Ordu.az xəbər verir ki, bunu “Erməni Milli Konqresi” partiyasının sədr müavini, Ermənistan Ali Sovetinin və parlamentinin sabiq deputatı Aram Manukyan deyib.
Onun sözlərinə görə, Paşinyan guya gəlirlərin vergi və rüsumlar hesabına artdığını deyərək yalan danışır.
“Əslində ilin maliyyə “anbarı” noyabr-dekabr aylarında formalaşır. Fevral ayında gəlirlərin artımını hesablamaq üçün heç bir mexanizm yoxdur. Apreldən tez hökumət belə bir hesablamanı apara bilməz, ilin ilk iki ayı büdcə ilinin ən passiv dövrüdür. Bu, həm də qanun pozuntusudur, çünki hazırda verilməsi nəzərdə tutulan vəsait büdcədə nəzərdə tutulmayıb.
Paşinyanın “Biz Azərbaycanın enerji sisteminə qoşuluruq” bəyanatı o deməkdir ki, bundan sonra qazı və elektrik enerjisini Azərbaycandan almalıyıq. Bu isə açıq şəkildə əvvəlki təchizatçılarımızdan imtina etmək deməkdir. Halbuki qaz, elektrik və neft məhsulları daxil olmaqla enerji sistemimizin 76 faizini onlardan alırıq. Biz müttəfiqimizdən üz döndəririk, əvəzində ATƏT-də ABŞ-nin səfiri bildirir ki, Ermənistan bir neçə soyuq qış keçirməyə hazır olmalıdır”, - deyə erməni siyasətçi qeyd edib.
O bildirib ki, Ermənistan daxildən dağıdılır.
“İndi Ermənistan hakimiyyətinə uduzuruq. Onlar ölkəni daxildən sarsıdır, dağıdırlar. Təhsil sistemini məhv edirlər, 230 kənd məktəbi bağlanır, yəni faktiki olaraq bu qədər kənd bağlanır. Burada İlham Əliyev günahkar deyil, Ermənistan təhsil sisteminin gələcəyini, mənəvi sahəni, diasporun dəstəyini məhv etməklə daxildən uduzur. Beynəlxalq qurumlarla iş, şikayət müraciətləri, Minsk qrupu, mədəniyyətin və abidələrin qorunması… biz özümüzü bütün bunlardan məhrum etmişik”, - deyə Manukyan bildirib.
Erməni müxalif siyasətçinin fikrincə, yalnız xəyanətkar orduyu zəiflədə bilər: “Biz müharibəöncəsi vəziyyətdə olduğumuz halda ordu və hərbi büdcə azaldılır. Nikol hakimiyyətdə olduğu müddətdə sülh müqaviləsi yoxdur və olmayacaq. Nə amerikalılar, nə avropalılar, nə də ruslar ölkəmizin dağıdılmasında bu hakimiyyət qədər günahkar deyil. Problemləri həll etmək əvəzinə, onlar yalnız daxildə cəmiyyəti qara və ağa bölməklə, mövcud sistemləri dağıtmaqla, insanları apatiyaya sürükləməklə və təhlükəsizlik təbəqələrimizi məhv etməklə məşğuldurlar”.
Manukyan bildirib ki, iqtidarın əsas vəzifəsi ölkənin təhlükəsizliyini təmin etməkdir və buna həm enerji, həm kommunikasiya, həm də diplomatiya daxildir.
“Lakin passiv kütlə aktiv kütləyə qalib gəlir, Ermənistanın problemi budur. Seçki məntəqələrinə getməyən 60 faiz passiv seçici Nikol Paşinyana öz 10-15 faizi ilə çoxluq formalaşdırmaq imkanı verəcək. Cəmiyyətin aktivləşməsi, bu passiv vəziyyətdən çıxması Nikol Paşinyanın siyasi məhvinin yeganə yoludur”, - deyə Manukyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az