KİV: Ermənistan hakimiyyəti “Qazprom”u da ölkədən sıxışdırıb çıxarmağa etiraz etməyə bilər

2026/02/1771669546.jpg
Oxunub: 481     14:22     21 Fevral 2026    
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bir neçə gün əvvəl bildirib ki, Ermənistanın enerji sistemini Türkiyə və Azərbaycanın enerji sistemləri ilə inteqrasiya etmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

“Xüsusilə resursların qeyri-bərabərliyi nəzərə alınarsa, təbii olaraq belə inkişaf Türkiyə və Azərbaycan üçün olduqca sərfəlidir ki, bu da aydın şəkildə Ermənistanın xeyrinə deyil.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması prosesinin iqtisadi əlaqələrə də müsbət təsir göstərəcəyinə ümid edir və bu baxımdan Türkiyə normallaşma prosesini dəstəkləyir. Bayraktar vurğulayıb ki, Ermənistan Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının bir hissəsinə çevrilə bilər.

“Əslində, normallaşma iqtisadi münasibətlərin də yaxşılaşdırılmasını nəzərdə tutur. Biz enerji sahəsində əməkdaşlığı inkişaf etdirə və bu istiqamətdə mövcud imkanlardan istifadə edə bilərik. Ümid edirəm ki, bu proses bütün tərəflərin xeyrinə davam edəcək”, - deyə türkiyəli nazir qeyd edib və Ermənistanın Azərbaycandan Türkiyəyə uzanan qaz dəhlizinə qoşulmasını da istisna etməyib.

Beləliklə, Türkiyə Ermənistanın qaz sistemi ilə bağlı iddialar irəli sürür”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, hazırda həmin sistemə Rusiyanın “Qazprom” şirkətinin törəmə müəssisəsi olan “Qazprom Ermənistan” xidmət göstərir.

“Lakin Ermənistan hakimiyyəti rus kapitalı ilə fəaliyyət göstərən şirkətlərə qarşı kampaniya apardığı üçün “Qazprom”u da ölkədən sıxışdırıb çıxarmağa etiraz etməyə bilər və sistemin idarəçiliyini hər hansı ofşor şirkətə həvalə edə bilər. Təbii ki, türk və ya Azərbaycan mənşəli şirkətlərin cəlb olunması ciddi etiraz dalğası yarada bilər. Buna görə də bir çox hallarda şübhələri azaltmaq məqsədilə məhz ofşor mənşəli şirkətlərdən istifadə oluna bilər”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Türkiyə  


Bizi "telegram"da izləyin