KİV: Ermənistan hakimiyyəti Zəngəzurda Rusiya baş konsulluğunun açılmasına icazə verməkdən imtina edir

2026/02/1771650837.jpg
Oxunub: 378     09:11     21 Fevral 2026    
Ermənistanın mövcud hakimiyyəti Zəngəzurda Rusiya Federasiyasının baş konsulluğunun açılmasına icazə verməkdən imtina edir, eyni zamanda isə hər hansı konkret cavab da təqdim etmir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, təxminən üç ildir məsələ davamlı şəkildə uzadılır, ötən ilin may ayından etibarən isə ümumiyyətlə reaksiya verilmir.

“Past” qəzetinin məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinə bu məsələdə mümkün qədər yayınmaq, Moskvaya heç bir cavab verməmək barədə göstəriş verilib. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi isə hələlik səbir göstərərək gözləyir.

“Zəngəzur vilayətində, konkret olaraq Qafan şəhərində 2022-ci il oktyabr ayından İranın baş konsulluğu fəaliyyət göstərir. Regionda geosiyasi marağın artması fonunda Rusiyanın və Fransanın (fəxri konsul ofisi) nümayəndəliklərinin açılması məsələləri də müzakirə olunurdu. 2025-ci il iyun ayında Gorus şəhərində Fransanın fəxri konsulunun ofisi açıldı. Üstəlik, Fransa da İran nümunəsində olduğu kimi baş konsulluq açmaq istəyirdi, lakin erməni tərəfi “baş verəcəkləri” anlayana qədər aralıq həll tapılmasını xahiş etmişdi.

Rusiya sonuncu dəfə ötən ilin may ayında konsulluqla bağlı açıqlama vermişdi. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 2025-ci il mayın 21-də İrəvanda bildirmişdi ki, Qafanda Rusiya Federasiyasının konsulluğunun açılması istiqamətində hazırlıq işləri aparılır. “Biz həmçinin Ermənistanla Rusiya arasında şəhərlər və icmalar, rayonlar və vilayətlər arasında qardaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlıyıq”, - deyə Lavrov qeyd etmişdi.

Bir neçə gün sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumət iclasından sonra Rusiya konsulluğunun yaradılması ilə bağlı suala əsəbi reaksiya vermiş, məsələnin müzakirə olunduğunu demişdi. Tezliklə bir il tamam olacaq, lakin “araba” hələ də yerindən tərpənməyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin