Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov martın 5-i İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.
İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və Azərbaycanla həmrəy olduğunu bildirib.
***
İsrailin xarici işlər naziri Gideon Saar İranın Azərbaycana hücumunu pisləyib və qəbuledilməz adlandırıb.
Ordu.az xəbər verir ki, o, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefon danışığının yekunlarını şərh edərkən "X"də yazıb.
"Dostum, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışdım. İranın Azərbaycana qarşı açıq və məqsədyönlü təcavüzünü pisləyirəm. Ona və regionun digər ölkələrinə qarşı bu təcavüz tamamilə yolverilməzdir və İran rejiminin ağılsızlığını bir daha sübut edir", - o yazıb.
G.Saar əlavə edib ki, İsrail məqsədlərinə çatana qədər İranda hərbi əməliyyatı davam etdirməkdə qərarlıdır.
Ordu.az