Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev “Vpoanalytics.com” nəşrində dərc edilən “Qafqazda ABŞ-nin fəallaşması fonunda Türkiyə və Ermənistan birbaşa ticarət barədə razılığa gəlir” başlıqlı məqaləsində bildirib.
Onun sözlərinə görə, qərar Ankaranın İrəvanla münasibətlərin normallaşdırılması istiqamətində səylərini gücləndirməsi fonunda mümkün olub.
“Bu proses ABŞ-nin təqdimatı ilə Cənubi Qafqazda daha geniş “sülhyaratma” təşəbbüsləri çərçivəsində həyata keçirilir.
Müsbət informasiya mühiti formalaşır. Belə ki, Türkiyənin “Habervesaire” saytının jurnalisti Bahri Akın Qarsa və ətraf rayonlara səfər edərək, Türkiyə-Ermənistan sərhədinə yaxın ərazilərdə yaşayan sakinlərin (onların bir çoxu azərbaycanlılardır) sərhədin mümkün açılmasına münasibətini öyrənib. Yerli sakinlər Ermənistanla sərhədin açılmasını səbirsizliklə gözlədiklərini, maddi vəziyyətlərinin yaxşılaşmasını bununla əlaqələndirdiklərini bildiriblər. Onların fikrincə, sərhəd açılarsa, şəhərdə turizm bumu başlayacaq, əmtəə dövriyyəsi artacaq və miqrasiya dayanacaq.
2022-ci ildə Ankara və İrəvan münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlara başlayıblar. Məqsəd 1993-cü ilin yazında Qarabağda erməni qüvvələrinin “uğurları” fonunda bağlanmış sərhədin açılması və nəticə etibarilə rəsmi diplomatik əlaqələrin qurulması olub. Sentyabr ayında Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç və onun erməni həmkarı, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan münasibətlərin normallaşdırılması məsələləri üzrə altıncı görüşlərini keçiriblər”, - deyə Areşev qeyd edib.
Areşev bildirib ki, danışıqlardan sonra Kılıç Türkiyənin Ticarət və Sənaye Palataları və Əmtəə Birjaları Birliyi (TOBB) rəhbəri Rifat Hisarcıklıoğlu ilə görüşərək noyabrda bağlanmış yeni sazişin texniki aspektlərini müzakirə edib.
“Mənbənin “Al-Monitor”a verdiyi məlumata görə, qərar bir müddət əvvəl qəbul olunub və hazırda texniki işlər aparılır. Türk-Erməni Biznesin İnkişafı Şurasının icraçı vitse-prezidenti Noyan Soyak bildirib ki, “qərar artıq qəbul edilib və hazırda texniki proseslər davam edir”.
İndiyədək Ermənistan-Türkiyə quru ticarəti Gürcüstan vasitəçiləri üzərindən kvazi-ixrac sxemi ilə həyata keçirilirdi. Ermənistana gedən türk malları Gürcüstan sərhədini keçərkən rəsmi şəkildə ayrıca ixrac məhsulu kimi yenidən təsnif edilirdi. Yeni qaydalara əsasən, Gürcüstan ərazisi ilə tranzit olunan yüklər artıq təkrar ixrac sayılmayacaq və ilkin ixrac statusunu qoruyacaq. Bu, gürcü vasitəçi şirkətlərin cəlb olunmasına ehtiyacı aradan qaldıracaq və quru sərhəd açılmadan birbaşa ikitərəfli ticarətə imkan verəcək.
Mənbənin sözlərinə görə, Gürcüstan ərazisi ilə quru ticarəti artıq mümkündür, lakin şirkətlər mövcud mexanizmləri uyğunlaşdırmaq üçün vaxta ehtiyac duyacaqlar.
2022-ci ildə tərəflər münasibətlərin normallaşdırılması istiqamətində əvvəlki addımlar çərçivəsində hava yükdaşımaları üzrə birbaşa ticarəti artıq təsdiqləmişdilər”, - deyə o qeyd edib.
Areşev vurğulayıb ki, Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 336 milyon dolları ötüb, tədarükün təxminən 40 faizi Gürcüstan ərazisi ilə quru yolu ilə həyata keçirilib.
“Biznes dairələrinin qiymətləndirməsinə görə, 2025-ci ildə ticarət həcmi 400 milyon dollara çata bilər. Bu isə birbaşa tranzitə keçidin türk tacirləri üçün xüsusilə sərfəli olduğunu göstərir.
