Erməni nazir müavini: “Aİ-nin hibrid müharibə məsələsində bizimlə əməkdaşlıq etməsində pis heç nə yoxdur”

2026/02/dsfd4-1772114376.jpg
Oxunub: 453     17:58     26 Fevral 2026    
Ermənistan ədliyyə nazirinin müavini Tiqran Dadunts hesab edir ki, parlament seçkilərindən əvvəl Aİ tərəfindən qrup göndərilməsi ölkənin daxili işlərinə müdaxilə deyil.

Ordu.az xəbər verir ki, Dadunts bu barədə bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində bildirib.

“Burada müdaxilədən söhbət getmir, söhbət dəstəkdən gedir və bu, texniki, ekspert və hüquqi dəstəkdir. Aİ tərəfdaşları öz ən yaxşı təcrübələrini bizimlə bölüşmək istəyirlər, biz də həmin təcrübəni qəbul etməyə hazırıq. Mən burada heç bir pis və ya problemli məqam görmürəm”, - deyə o bildirib.

Dadunts Aİ-nin bu dəstəyinin Rusiyaya qarşı yönəldiyi fikri ilə razı deyil. Onun sözlərinə görə, göndərilən qrup əsasən seçkiləri təşkil edən Mərkəzi Seçki Komissiyasına dəstək göstərəcək.

“Qanuna zidd təşviqat formaları, qanunla qadağan edilmiş müəyyən ianələr var. Əgər biz bu hallara qarşı mübarizə aparmaq üçün ekspert dəstəyi alırıqsa, bu, vətəndaşlarımızın maraqlarına uyğundur, çünki onların səsi təmin olunur. Texnoloji alətlər və vasitələr o qədər inkişaf edib ki, müxtəlif üsullarla müdaxilə və qeyri-qanuni fəaliyyət həyata keçirmək mümkündür və biz bunu hətta hiss etməyə bilərik. Amma bu sahədə təcrübəsi və biliyi olan, bizə məsləhət verməyə hazır insanlar var”, - deyə Dadunts bildirib.

Jurnalistin “Məsələn, sizə hansısa qüvvəni qeydiyyata almamağı tövsiyə edə bilərlərmi, çünki həmin qüvvə Ermənistan-Rusiya münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarıdır?” sualına o, mənfi cavab verib: “Təbii ki, yox, onların belə səlahiyyəti yoxdur. Hətta belə bir tövsiyə olsa belə, qeydiyyat qanuna uyğun həyata keçirilir. Namizəd və ya partiya qanuna uyğundursa, heç kim onu qeydiyyata almamaq imkanına malik deyil.

Biz formalaşmış demokratik sistemə malik ölkələrin, Aİ-nin bu yolda bizə dəstək göstərməyə hazır olmasına sevinməliyik. Çünki biz də demokratik inkişaf yolundayıq və onların təcrübəsi bizim üçün çox vacibdir”.

Daha əvvəl Ermənistan KİV-ləri yazmışdı ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-dən seçkilərdən əvvəl “hibrid çevik reaksiya” qrupu göndərilməsini xahiş edib və 2026-cı il fevralın 13-də Brüsselə məktub ünvanlayıb. Aİ-nin bu sahədə təcrübəsi var: ötən il təxminən 20 nəfərlik qrup Kişinyova göndərilmişdi ki, parlament seçkiləri zamanı Moldova hakimiyyətinə Rusiyadan yayılan dezinformasiyanın aşkar edilməsi və ona qarşı mübarizədə dəstək versin.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. 2025-ci ilin dekabrında Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bəyan etmişdi ki, Aİ Ermənistana bir sıra proqramların icrası üçün 15 milyon avro ayıracaq. Bu proqramlara minalardan təmizləmə işləri, eləcə də hibrid hücumlara qarşı mübarizə çərçivəsində dəstək daxildir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dadunts  


Bizi "telegram"da izləyin