Ordu.az xəbər verir ki, bu barədə İrəvanda Qorçakov Fondu tərəfindən təşkil edilmiş “Avrasiya dialoqu-Ermənistan” beynəlxalq analitik proqramının təqdimatı zamanı erməni politoloq Aleksandr İskandaryan bildirib.
Erməni ekspertin sözlərinə görə, belə düşünənlər təkcə Ermənistanda və ya məsələn, Baltikyanı ölkələrdə və Ukraynada deyil, bütövlükdə postsovet məkanında, o cümlədən Rusiyanın özündə də var. “Baş verənlərin ümumilikdə qanunauyğunluq olduğu barədə tezis mövcuddur. Bu cür yanaşmanı yalnız Ermənistanda deyil, digər yerlərdə də görmək mümkündür”, - deyə İskandaryan bildirib.
O vurğulayıb ki, hazırda Ermənistanda baş verənlər 2020-2024-cü illərin nəticəsidir: “Düşünürəm ki, həmin illərin hər biri əvvəlki il olmadan mümkün olmazdı. Burada həm 2020-ci il müharibəsində ermənilərin sarsıdıcı məğlubiyyəti, həm Rusiya-Ukrayna müharibəsinin başlanması, həm də postsovet məkanında vəziyyətin dəyişməsi nəzərdə tutulur”.
İskandaryan Qarabağdakı hadisələrə xüsusi diqqət yetirib. Onun sözlərinə görə, Qarabağın itirilməsi faktiki olaraq Rusiyanı həm Ermənistan, həm də Azərbaycan üzərində təsir imkanından məhrum edib. İskandaryan bunu “siam əkizləri” ilə müqayisə edib.
İskandaryan hesab edir ki, Moskvadan bir telefon zəngi ilə Cənubi Qafqazda hərbi əməliyyatların aktiv mərhələsini dayandırmaq mümkün olan dövrlər geridə qalıb. İndi vəziyyət fərqlidir. O, faktiki olaraq mövcud reallıqların nəzərə alınmasına və Ermənistanın siyasi rəhbərliyinin bəzi addımlarına anlayışla yanaşılmasına çağırıb.
“2022-ci ildə Ermənistan Rusiya Federasiyasından silah əldə etmək imkanından məhrum olub. Risklər əvvəlki kimi ciddidir. Çubuqlarla döyüşmək o qədər də alınmır”, - deyə erməni ekspert bildirib.
Bu səbəbdən o, Rusiyaya ikitərəfli əməkdaşlığın digər mümkün sahələrinə, məsələn, mədəni və iqtisadi komponentlərə diqqət yetirməyi təklif edib.
Alpər Mövludoğlu
Ordu.az