Erməni analitik: “İran ətrafında “halqa daralır” və son hadisələr, hərbi əməliyyatlar və faktiki müharibə bunun son mərhələsini nümayiş etdirir”

2026/03/1773463517.jpg
Oxunub: 494     21:43     15 Mart 2026    
“Xəzər, Qara və Aralıq dənizi hövzələrini əhatə edən və Ermənistanın da daxil olduğu geniş regionun geosiyasi mənzərəsinin dəyişməsi böyük ölçüdə İran-İsrail-ABŞ qarşıdurmasının nə qədər davam edəcəyindən asılıdır”.

Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəbşünaslıq kafedrasının müdiri, dosent Hayk Köçəryan deyib.

Onun sözlərinə görə, regionda vəziyyət artıq saatbasaat deyil, dəqiqəbədəqiqə dəyişir.

“Dəyişə biləcək sərhədlər varmı? Bəli, ola bilər. Həm inzibati sərhədlər, həm də Yaxın Şərqin xəritəsi dəyişə bilər. Amma biz hələ prosesin başlanğıcındayıq və çox şey İranla qarşıdurmanın nə qədər davam etməsindən asılıdır”, - deyə Köçəryan qeyd edib.

Ekspertlərin hesablamalarına görə, hazırkı hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş ehtiyatlar təxminən dörd həftəlik dövr üçün planlaşdırılıb. Lakin münaqişənin daha uzun sürməsi də istisna edilmir.

Köçəryan bildirib ki, regionda əsas məqsədlərdən biri iqtisadi, enerji və nəqliyyat infrastrukturunun vahid sistemdə birləşdirilməsidir. Onun sözlərinə görə, Xəzər, Qara və Aralıq dənizi hövzələrini əhatə edən bu ərazi dünya ticarəti, enerji resursları və kommunikasiya xətləri baxımından qlobal miqyasda ən mühüm regionlardan biridir.

Erməni analitik qeyd edib ki, ABŞ bu infrastrukturlara, nəqliyyat yollarına, boru kəmərlərinə və digər kommunikasiya sistemlərinə nəzarət etməyə çalışır. Onun sözlərinə görə, Suriyadan sonra ABŞ üçün nəzarətdən kənarda qalan ən böyük ərazi məhz İran olub.

Köçəryanın fikrincə, hazırda İran ətrafında “halqa daralır” və son hadisələr, hərbi əməliyyatlar və faktiki müharibə bunun son mərhələsini nümayiş etdirir.

O əlavə edib ki, ABŞ və İsrail müharibənin ikinci ssenarisini işə salıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin