Erməni siyasi texnoloq: “Bu, birmənalı şəkildə Aİ-nin Ermənistanın daxili həyatına müdaxiləsidir”

2026/02/1772252818.jpg
Oxunub: 399     20:15     15 Mart 2026    
“Qarşıdan gələn seçkilərdə iştirak edən siyasi qüvvələr hakim qüvvə olan “Vətəndaş Müqaviləsi”ni məğlub etmək istəyirlərsə, bunu seçkilərdən əvvəl etməlidirlər”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi texnoloq Armen Badalyan deyib.

Onun sözlərinə görə, əks halda, Aİ-nin müdaxiləsi ilə Ermənistanda Moldova ssenarisi işə düşə bilər.

“Təsadüfi deyil ki, Aİ seçkilər ərəfəsində Ermənistana “çevik reaksiya qrupu” göndərməlidir. Unutmamalıyıq ki, Aİ Ermənistana təkcə 20 nəfərlik həmin qrupu göndərmir, eyni zamanda 15 milyon avro ayıracaq. Bu, rəsmi məlumatdır, amma qeyri-rəsmi olaraq daha çox vəsait də ayrıla bilər, çünki Ermənistana gələcək həmin 20 nəfərin xərcləri qarşılanmalıdır. Diqqət yetirmisinizsə, Kaya Kallas da bildirmişdi ki, gələcəkdə burada daha böyük nümayəndə heyəti olacaq”, - deyə Badalyan qeyd edib.

Badalyan bildirib ki, Aİ-dən Ermənistana göndəriləcək qrupun nə edəcəyi aydındır, ilk növbədə Ermənistanın media məkanını izləyəcəklər və Aİ tərəfindən müəyyən edilmiş əsas xəttdən hər hansı formada kənara çıxan media qurumlarına qarşı müəyyən tədbirlər görülə bilər.

“Yadda saxlayın ki, iyunun 7-si “Vətəndaş Müqaviləsi” ilə digər siyasi qüvvələr arasında seçim deyil, elə bir tədbirdir ki, burada Aİ Rumıniya və Moldovada etdiyi kimi hər vasitə ilə “Vətəndaş Müqaviləsi”ni hakimiyyətdə saxlamağa çalışacaq”, - deyə o qeyd edib.

Erməni siyasi texnoloqun fikrincə, qarşıdan gələn seçkilərdə Aİ, Böyük Britaniya və Türkiyə, yəni maraqları burada üst-üstə düşən tərəflər mübarizə aparacaq və son 8 ildə Ermənistanda etdikləri siyasi və maliyyə yatırımlarının sıfırlanmaması üçün hər şeyi edəcəklər.

Bu kontekstdə Badalyan xatırladıb ki, Türkiyənin xarici işlər naziri və ABŞ-nin vitse-prezidenti qarşıdakı seçkilərdə “Vətəndaş Müqaviləsi”nə açıq dəstək ifadə etmişdilər.

“Bu, birmənalı şəkildə Aİ-nin Ermənistanın daxili həyatına müdaxiləsidir. Yeri gəlmişkən, Moldova ssenarisi dedikdə istənilən vasitə ilə, qeyri-ədalətli texnologiyaların tətbiqi yolu ilə hakim qüvvənin yenidən istehsalı nəzərdə tutulur.

Ermənistanda məhkəmə sisteminin tam şəkildə icra hakimiyyətindən asılı olduğunu nəzərə alsaq, xüsusilə Mərkəzi Seçki Komissiyası məsələsində seçkilərlə bağlı məhkəmədən arzu olunan sənədi ala bilərlər. Ona görə deyirəm ki, əgər “Vətəndaş Müqaviləsi”ni məğlub etmək istəyirlərsə, bunu iyunun 7-dək etməlidirlər. Əgər hakimiyyət o vaxta qədər qalarsa, qeyd etdiyim ssenari ilə yenidən seçiləcək”, - deyə o qeyd edib.

Badalyan əmindir ki, Ermənistanda Moldova ssenarisi tətbiq olunarsa, xalqın heç bir səsi məqsədinə çatmayacaq.

“Bir çoxları vətəndaşları seçkilərə getməyə və istədiklərinə səs verməyə çağırır, lakin bu, tam doğru yanaşma deyil, çünki layiqli siyasi qüvvə seçilməlidir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Badalyan   Ermənistan  


Bizi "telegram"da izləyin