Ermənistan KİV-i: Fransa Azərbaycana ASTER, VL MICA və “Rafale” satırdı? Bəs Paris silah embarqosunu ləğv edib?

2026/02/1771836762.jpg
Oxunub: 1015     16:41     23 Fevral 2026    
Bu yaxınlarda “France 24”ə verdiyi müsahibədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Bilirsiniz, Fransa ilə problemlərin kökü bizdən gəlmir. İkinci Qarabağ müharibəsindən əvvəl Fransa ilə çox yaxşı münasibətlərimiz var idi. Prezident Sarkozinin, Prezident Ollandın səfərləri olmuş, mənim Fransaya rəsmi səfərlərim həyata keçirilmişdir. Eyni zamanda, mən Prezident Makronun hakimiyyəti dövründə Fransaya səfər etmişəm. Bizim çox mehriban münasibətlərimiz olub, çox biznes fəaliyyəti aparılıb, 10-dan artıq qardaşlaşmış şəhərlərimiz olub. İkinci Qarabağ müharibəsi başlayan zaman biz ərazi bütövlüyümüzün bərpasına start verdik. Əfsuslar olsun ki, Fransanın mövqeyi heç cür anlaşılan deyildi. Çünki Fransa bir tərəfdən, ölkələrin ərazi bütövlüyünü müdafiə edir, - o, öz ərazi bütövlüyünü müdafiə etməyə səy göstərir, hazırda Danimarkanın, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, - lakin əfsuslar olsun ki, onlar separatçıların tərəfini tutdular. Milli Assambleya və Senat separatçılara dəstək məqsədilə 10-dan artıq qətnamə qəbul edib və Ermənistanın özü tanımasa belə, sizin parlament hətta qondarma “Dağlıq Qarabağ”ı tanıyıb. Həmçinin hökumətlə münasibətlər gərgin idi. Lakin bir daha deyirəm, biz həmin gərginliyin mənbəyi olmamışıq. Biz, sadəcə öz suverenliyimizə hörmətlə yanaşmanı istəyirdik”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

“Qeyd edək ki, 2024-cü ildə “168.am” yazmışdı ki, Fransa ilə Azərbaycan arasında həmin dövrdə mövcud olan gərgin münasibətlər biznes maraqlarına təsir göstərmir, Fransanın “Total Energies” şirkəti Azərbaycandakı fəaliyyətini davam etdirir. Artıq 2025-ci ildə məlum olmuşdu ki, Azərbaycan Fransa ilə yeni iqtisadi meqalayihəyə başlayır: “Total Energies” ilə birlikdə Abşeron yatağında yeni qaz emalı sistemi inşa olunur.

Müharibədən əvvəlki dövrdə Azərbaycan-Fransa münasibətlərinə, xüsusilə müdafiə sahəsində əməkdaşlığa qayıdaraq qeyd edək ki, 2018-ci ildə Azərbaycan mənbələri Paris tərəfindən Azərbaycana silah tədarükü ilə bağlı embarqonun ləğv edildiyi barədə məlumat yaymışdı. Fransa tərəfi isə bunu təkzib etməyə çalışmışdı.

Eyni zamanda fransız rəsmiləri erməni tərəfini əmin edirdilər ki, Fransa beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə hörmət edir və Qarabağda istifadə oluna biləcək silah və ya sursat tədarük etmir”, - deyə nəşr bildirib.

KİV iddia edib ki, lakin 2018-ci ildə Azərbaycan mediası daha konkret məlumatlar yaymaqda davam edirdi.

“Məsələn, Azərbaycanın Fransadan ASTER 30 SAMP/T, “VL Mica” hava hücumundan müdafiə sistemləri almağa hazırlaşdığı, bu sistemlərin kifayət qədər etibarlı olduğu və Azərbaycanın hava məkanını qorumağa imkan verəcəyi bildirilirdi.


2019-cu ildə Parisdə keçirilən “Paris Air Show-2019” çərçivəsində Azərbaycan tərəfi Fransanın “Nexter”, “Thales”, “CS Communication”, “Lacroix” şirkətləri ilə görüşlər keçirmişdi.

Həmin dövrdə təkcə Azərbaycanın Fransadan hava hücumundan müdafiə sistemləri və “Dassault Rafale” çoxməqsədli qırıcıları almaq niyyəti barədə deyil, həm də Fransa-Azərbaycan hərbi-sənaye birgə proqramları barədə danışılırdı. Bu siyahını davam etdirmək olar. Hələ peyklərin tədarükü ilə bağlı Fransa-Azərbaycan razılaşmalarına toxunmuruq”, - müəllif qeyd edib.

Nəşr bildirib ki, bu informasiya axını fonunda Ermənistan Xarici İşlər Nazirliyi həm Fransanın rəsmi təminatlarına inanır, həm də xəbərdarlıqlar edirdi.

“Bu məsələ daim gündəmimizdə olacaq. Biz bütün tərəfdaşlarımızı regionda silahlanma yarışını və nəticə etibarilə sabitsizliyi təşviq edə biləcək addımlardan çəkinməyə çağırırıq”, - deyə 2019-cu ildə Fransanın Azərbaycana silah satışı barədə xəbərlərə münasibət bildirərkən jurnalistlərə bildirilib.

Müəllif yazıb ki, bu məlumatların nə dərəcədə reallaşdığı və ya Fransanın vədlərinin yerinə yetirilib-yetirilmədiyi barədə yalnız ehtimallar irəli sürmək olar.

“168.am” yazmışdı ki, Türkiyənin SOM qanadlı raketlərində Fransanın “Microturbo” şirkətinin “Microturbo TRI 40” turbo-reaktiv mühərrikləri istifadə olunub. Lakin fransız mühərrikləri ilə təchiz olunmuş bu raketlərin mümkün satışı məsələsi 44 günlük müharibə kontekstində araşdırılmışdı. Sonradan Türkiyənin “Kale Arge” şirkəti SOM raketləri üçün KTJ-3200 reaktiv mühərrikini hazırlamışdı.

Bundan əlavə, 44 günlük müharibə zamanı Türkiyə istehsalı “Bayraktar” TB2 zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) vurulmuşdu. Daha sonra yayımlanan videoda kadrlardan birində Türkiyə istehsalı zərbə PUA-larında istifadə olunan Kanada istehsalı CMX 15D optikası görünürdü. Daha sonra Türkiyə ASELFLIR-500 optik sistemini hazırlamaq qərarı vermişdi.

Xatırladaq ki, 2013-cü ildə Azərbaycan Fransa və Almaniyanı Ermənistana MILAN tank əleyhinə sistemləri (birgə istehsal) tədarük etməkdə ittiham etmiş və həmin ölkələrə etiraz notası göndərmişdi”, - deyə KİV vurğulayıb.


Nəşr qeyd edib ki, bu sistemlər Ermənistan Müdafiə Nazirliyində nümayiş etdirilmişdi.

“Mütəxəssislər qeyd edirdilər ki, MILAN sistemi yüksək effektivliyi ilə seçilir: təxminən 50 min döyüş və təlim buraxılışından 92 faizdən çoxu hədəfin vurulması ilə nəticələnib.

Sonradan bu sistemin Ermənistan tərəfindən Yunanıstandan alındığı barədə məlumatlar yayılmışdı.

Bir neçə gün əvvəl Ermənistanın sabiq müdafiə naziri David Tonoyan jurnalistlərlə söhbətində vaxtilə ATƏT Minsk qrupunun həmsədri olmuş ölkələrin Azərbaycana və KTMT üzvü Ermənistana silah satışı məsələsinə toxunaraq bildirib:

“Biz KTMT üzvüyük və gördüyüm qədərilə bu, silah əldə etməyə mane olmur. Rusiya ilə münasibətlərimizdə də heç bir dəyişiklik yoxdur. Daha çox bu, Qarabağ münaqişəsi ilə bağlı məsələ idi və həmin vaxt Fransa və ABŞ Minsk qrupunun həmsədrləri kimi nə Ermənistana, nə də Azərbaycana tədarük etməyə özlərinə icazə vermirdilər. Əsas məsələ bu idi”.

2024-cü ilin aprelində “Pastinfo”ya verdiyi müsahibədə David Tonoyan Fransanın Ermənistana silah satmağa hazır olması məsələsinə toxunaraq demişdi: “Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlığın olmaması Ermənistanın maraqsızlığı ilə bağlı deyildi və Qarabağın faktiki itirilməsindən sonra bu dəyişiklik, yəni əməkdaşlığın qurulması izaholunandır”.

Bu arada Ermənistanın müdafiə naziri Suren Papikyan yaxın vaxtlarda məlumat verməkdən imtina etmişdi: məgər son 2-3 ildə Ermənistana silah tədarük edən Fransa 44 günlük müharibədən əvvəl silah satışından imtina edib ki, həmin silahlar Azərbaycana qarşı istifadə olunmasın?”, - deyə məqalədə qeyd edilib.

Nəşrə görə, Ermənistanın üçüncü prezidenti Serj Sarkistan jurnalistlərlə söhbətində demişdi ki, yazılı təminatlar tələb olunub, lakin başqa məsələdir ki, bu, praktikada qeyri-Rusiya silahlarının alınmasına nə dərəcədə mane olub.

“Xatırladaq ki, KTMT üzvü Rusiya KTMT üzvü olmayan Azərbaycana silah satır, Türkiyəyə zenit-raket sistemləri satmağa razılaşırdı və belə hallarda Ermənistanın da kifayət qədər silahlandırıldığını bildirirdi.

Yazımızın əvvəlində Fransanı müharibədən əvvəlki və müharibə dövrü kontekstində xatırlatdığımız üçün qeyd edək ki, araşdırmalar göstərib: 44 günlük müharibə zamanı Nikol Paşinyan Fransa Prezidenti ilə üç dəfə telefon danışığı aparıb. Bundan əlavə, müharibə günlərində Fransanın həmin dövrdəki səfiri Conatan Lakot bir neçə dəfə Müdafiə Nazirliyinə baş çəkmişdi. 44 günlük müharibədən əvvəl, iyul döyüşlərindən sonra isə Fransaya “Türkiyənin hərbi təhdidinin neytrallaşdırılması” təklif edilmişdi. Bunun nə dərəcədə nəzərə alındığını deməyə ehtiyac yoxdur.

Bu günlərdə Ermənistanın Fransadakı fəxri konsulu Denis Jorkayef bildirib ki, Fransa Prezidenti Emmanuel Makron bu ilin mayında Ermənistana səfər edəcək.

“Prezident Emmanuel Makron mayın 4-də iki günlük səfərlə Ermənistanda olacaq. O, Nikol Paşinyanla görüşəcək və İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.

Avropa Siyasi Birliyinin 8-ci sammiti mayın 4-də İrəvanda keçiriləcək”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, 2025-ci ilin iyulunda Nikol Paşinyan Fransa Respublikasının Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət etmişdi.

“Daha sonra Fransa lideri “X” hesabında yazmışdı: “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanması regionun bütün xalqları və ölkələri, eləcə də regiondan kənarda olanlar üçün yeni səhifə aça bilər”.

Bundan əvvəl isə Makron Ermənistanın daxili işlərinə müdaxilə cəhdi edərək “X” mikrobloqunda yazmışdı: “Mən ona erməni demokratiyasını sabitlikdən məhrum etməyə yönəlmiş cəhdlərə qarşı Fransanın həmrəyliyini çatdırdım”.

Fransa liderinin parlament seçkilərindən bir ay əvvəl Ermənistana gələrək hansı bəyanat verəcəyini zaman göstərəcək. Lakin Makronun baş tutmayan Ermənistan səfərlərini də unutmayaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin