Ordu.az xəbər verir ki, “Steadfast Dart-2026” NATO təlimi çərçivəsində icra edilən tapşırıq zamanı zərbə tipli pilotsuz uçuş aparatı “Bayraktar” TB3 TCG ANADOLU-dan havaya qalxaraq Baltik dənizi üzərində 8 saat uçuş həyata keçirib.
Bu müddət ərzində 1 700 kilometrlik məsafə qət edən “Bayraktar” TB3 təlim elementləri sırasında yer alan “Eurofighter” qırıcı təyyarələri ilə birgə tapşırıq icra edib.
Tapşırıq zamanı “Bayraktar” TB3 ASELFLIR-500 elektro-optik sistemi ilə uzaqmənzilli hədəflərin aşkarlanması və izlənməsi üçün istifadə olunan qabaqcıl yaxınlaşdırma qabiliyyətindən istifadə edərək Ay üzərindən keçən “Eurofighter” qırıcısını görüntüləyib. Bu an təlimin ən diqqətçəkən mərhələlərindən biri kimi qeydə alınıb.
“Bayraktar” TB3-ün uzunmüddətli uçuş qabiliyyəti, dəniz platformalarından havaya qalxa bilməsi və qabaqcıl görüntüləmə sistemləri NATO təlimi zamanı müttəfiq ölkələr tərəfindən yaxından izlənilib. Təlimin bu mərhələsi Türkiyənin pilotsuz uçuş aparatları sahəsində texnoloji səviyyəsini və beynəlxalq əməkdaşlıqdakı rolunu bir daha nümayiş etdirib.
Sevinc Əliyeva
Ordu.az