Məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsselə ünvanladığı məktubda fevralın 13-də İrəvana çevik reaksiya qrupunun göndərilməsi xahiş edilib. Qeyd edək ki, Avropa İttifaqı ötən il Moldovada parlament seçkiləri zamanı sosial şəbəkələrdə Rusiyadan yayılan dezinformasiyanın erkən aşkarlanması və qarşısının alınması üçün Kişinyova oxşar, təxminən 20 nəfərlik qrup göndərmişdi.
Ordu.az-ın məlumatına görə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) nəzdindəki Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Nikolay Silayev bildirib ki, bu, şübhəsiz, Ermənistanın daxili işlərinə müdaxilədir.
Onun sözlərinə görə, Moldovadakı seçkiləri nümunə gətirmələri açıq şəkildə seçkilərə müdaxilə etmək və onları saxtalaşdırmaq niyyətinin etirafıdır.
“Kaya Kallas tutduğu vəzifədə ən uğursuz diplomatlarından biridir, qeyri-peşəkardır. Bu açıqlama onun yarıtmazlığının daha bir göstəricisidir”, - deyə Silayev qeyd edib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında paylaşdığı videoda Ermənistana da toxunaraq deyib: “Ermənistanda seçkilər keçiriləcək, necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan bizdən Moldovaya göstərdiyimiz kimi, xarici zərərli təsirlərə qarşı mübarizə üçün yardım istəyib”.
Silayev bildirib ki, Aİ Ermənistana Moldovadakı kimi “kömək” edəcəyini deyəndə, faktiki olaraq seçkiləri saxtalaşdırmağa hazır olduqlarını etiraf edir.
ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri və səfər zamanı Nikol Paşinyana dəstək ifadə etməsinə toxunan Silayev deyib ki, bu, ABŞ-nin ənənəvi yanaşmasına uyğundur: onlar başqa ölkələrin seçkilərinə müdaxilə etmək hüququna malik olduqlarını düşünürlər, amma heç kim onların seçkilərinə qarışa bilməz.
Onun fikrincə, əgər Ermənistan rəhbərliyi buna razıdırsa, deməli, seçkilərin “keçid həyəti”nə çevrilməsinə də razıdır və belə görünür ki, bunun ölkənin suverenliyinə zərər vurmadığını hesab edir.
Silayev qeyd edib ki, Moldovada olduğu kimi, hakim partiyanın tərəfdarlarının səs verməsi üçün hər cür şərait yaradılacaq, rəqibləri üçün isə yox.
Onun sözlərinə görə, Rusiyanın ünvanına “hibrid təhdidlər” barədə danışmaq isə sadəcə absurddur: “Rusiya heç vaxt Ermənistana hədə-qorxu gəlməyib və gəlməyəcək”.
Alpər Mövludoğlu
Ordu.az