“Dövlətçiliyi itirərsiniz” ritorikası: Rusiya Ermənistanı izolasiya ilə qorxutmağa çalışır

2026/02/1771662466.jpg
Oxunub: 715     12:24     21 Fevral 2026    
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin sözlərinə görə, Ermənistan Rusiyaya qarşı qarşıdurmada Qərbin alətinə çevrilir, Moskva ünvanına İrəvanın son hücumları isə, görünür, mehriban qonşuluq münasibətlərinə yenidən baxılması deməkdir.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “News.ru” nəşri “Paşinyan Ermənistanı Ukraynaya çevirir” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, ekspertlərin fikrincə, bütün bunlar sonda məhz Ermənistanın özü üçün əks təsir yarada bilər.

“News.ru” anlamağa çalışıb ki, bu ölkə niyə öz dövlətçiliyini itirmək riskinə gedir.

“Rusiya hakimiyyəti Ermənistanın Qərb ölkələri və birlikləri ilə fəal hərbi, siyasi və iqtisadi əməkdaşlığını qeyd edir. Mixail Qaluzin xatırladıb ki, Moskva belə yaxınlaşma ilə bağlı Ermənistana dəfələrlə xəbərdarlıq edib, lakin İrəvan sürətini artırmaqda davam edir. “Biz erməni tərəfdaşlarımıza dəfələrlə demişik ki, Qərb üçün Ermənistan Moskva ilə qarşıdurmada geosiyasi mübarizənin alətidir. Və onlar artıq bunu gizlətmirlər. Biz gözləyirik ki, ölkə praqmatik fəaliyyətini davam etdirəcək. Ermənistan iqtisadiyyatının yüksək artım tempinin, aşağı inflyasiyanın, güclü milli valyutanın və erməni məhsulları üçün geniş bazarın açarı Rusiya ilə və AİB çərçivəsində əməkdaşlıqdır”, - deyə nazir müavini bildirib və qeyd edib ki, Moskva İrəvanı Cənubi Qafqazda təbii müttəfiq kimi görməkdə davam edir.

Ermənistan Rusiyadan “asılılığın azaldılmasına” yönəlmiş siyasətini gizlətmir. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib və təsdiqləyib ki, Ermənistan hakimiyyəti “belə addımın vaxtı qeyri-müəyyən olsa da”, Avropa İttifaqına üzvlük kursuna sadiq qalır”, - deyə məqalədə qeyd edilib.

KİV-ə görə, Simonyan Şirakda Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı da fikir bildirib və qeyd edib ki, onun fikrincə, bu baza Ermənistanın 100 % təhlükəsizliyinə zəmanət vermir.

“Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan isə Simonyanın bəyanatlarını “News.ru” saytına verdiyi müsahibədə tənqid edib. O hesab edir ki, İrəvan artıq səkkiz ildən çoxdur ki, Moskva ilə münasibətlərə zərər vuran siyasət aparır. Eyni zamanda, Şirakdakı hərbi baza, onun sözlərinə görə, təkcə Ermənistanda deyil, bütün regionda təhlükəsizlik zəmanətlərindən biri olaraq qalır. “Rəsmi İrəvan ölkəmizi ikinci Ukraynaya çevirmək istəyir. Biz belə yolu seçmiş ikinci postsovet ölkəsiyik. Bu isə ölkənin və onun dövlətçiliyinin maraqlarına xidmət etmir. Buna görə də nəticələr çox ağır ola bilər. Ermənistanın indiki hakimiyyətinin addımları bizim üçün qəbuledilməzdir”, - deyə Tevanyan bildirib.

Müəllif yazıb ki, bu arada, Nikol Paşinyan daha bir mübahisəli bəyanat verib. O, Rusiyaya ölkənin dəmir yolu şəbəkəsinin konsessiya idarəetmə hüquqlarını Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər kimi üçüncü ölkəyə satmağı təklif edib. Paşinyan bildirib ki, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi çərçivəsində bəzi qüvvələr Ermənistandan yan keçməklə Azərbaycan ilə Naxçıvan arasında dəmir yolu tikməyi təklif edir, çünki ölkənin yolları Rusiya Federasiyası tərəfindən idarə olunur. “Biz Rusiyaya qarşı heç nə etmək istəmirik və etməyi də planlaşdırmırıq, lakin hazırda dəmir yolumuzun idarə olunması səbəbindən rəqabət üstünlüyümüzü itiririk”, - deyə Paşinyan bildirib.

Dövlət Dumasının deputatı Nikolay Buduyev “News.ru” ilə söhbətində bildirib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması prosesində Rusiyanın konstruktiv iştirakının olmaması halında İrəvan gələcəyin iri logistika layihələrindən təcrid olunmaq riski ilə üzləşir. Parlament üzvünün fikrincə, uzunmüddətli perspektivdə bu, Ermənistanın dövlətçiliyinin itirilməsi təhlükəsi yaradır. “Paşinyanın komandası tərəfindən aparılan dövlətlərarası münasibətlərə indiki baxış, görünür, real kollektiv təhlükəsizlik mexanizmlərini deklarativ siyasi ritorika ilə əvəz etmək cəhdidir”, - deyə o bildirib.

“Qeyd edək ki, Ermənistan məhdud nəqliyyat dəhlizləri, xarici bazarlardan böyük asılılıq və həssas iqtisadiyyat səbəbindən çətin coğrafi və logistika vəziyyəti ilə üzləşib. Bütün bunlar “Avropa seçimi” və Avropa İttifaqına və ya NATO-ya üzvlük barədə müzakirələri qeyri-real edir. Eyni zamanda, Rusiya respublikanın iqtisadi sabitliyində əhəmiyyətli paya malikdir. Buduyevin fikrincə, Rusiya ilə əlaqələrin məcburi qırılması Ermənistan üçün geri dönməz nəticələr yarada bilər. Sabit və etibarlı tərəfdaşın itirilməsi İrəvanı iqtisadiyyatını Avropa bazarına yönəltməyə məcbur edəcək ki, bu proses uzun vaxt tələb edir”, - deyə nəşr qeyd edib.

Buduyev deyib ki, Ermənistanın Rusiya qazından asılılığı təxminən 80% təşkil edir.

“Subsidiyalı tədarüklər sosial sabitliyin əsasını təşkil edir. Bazar qiymət formalaşmasına keçid və ya alternativ alış cəhdləri tariflərin kəskin artmasına və sənayesizləşməyə gətirib çıxara bilər. Kənd təsərrüfatı və sənaye sahələrinin Avropa İttifaqı standartlarına və kvotalarına yönəldilməsi onilliklər və böyük investisiyalar tələb edəcək”, - deyə parlament üzvü qeyd edib.

“News.ru” ilə söhbətində iqtisadçı Aleksandr Razuvayev də bildirib ki, Ermənistan demək olar ki, bütün regional qonşuları ilə münasibətlərinə ciddi zərər vurub. Onun normal gələcəyi üçün yeganə ümid Rusiyadır, lakin İrəvan Nikol Paşinyanın seçdiyi yolu davam etdirsə, ölkə mövcudluğunu dayandıra bilər. “Hazırda Ermənistan rəhbərliyi öz ölkəsini həm iqtisadi, həm də siyasi baxımdan intihara aparır”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin