və son 5 ildə nələr baş verdiyini xatırlayın”, - deyə KİV vurğulayıb.

Nəşr yazıb ki, hətta müharibədə ağır məğlubiyyətdən sonra belə vəziyyət indiki qədər pis deyildi.

“Məğlub olmuşduq, lakin “Qarabağ” (ləğv edilmiş qondarma qurum-red.) var idi, Ermənistanla Qarabağı birləşdirən yol yerinə Ermənistanın özünü dəhlizə çevirməmişdilər, ərazilər verilməmişdi, bu qədər borc götürülməmişdi, vergilər, rüsumlar və digər ödənişlər kütləvi şəkildə ikiqat, üçqat və hətta onqat artırılmamışdı, vətəndaş və iqtisadiyyat bahalı kreditlərlə boğulmamışdı, insanları “kredit və cərimə materialına” çevirməmişdilər.

Bu qədər vaxt vətəndaş və təqaüdçülər barədə düşünmürdülər, seçkilər yaxınlaşanda isə düşünməyə başladılar. Seçkilərdən sonra, əgər yenidən hakimiyyətdə qalmağa nail olsalar, bu dəfə Ermənistandan demək olar ki, heç nə qalmayacaq və seçkilər zamanı etdikləri “yaxşılıqların” əvəzini də xalqdan çıxacaqlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin