Erməni siyasi şərhçi: “TRIPP barıt çəlləyidir və başımızın üstündə partlayacaq”

2026/03/1772728807.jpg
Oxunub: 414     20:38     05 Mart 2026    
“İrana qarşı ABŞ və İsrailin başlatdığı müharibədə kim qalib gəlir, kim uduzur?

Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Armen Ayvazyan öz məqaləsində yazıb.

“Əgər ABŞ və İsrailin rəsmi mənbələrinə, eləcə də ümumilikdə onların təsiri altında fəaliyyət göstərən böyük Qərb dövlət və korporativ KİV-lərinə qulaq assaq, belə təəssürat yarana bilər ki, İran artıq uduzur və ya hətta uduzub. Bəs doğrudanmı belədir?”, - deyə o qeyd edib.

Ayvazyan bildirib ki, müharibənin gedişini anlamaq üçün tərəflərin bir-birinə vurduğu itkiləri və ziyanı müqayisə etmək lazımdır.

“Bunun üçün iki əsas ölçüyə baxmaq olar (XIX əsrdə alman hərbi nəzəriyyəçisi Karl fon Klauzevits tərəfindən müəyyən edilmiş etibarlı nəzəri müddəalara əsaslanaraq):

Mənəvi (siyasi-psixoloji) itkilər

Fiziki itkilər (insan, iqtisadi, hərbi)

MƏNƏVİ İTKİLƏR

İRAN

• İranda cəmiyyətin böyük hissəsi xarici müdaxiləyə qarşı birləşib.

• Dövlət idarəetmə sistemi ciddi çatlar verməyib.

• Silahlı qüvvələr təşkilatlanmış müqaviməti davam etdirir və cavab zərbələri endirir.

• Müharibə milli birlik və müqavimət ruhunu gücləndirib.

ABŞ

• ABŞ-də müharibəyə qarşı nüfuzlu siyasi və ictimai qüvvələr çıxış edir, sorğulara görə, xalqın böyük hissəsi müharibənin əleyhinədir.

• Demokrat Partiyasının çoxsaylı nümayəndələri müharibənin dərhal dayandırılmasını tələb edir.

• İctimai rəy parçalanıb və bu, müharibəni uzun müddət davam etdirmək imkanlarını məhdudlaşdırır.

FİZİKİ İTKİLƏR

İRAN

• Dövlət və silahlı qüvvələrin rəhbərliyindən bəzi şəxslər, o cümlədən ali dini lider ayətullah Əli Xameneyi həlak olub.

• İranın hava hücumundan müdafiə sistemi ciddi ziyan görüb.

• Ballistik raket buraxılış qurğularının bir hissəsi məhv edilib.

• İran donanmasının əhəmiyyətli hissəsi məhv edilib və ya zədələnib.

• Ölənlərin sayı təxminən 1000 nəfərdir.

• Bununla yanaşı, ölkə ərazi itkisi verməyib.

ABŞ-İSRAİL

İSRAİL

• Rəsmi məlumatlara görə, 12 nəfər ölüb, 1200-dən çox insan yaralanıb.

• Yaralıların çoxluğu İran raketlərinin ciddi dağıntılar törətdiyini göstərir.

• Raket zərbələri mülki və hərbi infrastruktur obyektlərinə ciddi ziyan vurub, lakin senzura bu barədə məlumatların yayılmasını məhdudlaşdırır.

ABŞ

• ABŞ faktiki olaraq Fars körfəzinin ərəb ölkələrində yerləşən bir sıra hərbi bazalarını itirib, həmin bazalar İran və İranmeyilli qüvvələrin hücumlarının hədəfinə çevrilib. Yəni ABŞ regionda faktiki olaraq ərazi baxımından nəzərəçarpacaq itkilər verib.

• ABŞ-İsrail ittifaqının hava hücumundan müdafiə sistemləri HHM raketlərinin sürətlə tükənməsi problemi ilə üzləşib ki, bu da yüksək intensivlikli hücumlara uzun müddət tab gətirmə imkanlarını məhdudlaşdırır.

MÜTTƏFİQLƏR AMİLİ

İRAN TƏRƏFİNDƏ

• Müharibəyə qoşulublar:

- “Hizbullah” (Livan)
- İraqın şiə silahlı qrupları (onların tərkibində on minlərlə döyüşçü var).

• “Ənsarullah” (husilər) hərəkatı döyüşə qoşulmağa hazırlaşır.

• Bütün regionda şiə kütlələri fəallaşıb və İranın mövqelərini dəstəkləyir.

ABŞ-NİN MÜTTƏFİQLƏRİ

• Fars körfəzinin bir sıra ərəb ölkələri ABŞ-nin onların iqtisadiyyatlarını və infrastrukturlarını qorumaq qabiliyyətindən dərin məyusluq keçirir.

• ABŞ faktiki olaraq Fars körfəzi ölkələrində hava hücumundan müdafiə sistemlərinə rəhbərliyi İsrailə verməyə məcbur olub.

• Həmin sistemlərdən bəziləri artıq məhv edilib və ya zədələnib.

(Bu baxımdan Ermənistanda insanlar başa düşməlidirlər ki, TRIPP (Zəngəzur dəhlizi-red.) proqramı barıt çəlləyidir və başımızın üstündə partlayacaq. ABŞ isə bizi qorumağa nə qadir olacaq, nə də buna istəyi olacaq.)”, - deyə erməni siyasi şərhçi vurğulayıb.

O qeyd edib ki, beləliklə, müharibənin ilk mərhələsində real vəziyyət təbliğat sahəsində təqdim olunduğu qədər aydın deyil.

“İran ciddi itkilər versə də, eyni zamanda dövlət sabitliyini, hərbi müqavimətini və müttəfiqlərinin dəstəyini qoruyub saxlayır ki, bu da uzunmüddətli müharibə şəraitində həlledici amilə çevrilə bilər.

Hər şey hələ qabaqdadır”, - deyə Ayvazyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ayvazyan   Ermənistan  


Bizi "telegram"da izləyin