Erməni ekspert: “Yaxın Şərqdə və Cənubi Qafqazda baş verənlər Zəngəzurda əks-səda tapa bilər ”

2026/02/1771651763.jpg
Oxunub: 376     09:26     21 Fevral 2026    
“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Türkiyənin geosiyasi əhəmiyyəti hər iki tərəf üçün dəyişdi. Bu, onun geosiyasi mövqeyi ilə bağlıdır. Oxşar vəziyyət İkinci Dünya müharibəsi dövründə də olmuşdu”.

Ordu.az xəbər verir ki, bunu erməni tarix elmləri namizədi, türkşünas Varujan Geğamyan deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı tərəfindən bəzi ölkələrə Türkiyə üzərindən məhdudiyyətlərin götürülməsi və Türkiyənin Aİ-yə üzv olması üçün açıq-aşkar təzyiq göstərilir.

“Bundan həm Türkiyə, həm də Avropa qarşılıqlı şəkildə faydalanır. Zəngəzur dəhlizinin əsas rol icraçısının indi ABŞ olması mahiyyəti dəyişmir. Adı TRIPP (Zəngəzur dəhlizi-red.) olsun, ya da başqa cür adlandırılsın, nəticədə qazanan Türkiyə və Azərbaycandır. Onlar öz ardıcıllıqları sayəsində proqramlarını həyata keçirmək üçün mümkün qədər çox aktoru prosesə cəlb edirlər”, - deyə Geğamyan qeyd edib.

Geğamyan bildirib ki, bir tərəfdən, TRIPP-in Ermənistanın hazırkı hakimiyyəti tərəfindən necə “parlaq qablaşdırma” ilə təqdim edildiyi, digər tərəfdən isə real danışıqların pərdəarxasında baş verənlər var.

“2020-ci il müharibəsindən sonra Türkiyənin digər ölkələrin daxili siyasi həyatına qarışmamaq tabusu qırıldı. İndi təkcə müdaxilə etmirlər, həm də deyirlər ki, “istədiyimiz kimi olmazsa, cəzalandırarıq”. Türkiyə Respublikası 2020-ci ildən sonra Ermənistanda siyasi təsir dairəsini genişləndirə bilib. Ermənistanın de-fakto hakimiyyəti Türkiyənin dediklərini icra edir”, - deyə o qeyd edib.

Geğamyan deyib ki, Zəngəzur Cənubi Qafqaz regionunun ən kövrək və partlayışa meyilli məkanlarından biridir: “Burada baş verənlər böyük müharibəyə çevrilə bilər. Yaxın Şərqdə və Cənubi Qafqazda baş verənlər Zəngəzurda əks-səda tapa bilər və əksinə. Zəngəzur birbaşa mənada toqquşma meydanına çevrilir. Bu isə son dərəcə təhlükəlidir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Geğamyan   Ermənistan  


Bizi "telegram"da izləyin