Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
“Onlar görməməzliyə vururlar və elə düşünürlər ki, başqaları da görmür. Bu yaxınlarda “Transparency International” 2025-ci il üzrə Korrupsiyanın Qavranılması İndeksinin nəticələrini dərc etdi. Həmin nəticələrə görə, Ermənistanın korrupsiyanın qavranılması indeksi əvvəlki illə müqayisədə 1 bal azalaraq 46 bala düşüb. Bu isə o deməkdir ki, ötən ilin nəticələrinə görə Ermənistan geriləmə qeydə alıb, başqa sözlə, korrupsiya dərinləşib.
Əvvəlki iki ildə də hakimiyyətin korrupsiyaya qarşı “inadkar” mübarizəsi nəticəsiz qalmışdı. Heç bir ciddi irəliləyiş qeydə alınmamışdı. Ermənistan korrupsiyanın qavranılması indeksində eyni mövqedə qalmaqda davam etmişdi.
İki illik uğursuz mübarizədən sonra ötən il korrupsiyanın dərinləşməsi qeydə alındı. Ermənistanda baş verənləri həm ümumi korrupsiya, həm də siyasi korrupsiya baxımından nəzərə alsaq, bu, təsadüfi deyil”, - deyə nəşr qeyd edib.
KİV vurğulayıb ki, siyasi korrupsiyanın klassik nümunələrindən biri dövlət büdcəsi hesabına, üstəlik, qarşıdan gələn seçkilər ərəfəsində milyardlarla məbləğdə mükafatların paylanmasıdır.
“Əvvəllər də mükafatlar verilib, amma ötən ilin sonunda parlament seçkiləri ərəfəsində edilənlər hər şeyi aşdı. Dövlət sistemində kütləvi şəkildə mükafatlar, yüksək vəzifəli şəxslərə hətta 15-20 min dollar məbləğində pullar paylandı.
“Bu il seçki ilidir və bu qədər mükafat ödənilirsə, bu artıq siyasi korrupsiyadır. Çünki ödəniş edilən şəxslər parlament seçkiləri zamanı onlara səs verməli, həmçinin başqalarını da “Vətəndaş Müqaviləsi” Partiyasının lehinə səs verməyə razı salmalıdırlar. Bu mənada bu, siyasi korrupsiyadır.
Yəni, pullar veriləndə gözlənti olur. Gözəl gözlərinə və ya sadəcə icraçılığa görə bu qədər pul verilməzdi”, - deyə “Transparency International”ın antikorrupsiya proqramlarının rəhbəri Varujan Hoktanyan ilin sonunda hakimiyyət tərəfindən paylanan mükafatlarla bağlı bildirib.
Siyasi korrupsiya korrupsiyanın klassik təzahürlərindən biridir. Amma bu, təkcə mükafatların verilməsi ilə məhdudlaşmır”, - deyə məqalədə vurğulanıb.
Nəşr qeyd edib ki, siyasi korrupsiyanın başqa bir klassik nümunəsi də “mən sənə, sən mənə” prinsipi ilə vəsaitlərin hakim partiyanın xəzinəsinə yönəldilməsidir.
“Hakimiyyət təsərrüfat subyektlərini gömrük rüsumlarından azad edir, vergi güzəştləri verir, onlar isə siyasi hakimiyyətə ödəniş edirlər. Bu ödənişlər həm hakim siyasi partiyaya, həm də Nikol Paşinyanın həyat yoldaşının fonduna edilir.
Bu yolla milyonlarla dram toplanır. Əgər “Vətəndaş Müqaviləsi” hakimiyyətdə olmasaydı və Nikol Paşinyan Baş nazir olmasaydı, bəzən on milyonlarla drama çatan bu ianələr partiyaya və ya “Mənim Addımım” fonduna edilərdimi? Ötən il “Mənim Addımım” fondu müxtəlif iş adamlarından 10-20 milyon dram həcmində ianələr alıb. Donorların sayı çoxdur, ianə məbləğləri isə müxtəlifdir.
Hamısı, yəqin ki, Baş nazirin həyat yoldaşının fonduna “təmannasız” ianə edib. Bu da ilk hal deyil ki, iş adamları hakimiyyətlə əlaqəli fonda ödəniş edirlər. İllərdir bu cür davam edir”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, iş adamları Nikol Paşinyanın həyat yoldaşı ilə xeyriyyə naharında iştirak etmək üçün də könüllü şəkildə milyonlarla dram ödəyirlər.
“Bu, onların işidir, ödəyirlər. Sual ondadır ki, Nikol Paşinyan Baş nazir olmasaydı, onlardan neçəsi bu cür səxavət göstərərdi?
Burada siyasi korrupsiya varmı, yoxmu?
Siyasi korrupsiyanın təzahürü deyilmi ki, hakimiyyət nümayəndələri müxtəlif şirkətlərdən bazar qiymətindən aşağı qiymətlərlə mənzillər alırlar? Bəzən elə qiymətlərlə alırlar ki, ipoteka üçün müəyyən edilmiş maksimal hədlərə sığsınlar və dövlətin verdiyi gəlir vergisinin geri qaytarılması güzəştindən yararlansınlar.
Korrupsiyanın təzahürləri, şübhəsiz ki, müxtəlifdir. Bunlardan biri də milyardlarla dramlıq dövlət satınalmalarıdır, xüsusilə də bir mənbədən edilənlərdir. Burada qaliblər daim eyni şirkətlər olur və çox “təsadüfən” bu şirkətlər hakimiyyətlə və ya dövlət məmurları ilə əlaqəlidir. Niyə məhz onların həmişə bu tenderləri qazandığını anlamaq çətin deyil.
Dövlət vəsaiti hesabına həyata keçirilən satınalmalar sahəsində çoxqatlı korrupsiya riskləri gizlənir, amma bu illər ərzində belə bir işin üstü açılmayıb.
Son vaxtlar dövlət qurumlarında, yüksək vəzifəli məmurlar tərəfindən korrupsiya halları daha tez-tez müşahidə olunur. Xüsusilə Dövlət Gəlirləri Komitəsində son dövrlərdə bir neçə belə hal qeydə alınıb. Amma maraqlı olan odur ki, bu hallar ictimai rezonans doğurmasaydı və media vasitəsilə məlum olmasaydı, nə dərəcədə ictimailəşdiriləcəkdi?
Belə neçə-neçə hadisə var ki, kölgədə qalır, ört-basdır edilir.
Hakimiyyət tərəfindən törədilən korrupsiya hallarının hər zaman ifşa olunmaması onların olmadığı anlamına gəlmir. Hakimiyyətlə bağlı açıq-aşkar korrupsiya faktları belə sonadək çatdırılmır, qalsın ki, açıqlanmayanlar. Elə ANİF məsələsi bunun parlaq nümunəsidir. İki ildən artıqdır ki, bu fondda baş verən korrupsiya hallarından, on milyonlarla dolların israfı və sui-istifadəsindən danışılır, amma buna görə heç kim məsuliyyət daşımır. Fondun keçmiş prezidenti isə rahat şəkildə İrəvan meri kreslosunda əyləşib və indi də müxtəlif tədbirlər adı altında şəhər büdcəsinin vəsaitlərini sağa-sola xərcləyir.
Korrupsiyaya qarşı “mübarizə” belə aparılır. Özlərinin və ətraflarının korrupsiyasını kənara qoyub, keçmişlərin korrupsiyasından danışırlar. Korrupsiyaya qarşı “mübarizə”nin nəticəsidir ki, beynəlxalq nüfuzlu təşkilat Ermənistanda korrupsiyanın dərinləşdiyini qeydə alıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az