Türkiyədən Ermənistana əsas ixrac məhsulları maşınlar və mexaniki avadanlıqlar, dəmir və poladdan hazırlanmış məmulatlar, digər sənaye məhsulları və tekstildir. 2025-ci ilin rəsmi məlumatları hələ açıqlanmayıb, lakin Soyak ümumi ticarət dövriyyəsinin təxminən 400 milyon dollar olduğunu qiymətləndirir. Gözlənilir ki, təkrar ixrac mexanizminin ləğvi türk şirkətlərinin xərclərini əlavə 10-15 faiz azaldacaq və “bu addım sayəsində Ermənistandan Türkiyəyə ixrac da artacaq”.
Erməni tacirlər əvvəllər də Gürcüstan vasitəsilə Türkiyəyə mal göndərə bilirdilər, lakin quru gömrük məntəqələrində erməni malları ilə bağlı qeyri-müəyyənlik prosedurları çətinləşdirir və bəzən yüklərin itirilməsinə səbəb olurdu”, - deyə o bildirib.
Rusiyalı politoloq qeyd edib ki, birbaşa quru marşrutu 2020-2023-cü illərdə Qarabağ ətrafında baş verən hadisələrdən sonra münasibətlərin normallaşdırılması prosesində növbəti addım kimi qiymətləndirilir.
“Yanvarda Türkiyənin Xarici İşlər Nazirliyi Ankara və İrəvanın diplomatik, xidməti və xüsusi pasport sahibləri, eləcə də hazırkı və keçmiş dövlət qulluqçuları üçün viza prosedurlarının sadələşdirilməsi barədə razılığa gəldiyini açıqlayıb. 2026-cı ilin yanvarından etibarən bu kateqoriyaya aid şəxslər pulsuz elektron viza alırlar və bununla da uzun illər davam edən bürokratik maneə aradan qalxır.
2025-ci ilin dekabrında Kılıç martın 11-dən “Turkish Airlines” aviaşirkətinin İstanbul-İrəvan-İstanbul marşrutu üzrə gündəlik reyslərə başlayacağını da elan edib. Soyakın sözlərinə görə, bu, hazırkı mərhələdə “ən mühüm praktiki addımlardan biridir”.
Danışıqların əvvəlki mərhələlərində üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün quru sərhədin açılması barədə razılıq əldə edilsə də, iki tərəfin texniki hazırlığı səbəbindən bunun icrası hələlik təxirə salınır. 2023-cü ildə başlanan Alican-Marqara nəzarət-keçid məntəqəsinin tikintisi təxminən 90 faiz tamamlanıb.
Münasibətlərin normallaşdırılması istiqamətində fəallaşma iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində daha da güclənib. Ankara Baş nazir Nikol Paşinyanı Cənubi Qafqazda, həm Bakı ilə İrəvan, həm də Ankara ilə İrəvan arasında sülh nizamlanması dinamikasının qorunması baxımından əsas ümid kimi qiymətləndirir. Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarda bildirib: “Biz cənab Paşinyanın regional sülhün əldə olunmasında oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik və bu siyasi iradə qorunmalıdır”, - deyə Areşev qeyd edib.
O yazıb ki, Ankara ilə İrəvan arasında normallaşma prosesinin aktivləşməsi Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində Ağ Evin səylərinin artması fonunda baş verir.
“Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə keçid yalnız Azərbaycan və Ermənistanın Vaşinqtonda avqust ayında Donald Trampın təşkil etdiyi sülh sammitində birbaşa ticarət əlaqələri qurmaq barədə razılığa gəlməsindən sonra mümkün olub.
Sülh üzrə Nobel mükafatına iddialı olan ABŞ prezidenti özünü çətin görünən münaqişələri həll etməyə qadir “sülh qurucusu” kimi təqdim edir.
Fevralın 9-11-də ABŞ-nin vitse-prezidenti Vens Ermənistan və Azərbaycana səfər edərək iki uzunmüddətli rəqib arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində səyləri müzakirə edib. Ehtimal olunur və geniş müzakirə olunur ki, söhbət Azərbaycanın əsas hissəsi, Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında Ermənistanın Zəngəzur vilayəti vasitəsilə nəqliyyat dəhlizi sayılan “Tramp yolu”ndan (Zəngəzur dəhlizi-red.) gedir.
Belə dəhliz ideyası ilkin olaraq “Qobl planı”ndan və daha əvvəlki konsepsiyalardan qaynaqlanır və Xəzər dənizi ilə Mərkəzi Asiyada “Yüksək Porta”nın varislərinin ekspansionist planlarının geniş kontekstində Türkiyə kəşfiyyat dairələri tərəfindən işlənib hazırlanıb”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az