Ordu.az xəbər verir ki, bunu erməni politoloq David Harutyunov deyib.
Onun sözlərinə görə, hər şey müxtəlif amillərdən asılıdır.
“ABŞ prezidenti əvvəlcədən bəyan etmişdi ki, İrana qarşı müharibə 4 həftə davam edə bilər. Məncə, bu müddəti qısalda biləcək proseslər də ola bilər, uzada biləcək proseslər də.
Əgər İsrail və ABŞ hava zərbələri ilə İranda vəziyyəti destabilizə edərək məqsədlərinə çata bilsələr, bu hərbi qarşıdurma qısa müddətdə başa çata bilər. Mən isə bu variantı az ehtimallı hesab edirəm, çünki ABŞ-də Trampdan narazı olan insanlar var və bu, İrana qarşı proseslərə təsir göstərə bilər”, - deyə o qeyd edib.
Harutyunov bildirib ki, vəziyyətə təsir edə biləcək digər amil kürdlərin əli ilə mümkün quru əməliyyatıdır.
“Son vaxtlar bu ssenari müzakirə olunur. Əgər ABŞ və İsrail bu ssenarini reallaşdıra bilsələr, hərbi əməliyyatlar yenə də qısa müddətdə başa çata bilər”, - deyə Harutyunov bildirib.
Erməni politoloqun sözlərinə görə, çox təhlükəli bir məqam da var: İsrail İrana qarşı bu hərbi əməliyyatları prosesin yalnız bir hissəsi kimi görür.
“Yəni əgər indi əməliyyatlar dayandırılsa, lakin İsrail məqsədinə, İranda daxili vəziyyəti destabilizə etməyə nail olmasa, gələcəkdə yenidən hücumların yeni dalğasına hazırlaşacaqlar.
Hazırda ABŞ və İsrailin əsas məqsədi İranın daxilində vəziyyəti destabilizə etməkdir. Buna görə də bu əməliyyatların gələcəyi istənilən halda kifayət qədər qaranlıq görünür.
Ermənistana gəlincə, rəsmi olaraq bizə məlum olan məlumatları müqayisə etdikdə Zəngəzurda toqquşma ehtimalı az görünür. Bu ehtimal ABŞ və TRIPP (Zəngəzur dəhlizi-red.) amili ilə bağlıdır.
Bir məqamı da nəzərə almalıyıq: İran amili son iki ildə zəifləyir. Məhz bu zəifləmə səbəblərindən biri idi ki, Ermənistan tərəfi TRIPP məsələsində ABŞ-yə yönəldi. Bu yolun bizim üçün nə dərəcədə səmərəli olduğunu demək çətindir”, - deyə Harutyunov qeyd edib.
Harutyunov bildirib ki, Ermənistan üçün problem yalnız Azərbaycanla toqquşma deyil.
“Digər risklər də var. Məsələn, Ermənistan-İran yolunun bağlanması halında Ermənistan iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək. İran Ermənistan üçün çox mühüm ticarət tərəfdaşıdır.
Əgər vəziyyət destabilizə olarsa, İrandan böyük sayda insanın axını baş verə bilər. Onların daha çoxu Azərbaycana gedəcək, lakin Ermənistana da müəyyən axın olacaq”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az