Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Səfərin ikinci günü Ermənistan Baş naziri Nikol Paşinyan ilə Polşa Respublikasının Baş naziri Donald Tuskun görüşü ilə başlayıb. Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib, daha sonra iki ölkə rəhbərlərinin təkbətək görüşü baş tutub.
Donald Tusk Ermənistan Baş nazirinin rəsmi səfərini alqışlayaraq bildirib ki, bu səfər ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə inkişafına yeni təkan verəcək. Polşanın Baş naziri Ermənistanla əməkdaşlığın, xüsusilə iqtisadiyyat, infrastruktur, təhlükəsizlik, təhsil, elm və digər sahələrdə genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Polşa hökumətinin Ermənistanla qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi və dərinləşdirilməsində, o cümlədən Avropa İttifaqının üzv dövləti kimi maraqlı olduğunu qeyd edib.
Nikol Paşinyan səmimi qonaqpərvərliyə görə təşəkkür edərək Polşa ilə çoxtərəfli əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyətini vurğulayıb. O, Ermənistanda institusional islahatların həyata keçirilməsində Polşanın göstərdiyi dəstəyi yüksək qiymətləndirib və bunun davamlı olacağına ümid etdiyini bildirib. Ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi kontekstində Nikol Paşinyan iqtisadi əməkdaşlığın təşviqini vacib sayıb. Ermənistan Baş naziri, həmçinin Polşanın Ermənistan-Avropa İttifaqı əməkdaşlığının dərinləşdirilməsi prosesində rolunu qeyd edib.
Həmsöhbətlər birgə proqramların həyata keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olunması prosesi, TRIPP (Zəngəzur dəhlizi-red.) təşəbbüsünün icra vəziyyəti, eləcə də Ermənistan-Avropa İttifaqı qarşılıqlı fəaliyyətinin gələcək inkişafı ilə bağlı mövzulara da toxunulub.
Alpər Mövludoğlu
Ordu.az