Rusiyalı analitik: “Cənubi Qafqaz ölkələrinin maraqları ondan ibarətdir ki, onlar heç bir prosesə müdaxilə etməsinlər”

2026/03/1773463568.jpg
Oxunub: 371     17:06     15 Mart 2026    
“Vəziyyət nə qədər mürəkkəb olsa da, onun bir xüsusiyyəti var: İran buna uzun müddət hazırlaşmışdı”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı şərqşünas Viktor Nadein-Rayevski deyib.

Onun sözlərinə görə, buna görə də hakimiyyətin ən yüksək səviyyəli nümayəndələrini aradan qaldırmaqla ABŞ və İsrailin məqsədlərinə nail olmaq planı hələlik işləməyib, çünki hər bir vəzifə üçün bir neçə namizəd mövcuddur.

“Problemlər yaranan halda vəzifəli şəxsin dərhal əvəzlənməsi və ya yeni təyinat sistemin fasiləsiz işləməsinə imkan verir. Bu hücum zamanı bir neçə gözlənilməz inkişaf baş verdi ki, bunlar prosesə təsir göstərəcək. İran dərhal ABŞ bazalarını hədəfə aldı, dini liderin ölümü geniş rezonans doğurdu və İran müqavimət göstərdi. Bu isə ABŞ və İsrail üçün gözlənilməz oldu. Bundan sonra onlar sanki başqa ssenariyə keçməyə çalışırlar. Bu isə təbii olaraq daha uzunmüddətli proseslər deməkdir. Lakin bunun nə dərəcədə mümkün olacağını demək çətindir, çünki bu region ABŞ-nin regionu deyil və ABŞ-nin resursları çox olsa da, belə miqyaslı uzunmüddətli əməliyyat aparmaq çətindir”, - deyə analitik bildirib.

Rayevski qeyd edib ki, hərbi vəziyyətlə yanaşı, İran daxilindəki dəyişikliklər də mühüm əhəmiyyət daşıyır.

Danışıqların mümkünlüyünə gəlincə, analitik hesab edir ki, İran hazırda danışıqlara hazır olmadığını bəyan edib.

“Əlbəttə, müəyyən şəraitdə İran danışıqlara gedə və müzakirələrə hazır ola bilər. Lakin məsələ ondadır ki, İran ABŞ-nin bütün tələblərini və ultimatumlarını qəbul etməyə hazır deyil. Nüvə proqramından imtina etmək sadəcə nüvə bombasından imtina demək deyil. İran əslində nüvə silahı yaratmaq niyyətində də olmayıb, belə silahın yaradılması ölkədə xüsusi fətva ilə qadağan edilib. Bu o deməkdir ki, onlar fətvanı poza bilməzlər, çünki bu günah sayılar. Beləliklə, təkcə bombadan istifadə deyil, onun istehsalı da qadağandır”, - deyə Rayevski bildirib.

Beynəlxalq reaksiyalara toxunan rusiyalı şərqşünas bildirib ki, burada yeni heç nə yoxdur.

“İrana dəstək verməli olanlar dəstək verdi, vasitəçilik etmək istədiklərini bildirdi və hərbi əməliyyatların dayandırılmasına çağırışlar səsləndirdi. Türkiyə və Cənubi Qafqaz ölkələri isə daha neytral mövqe tutur. Bununla belə, onların Qərblə sıx əlaqələri var. Bu ölkələr xüsusilə hadisələrin necə başa çatacağı məlum olmadığı bir vaxtda İran İslam Respublikası ilə qarşıdurma istəmirlər.

Lakin Türkiyə ilə bağlı vəziyyət o qədər də sadə deyil, çünki Tehranda “İncirlik” aviabazası ilə bağlı narahatlıqlar var. Ankarada isə narahatlıq var ki, İran bu bazanı da hədəfə ala bilər. Buna görə Türkiyə bəyan edir ki, bu baza Türkiyəyə məxsusdur. Bir hadisə də baş verdi, Türkiyə “İncirlik” istiqamətində hərəkət etdiyi ehtimal edilən pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini açıqladı. Burada vəziyyət kifayət qədər problemli olaraq qalır və hətta təxribat ehtimalı da var ki, bunun nəticəsində Türkiyə də bu münaqişəyə cəlb oluna bilər. Bununla belə, qeyd etmək lazımdır ki, Türkiyə hakimiyyəti çox ehtiyatlı və hesablanmış siyasət yürüdür”, - deyə analitik bildirib.

Rayevski əlavə edib ki, İsrail və ABŞ-nin hücumunun ilk günündən sonra bu oxun ssenarisi dəyişib, çünki onların ilkin planı işləməyib.

“İndi görünür ki, ikinci ssenari işə salınır. Onun nə qədər effektiv olacağını demək çətindir, çünki düşünürəm ki, bu ssenari ABŞ üçün daha arzuolunmaz variant idi”, - deyə o bildirib.

Cənubi Qafqazla bağlı danışan Rayevski qeyd edib ki, İran çox qətiyyətlidir və bütün reaksiyaları və geosiyasi prosesləri diqqətlə izləyir.

“Cənubi Qafqaz ölkələrinin maraqları ondan ibarətdir ki, onlar heç bir prosesə müdaxilə etməsinlər və diplomatik fəallıqla əməkdaşlığa əsaslanan siyasəti davam etdirsinlər”, - deyə analitik vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rayevski   Qafqaz  


Bizi "telegram"da izləyin