Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Davit Camalyan deyib.
Erməni ekspert hesab edir ki, Ermənistanın indiki hakimiyyəti belə bir müraciəti rədd etməyə bilər: “Bəs kimsə şübhə edirmi ki, bugünkü türkpərəst, “peraşki” yeyən bu hakimiyyət Türkiyəyə “yox” deyəcək?”.
Onun sözlərinə görə, Azərbaycan da Ermənistana müraciət edə bilər və Ermənistan bunu rədd edə bilməz.
“Bu isə o deməkdir ki, Türkiyə və Azərbaycan həmin ərazilərdə hərbi qüvvə toplaya bilərlər. Daha sonra isə İranla müharibə başa çatdıqdan sonra bölgədə toplanmış qoşunların nəticələrini görmək mümkün olacaq”, - deyə Camalyan qeyd edib.
Camalyan bildirib ki, Ermənistanın hazırkı hakimiyyəti ölkəyə sülh yox, yeni müharibə gətirir: “Nikolun hakimiyyəti ölkəmizə sülh deyil, müharibə gətirən hakimiyyətdir. Növbəti fəlakətin əlamətləri artıq aydın görünür”.
Erməni ekspertin sözlərinə görə, əgər İran tərəfi bu qarşıdurmadan qalib çıxarsa, bəzi planlar reallaşa bilməyəcək: “Şərti olaraq desək, əgər İran bu prosesdən qalib çıxarsa (qalibiyyət anlayışı burada müəyyən şərtlərlə işlədilir, çünki İrana yönəlmiş zərbələr çox ağırdır), İran tərəfi artıq açıq şəkildə bildirir ki, uzunmüddətli müharibəyə hazırdır və kifayət qədər səbirli və maraqlı taktika ilə addım-addım aqressor tərəfi zəiflətməyə çalışır”.
O qeyd edib ki, belə olacağı halda Ermənistan üçün təhlükəli hesab etdiyi TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi faktiki olaraq həyata keçməz: “Belə bir vəziyyətdə bizim üçün çox təhlükəli olan TRIPP layihəsi sadəcə olaraq qeyri-real olacaq. Çünki varlıq uğrunda mübarizə aparan İran qalib gəlmək üçün əlindən gələni edəcək. Bundan sonra isə İranın şimalında hansısa Amerika layihəsinin həyata keçirilməsinə İranın dözəcəyini təsəvvür etmək mümkün deyil”.
Erməni hərbi ekspert hesab edir ki, İranla İsrail və ABŞ arasında baş verən müharibə uzun çəkməyəcək və bir neçə həftə ərzində başa çata bilər. Onun fikrincə, Ermənistan hakimiyyətinin seçkilər öncəsi TRIPP layihəsi vasitəsilə səs qazanmaq planı da iflasa uğrayacaq.
“Ermənistan hakimiyyəti seçkilər ərəfəsində TRIPP vasitəsilə xalqdan səs qazanmağa çalışırdı, lakin bunun dəyəri sıfıra enəcək. Yəni hakimiyyət seçkilərdən əvvəl əsas “kozır kartını” itirəcək”, - deyə Camalyan bildirib.
Camalyan qeyd edib ki, yaxın vaxtlarda vəziyyətin dəyişdiyini görmək mümkün olacaq: “Bu vaxta qədər çox hadisələr baş verəcək və biz görəcəyik ki, hakimiyyətin şansları sıfıra enəcək. Biz indi həqiqətən taleyüklü dövr yaşayırıq. Millətimizin ən böyük faciəsi isə odur ki, ölkənin sükanı peraşki yeyən bu təcrübəsiz insanların əlindədir. Elə bilirdik ki, artıq biabırçılığın son həddinə çatmışıq, amma onlar göstərirlər ki, yox, bundan da pis ola bilər”.
Erməni ekspert vurğulayıb ki, İran sabit qalsa, bundan Ermənistan da fayda əldə edə bilər.
“Əgər İran sabit qalsa, bu vəziyyətdən qazanan tərəf biz ola bilərik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az