Erməni ekspert: “İrana qarşı İsrail-ABŞ zərbələri həm də geoiqtisadi platformada qiymətləndirilməlidir”

2026/02/1772295795.jpg
Oxunub: 434     20:21     28 Fevral 2026    
“İsrail-ABŞ zərbələri: geoiqtisadi böyük hesablamalar. İrana qarşı İsrail-ABŞ zərbələri yalnız hərbi-təhlükəsizlik müstəvisində deyil, həm də geoiqtisadi platformada qiymətləndirilməlidir”.

Ordu.az xəbər verir ki, bunu erməni ekspert Vahe Davtyan öz məqaləsində yazıb.

Onun sözlərinə görə, bu ölçüdə əsas məsələ enerji axınlarına nəzarət və onların vasitəsilə qlobal təsirin yenidən formalaşdırılmasıdır.

“Birinci ox Hörmüz boğazıdır. Buradan dünya üzrə neft tədarükünün təxminən 20-25 faizi və mayeləşdirilmiş təbii qazın 30 faizə qədəri keçir. Bu, qlobal enerji bazarının “daralma nöqtəsi”dir. İran dəfələrlə boğazın mümkün blokadası ilə hədələyib. Əgər Vaşinqton İranda siyasi rejimin dəyişməsinə nail olaraq 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasının ratifikasiyasını təmin edərsə, hüquqi müstəvidə Tehranın gəmiçiliyə mane olmaq imkanları məhdudlaşdırıla bilər. Bu, tam şəkildə ABŞ-nin neft strategiyasına uyğun gəlir”, - deyə erməni ekspert bildirib.

Davtyan qeyd edib ki, bu kontekstdə Venesuela istiqaməti də nəzərdən keçirilməlidir.

“Vaşinqtonun Karakas ətrafında fəallığı faktiki olaraq Venesuelanın nəhəng neft ehtiyatlarını nəzarətə götürmək və ABŞ-nin əsas ixracatçı və bazar tənzimləyicisi kimi mövqelərini möhkəmləndirmək məqsədi daşıyır. Hörmüzün sabitləşdirilməsi və Venesuela resurslarına nəzarət birlikdə qlobal tədarükün idarə olunmasının yeni konfiqurasiyasını formalaşdırır.

İkinci ox Xəzər hövzəsidir. İranda yeni siyasi reallığın formalaşacağı təqdirdə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın ratifikasiyası ABŞ-nin regional maraqlarının irəlilədilməsi üçün yeni hüquqi-siyasi əsaslar yarada bilər. Bu hesablamalarda TRIPP (Zəngəzur dəhlizi-red.) mühüm yer tutur və o, daha geniş geostrateji yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Əgər ratifikasiya nəticəsində Transxəzər qaz kəmərinin tikintisi üçün ilkin şərtlər yaranarsa, ABŞ Mərkəzi Asiyada təsirini gücləndirmək, Rusiyanı cilovlamaq və Avropa İttifaqına karbohidrogen ixracının şaxələndirilməsi strategiyasına TRIPP vasitəsilə təsir göstərmək imkanı əldə edər. Layihənin nəzərdə tutulan 500 metr eni belə onun daha geniş konfiqurasiya xarakteri daşıdığını göstərir”, - deyə o vurğulayıb.

Davtyan bildirib ki, üçüncü istiqamət Çindir.

“İran Çin üçün əsas neft təchizatçılarından biridir. Bu baxımdan İrana təzyiq ABŞ-Çin geoiqtisadi qarşıdurmasının məntiqinə uyğun gəlir. Neft axınlarına nəzarət Pekinin sənaye və maliyyə sabitliyinə təsir deməkdir.

Nəhayət, dollar məsələsi. Neft bazarlarına nəzarət ABŞ-nin əsas geosiyasi aləti olan dolların möhkəmləndirilməsinin başlıca mexanizmlərindən biridir. Son beş ildə beynəlxalq əməliyyatlarda dolların payı 61 faizdən 41 faizə enib. Neft bazarlarında ABŞ mövqelərinin gücləndirilməsi bu tendensiyanı dayandıra və hətta geri çevirə bilər. Enerji axınlarının dollarlaşması maliyyə rıçaqlarının bərpası deməkdir.

İsrail zərbələri fonunda neftin qiyməti artıq təxminən 3 faiz artaraq 73 ABŞ dollarına yaxınlaşıb. Bu, bazarın ilkin reaksiyasıdır. Lakin əsas məsələ qısamüddətli qiymət dalğalanmaları deyil, xammal dəhlizlərinə və onlardan qaynaqlanan maliyyə axınlarına kimin nəzarət edəcəyidir.

Zərbələr böyük yenidənformalaşdırma cəhdi kimi qiymətləndirilməlidir. Söhbət yalnız İrandan getmir. Söhbət qlobal geoiqtisadi arxitekturanın nəzarətindən gedir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davtyan   İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin