Ordu.az xəbər verir ki, bunu erməni siyasi analitik Tiqran Dumikyan yazıb.
Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi ilə bağlı ciddi problemləri olan ölkə üçün prioritet məsələlərdən biri kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və sahənin sistemli inkişafı olmalı idi.
“Lakin son səkkiz ilin rəsmi statistikası və sahədə mövcud acınacaqlı mənzərə bunun əksini göstərir. Üstəlik, Ermənistandakı əkinəyararlı torpaqların 70 faizindən çoxunda suvarma problemi var. Hətta fərdi həyətyanı bağların və bostanların təxminən yarısında suvarma suyu yoxdur. Bu isə o şəraitdə baş verir ki, ölkə ərazisində hər il orta hesabla təxminən 7 milyard kubmetr su formalaşır və bunun cəmi 2 milyarda yaxını istifadə olunur.
Bu göstəricilər sahədə dövlət idarəçiliyinin ciddi böhran yaşadığını və milli sərvətin faktiki olaraq diqqətsizliyə məruz qaldığını sübut edir. Əlbəttə, bəraət qazandırmağa yönəlmiş izahların və boş vədlərin çatışmazlığı yoxdur və belə görünür ki, dövlət aparatı əsasən hakimiyyətin fəaliyyətsizliyini əsaslandırmaq cəhdləri ilə məşğuldur. Fakt isə ondan ibarətdir ki, ölkədə təxminən 317 min kəndli təsərrüfatı fəaliyyət göstərir, lakin məşğulluq səviyyəsi cəmi 17,6 faiz təşkil edir”, - deyə Dumikyan qeyd edib.
Onun qiymətləndirməsinə görə, peşəkar araşdırmalar göstərir ki, problemin mərkəzində zəmanətli məhsul tədarükü sisteminin olmaması dayanır.
“Uzun illər ərzində bir çox kəndli torpağı becərməkdən imtina edib, çünki çox vaxt kredit vəsaiti hesabına istehsal etdikləri məhsulu sata bilməyiblər. Nə üçün hakimiyyət bu məsələ ilə bağlı susur və nə üçün konkret və ardıcıl addımlar atılmır? Cavab, yəqin ki, sadədir: bacarmırlar.
Son dörd il yarımda kənd təsərrüfatı sahəsində görülən işlərlə bağlı Gevorq Papoyanın yaxın günlərdə açıqladığı rəqəmlərə gəldikdə isə burada da ciddi suallar yaranır. Təqdim olunan göstəricilər ümumi mənzərəni əks etdirmir, çünki dövlət dəstəyinin bölüşdürülməsi məsələsində inklüzivliklə bağlı aydın təhlil yoxdur. Xüsusilə, iri təsərrüfatlarla müqayisədə kiçik və orta təsərrüfatların həmin proqramlardan nə dərəcədə faydalana bildiyini anlamaq vacibdir”, - deyə Dumikyan vurğulayıb.
O bildirib ki, belə müqayisə olmadan təqdim edilən rəqəmlər yaxşılaşma illüziyası yarada bilər, halbuki sahənin geniş təbəqələri üçün real təsir əhəmiyyətli dərəcədə fərqlidir.
“Problemin sistemli həlli yalnız idarəetmənin keyfiyyətinin dəyişdirilməsi yolu ilə mümkündür. Ölkəmizə aydın strategiya, peşəkar yanaşma və iqtisadi qanunauyğunluqları dərk edən, siyasi məsuliyyəti üzərinə götürməyə hazır yeni hakimiyyət lazımdır. Bu kontekstdə Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının iqtisadi inkişaf yönümlü proqramları, xüsusilə kənd təsərrüfatı sahəsinə dair təşəbbüsləri demək olar ki, inqilabi xarakter daşıyır. Hakimiyyətin həyata keçirdiyi siyasətlə müqayisədə onlar təkcə real alternativ deyil, həm də peşəkar müstəvidə alternativsizdir.
Əks halda, artıq toplanmış mənfi təcrübəni nəzərə alaraq, qarşıdakı illərdə Ermənistanın digər bölgələrinin də Dərələyəz vilayətinin vəziyyətinə düşməsi təhlükəsi var. Həmin vilayətdə torpaqların təxminən 76 faizi artıq becərilmir”, - deyə Dumikyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az