İsrailə onlarla hərbi texnika tədarükü Hayfa Limanında qəbul edilib

2026/03/1772431523.jpg
Oxunub: 378     10:01     02 Mart 2026    
İsrail çoxlu sayda hərbi texnika və vasitənin yer aldığı yük gəmisinin həftəsonu Hayfa Limanına çatdığını və yükün boşaldıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Tədarükün İsrail Müdafiə Qüvvələrinin “Nərildəyən Aslan Əməliyyatı” çərçivəsində həyata keçirilən fəaliyyətlərinə logistik dəstək göstərmək məqsədilə reallaşdırıldığı bildirilib.

Nazirliyin açıqlamasına görə, gəmidə onlarla “Humvee”, hərbi yük avtomobili və müxtəlif hərbi avadanlıq yer alıb. Tədarükün İsrail Müdafiə Nazirliyinin ABŞ-dəki Missiyası, nazirliyə bağlı Müdafiə Təchizatı Direktorluğunun Beynəlxalq Nəqliyyat Bölməsi və İsrail Müdafiə Qüvvələrinin Planlaşdırma Direktorluğunun koordinasiyası ilə həyata keçirildiyi qeyd olunub.

Açıqlamada bildirilib ki, İsrail Müdafiə Qüvvələrinin əməliyyat ehtiyaclarının tam şəkildə təmin edilməsi çərçivəsində İsrail Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələri həftəsonu tonlarla hərbi avadanlıq, onlarla “Humvee” və yük avtomobili daşıyan yük gəmisinin qəbul və boşaltma prosesini tamamlayıb.

Logistik dəstək Hayfa üzərindən davam etdirilir

İsrailin şimaldakı əsas dəniz logistik mərkəzi mövqeyində olan Hayfa Limanına yan alan gəminin yükünün çatdıqdan qısa müddət sonra boşaldıldığı bildirilib. Sözügedən tədarükün davam edən hərbi fəaliyyətlər müddətində İsrail Müdafiə Qüvvələrinin əməliyyat qabiliyyətinin qorunmasına yönəlmiş daha genişmiqyaslı təchizat və təhvil proqramının bir hissəsi olduğu qeyd edilib.

İsrail Müdafiə Nazirliyi təchizat və nəqliyyat fəaliyyətlərinin fasiləsiz davam etdiyini vurğulayaraq bildirib ki, nazirlik və İsrail Müdafiə Qüvvələri zəruri avadanlığın təmin edilməsi və tədarükü istiqamətində işlərini davam etdirir.

130 min tonu aşan hərbi tədarük

Nazirlik müharibənin başlanğıcından etibarən həyata keçirilmiş ümumi logistik fəaliyyətlərə dair məlumatları da açıqlayıb. Buna görə İsrailə indiyədək 1.150 yük təyyarəsi və 166 gəmi çatıb. Bu tədarüklərlə birlikdə 130 min tondan artıq sursat və hərbi avadanlıq təhvil verilib.

Son həftələrdə isə 90 hava və dəniz tədarükü vasitəsilə 6.500 tondan çox hərbi materialın ölkəyə gətirildiyi bildirilib. Rəsmilər logistik fəaliyyətlərin qarşıdakı dövrdə daha da intensivləşəcəyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hərbi-texnika  


Bizi "telegram"da izləyin