Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana neft məhsullarının daşınması daha ucuz olub

2026/01/1767798403.jpg
Oxunub: 412     12:40     21 Fevral 2026    
Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik məbləğ müəyyən edib.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilib ki, 2025-ci il dekabrın əvvəlində Gürcüstan bir dəfəlik və ödənişsiz əsasda öz ərazisi vasitəsilə Azərbaycandan Ermənistana neft tranzitini təmin etmişdi, lakin növbəti partiya standart tariflə daşınmışdı və bu, Ermənistanda narazılıq yaratmışdı.

Bildirilib ki, tariflər mövzusu İrəvanda Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili ilə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyanın görüşündə müzakirələrin əsas mövzusu olub.

“Xudatyan Gürcüstan hökumətinin dostyana qərarına görə gürcü həmkarına təşəkkür edib. Həmin qərara əsasən, Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif dərəcəsi müəyyən edilib.

Görüşdə həmçinin qeyd olunub ki, hər iki ölkə yük və sərnişin daşımalarının inkişafına xüsusi diqqət yetirir.

Gürcü tərəfi Gürcüstanda həyata keçirilən iri nəqliyyat infrastruktur layihələri barədə məlumat verib. Bildirilib ki, bu layihələrin tam işə düşməsi iki ölkə arasında əlaqəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, Ermənistandan yüklərin tranzitini artıracaq və Gürcüstanın regional nəqliyyat qovşağı kimi rolunu gücləndirəcək.

Qeyd olunub ki, Gürcüstanın əsas prioritetlərindən biri təhlükəsiz, etibarlı və rəqabətqabiliyyətli nəqliyyat marşrutlarının inkişafıdır”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin