Ordu.az xəbər verir ki, bu barədə “The National Interest” nəşri “Ağ Ev Rusiyanı Cənubi Qafqazdan necə kənarda saxlayır” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, vitse-prezident Cey Di Vensin Cənubi Qafqaza tarixi səfəri qalmaqalla başa çatıb. Vens həyat yoldaşı Uşa Venslə birlikdə İrəvanda “soyqırımı memorialı”nı (qondarma-red.) ziyarət edərkən çəkilmiş paylaşımını “X” sosial şəbəkəsində silib.
“Bu addım manşetlərə çıxdı və “soyqırımı inkarı” ittihamlarına səbəb oldu. Lakin silinmiş paylaşım üzərində dayanmaq əsas məqamı gözdən qaçırmaq deməkdir. Vens Ermənistana səfər edən ilk vitse-prezident və ən yüksək rütbəli ABŞ rəsmisidir və onun səfəri Tramp administrasiyasının uzun müddət Moskvanın dominant oyunçu olduğu bir bölgədə ABŞ təsirini möhkəmləndirmək və Rusiyanı kənarda saxlamaq istiqamətində sistemli səylərinin ayrılmaz hissəsidir.
Ən başlıcası, Vens ötən ilin avqustunda Ağ Evdə keçirilmiş sammitin nəticələrini möhkəmləndirməyə çalışdı. Həmin sammitdə Ermənistan və Azərbaycan təxminən 40 illik münaqişəyə son qoymağı hədəfləyən sülh sazişi imzalamışdılar”, - deyə nəşr bildirib.
KİV vurğulayıb ki, Vens Ermənistanın Baş naziri Nikol Paşinyana və Azərbaycanın Prezidenti İlham Əliyevə vəd olunmuş bəzi ikitərəfli ticarət razılaşmalarının icrasına diqqət yetirib.
“Bu razılaşmalar ötən il hər iki tərəfi sülhə üstünlük verməyə təşviq etmişdi. Sazişə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) adlı 27 millik dəmir yolu və avtomobil yolu layihəsinin yaradılması daxildir. Layihə Azərbaycanı onun Naxçıvan anklavı ilə Ermənistan ərazisindən birləşdirir. TRIPP-in məqsədi Mərkəzi Asiya ilə Avropa arasında Rusiyanı və İranı yan keçən ticarət marşrutu yaratmaqdır.
Fevralın 9-da Vens və Paşinyan mülki nüvə əməkdaşlığı haqqında saziş imzaladılar. Sazişə Ermənistanın sovet dövründən qalma nüvə enerji infrastrukturunun əvəzlənməsi üçün 5 milyard dollar və yanacaqla texniki xidmət müqavilələri üçün 4 milyard dollar daxildir. Bu razılaşma Rusiyanın dövlətə məxsus “Rosatom” nüvə konserninin son anda irəli sürdüyü əməkdaşlıq təklifini zəiflətdi”, - deyə məalədə qeyd edilib.
KİV bildirib ki, bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan parlamentinin sədri Alen Simonyanı “ənənəvi müttəfiqlərlə əməkdaşlığa zərər vurmaqla Qərblə yaxınlaşmanın riskləri” barədə xəbərdar etmişdi.
“Növbəti gün Vens İlham Əliyevlə görüşdü və iqtisadi və təhlükəsizlik əməkdaşlığını əhatə edən strateji tərəfdaşlıq sazişi imzaladı. Saziş müdafiə satışlarını, süni zəka sahəsində əməkdaşlığı, enerji təhlükəsizliyini və terrorizmlə mübarizə səylərini əhatə edir.
Ümumilikdə bu, bölgəyə uğurlu, lakin natamam səfər idi. Bunun isə əsaslı səbəbi var. Vens bölgənin üçüncü ölkəsi olan Gürcüstana səfər etməyi məqsədəuyğun saymadı. Gürcüstan Cənubi Qafqazın Qara dəniz qapısı və şərq-qərb tranzitinin ənənəvi dayağı hesab olunurdu. Lakin hazırda ölkə Rusiyaya və Çinə daha da yaxınlaşır, demokratiya tərəfdarı olan etirazçılara qarşı sərt tədbirlər görür və ABŞ-nin açıq şəkildə fəal iştirakını siyasi baxımdan çətinləşdirir. Bu istiqamətdə dəyişimin ən aydın göstəricisi Anakliya Dərin Dəniz Limanının inkişafıdır.
Bu obyekt Gürcüstanın Qara dənizdəki rolunu Asiya ilə Avropa arasında Orta Dəhliz ticarət marşrutunun mühüm qovşağı kimi möhkəmləndirməyi nəzərdə tutur. 2016-cı ildə Gürcüstan hökuməti layihəni Gürcüstan-ABŞ-Avropa tərəfdaşlığından ibarət Anakliya İnkişaf Konsorsiumuna həvalə etmişdi”, - deyə müəllif bildirib.
KİV qeyd edib ki, lakin 2020-ci ildə Rusiyaya meyilli Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi Gürcüstan hökuməti həmin müqaviləni ləğv edib.
“Əvəzində 2024-cü ilin mayında layihənin 49 faiz payı üçün mərkəzində “China Communications Construction Company”nin dayandığı Çin-Sinqapur konsorsiumunu seçdi. Bu isə ABŞ-nin əsas rəqiblərindən birinə strateji infrastrukturun mühüm hissəsində böyük pay qazandırdı.
Çinin Gürcüstandakı kommersiya fəaliyyəti getdikcə Pekinin təhlükəsizlik ekosistemi ilə əlaqəli şirkətlərlə üst-üstə düşür. Buna misal olaraq dövlət qurumlarının “Dahua” müşahidə kameralarından, “Huawei” telekommunikasiya şəbəkələrindən və “Nuctech” təhlükəsizlik skanerlərindən istifadəsini göstərmək olar. Eyni zamanda Rusiya siyasi, kəşfiyyat və təzyiq alətləri, eləcə də hərbi müdaxilə təhdidləri vasitəsilə təsir imkanlarını qoruyur.
Ümumilikdə administrasiya Cənubi Qafqazda düzgün istiqamətdə hərəkət edir və Ermənistanla Azərbaycanla münasibətlərdən maksimum istifadə edir. Lakin Prezident Donald Trampın Gürcüstana məhəl qoymaması ABŞ üçün risk yaradır. Vaşinqtonun öz maraqlarını qorumaq üçün Gürcüstanın hakim partiyasını “xeyir-dua” ilə təmin etməsinə və ya ona yüksək səviyyəli dövlət səfəri təqdim etməsinə ehtiyac yoxdur. Ancaq Tbilisiyə demokratik geriləməni dayandırmaq üçün hədəfli təzyiq saxlanmalıdır. Eyni zamanda Gürcüstanın Qara dənizdə Rusiya və Çin təsirinin davamlı platformasına çevrilməməsi üçün vətəndaş cəmiyyətinə və mediaya dəstək genişləndirilməlidir.
Gürcüstan məsələsində təşviq və təzyiqin birləşdirilməsi zəruridir. Təşviq elementi Tramp administrasiyasının təşəbbüsü ilə Amerika investisiyalarının perspektivi ola bilər. Təzyiq isə Gürcü Arzusu Partiyasının rəhbərliyinə və onun tərəfdarlarına qarşı yeni, şəffaf və beynəlxalq müşahidə altında keçiriləcək parlament seçkiləri təşkil edilmədiyi və jurnalistlərə, siyasi rəqiblərə qarşı təqiblər dayandırılmadığı təqdirdə sanksiyaların tətbiq olunacağına dair aydın mesajdan ibarət olmalıdır”, - deyə müəllif yazıb.
Nəşr qeyd edib ki, Cənubi Qafqazda görüləsi işlər hələ çoxdur.
“Ermənistan-Azərbaycan sülh razılaşması hələlik yalnız çərçivə xarakteri daşıyır və TRIPP layihəsinin taleyi onun icrasından asılı olacaq. Rusiya bölgədə aktuallığını qorumaq üçün manevrlər edir və Ermənistana ABŞ-dən daha yaxşı nüvə enerji tərəfdaşı olduğunu təlqin etməyə çalışır. ABŞ-nin Gürcüstana dair yeni yanaşması olmadan bu ölkə yalnız ABŞ-nin rəqibləri ilə tərəfdaşlığını dərinləşdirəcək.
Administrasiyanın növbəti addımları TRIPP layihəsini etibarlı təhlükəsizlik və maliyyə mexanizmləri ilə gücləndirmək, eyni zamanda Tbilisiyə Pekin və Moskvanın orbitindən uzaqlaşdırmaq üçün düzgün təşviq və təzyiq balansı ilə yanaşmaq olmalıdır”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az