Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
“Təsəvvür edin ki, o, qarşıdan gələn seçkilərdən danışıb. Xüsusilə, Vahaqn Xaçatryan bildirib ki, hamı qəbul etməlidir: qanunu pozmaq olmaz. “Qanunu pozan cəzalandırılacaq”, - deyə o bəyan edib.
Bundan əlavə, Vahaqn Xaçatryan demokratiya normalarına tam riayət edilməsinin də vacibliyini vurğulayıb. Üçüncü məqam olaraq, onun sözlərinə görə, seçkiqabağı müzakirələr (mübarizə) etik çərçivədə aparılmalı, məqbul leksika olmalı, bir-birinə və daha çox cəmiyyətə qarşı hörmət nümayiş etdirilməlidir. “Bizə yaraşmayan söz ehtiyatından istifadə qəbuledilməzdir”, - deyə o bildirib.
Ermənistan prezidentinin dedikləri əslində mübahisəsiz həqiqətdir, “velosiped ixtira etmək” kimi bir şey deyil. Amma məsələ ondadır ki, belə bir bəyanata niyə ehtiyac yaranıb və bu bəyanat kimə ünvanlanıb?”, - deyə nəşr bildirib.
Müəllifin sözlərinə görə, əvvəlcə onu qeyd etmək lazımdır ki, son illərdə hüquq-mühafizə sistemi bir nəfərin və onun istəklərinə xidmət edən mexanizmə çevrilib, Vahaqn Xaçatryan isə “dövlət başçısı və konstitusiyaya riayət edən şəxs” kimi buna etiraz etməyib.
“Bu baxımdan onun qanun pozuntularına yol verənlərin cəzalandırılacağından danışması ən azı qəribə görünür.
Bir nəfərin nəzarətinə verilmiş hüquq-mühafizə sistemi həmin bir nəfərin tabeliyində olan siyasi qüvvəni və ya onun peyklərini necə cəzalandıra bilər və Xaçatryan bu istiqamətdə nə edə bilər? Burada xüsusi olaraq hakimiyyəti vurğulayırıq, çünki… Çünki ikinci məqam məhz buradan başlayır.
Beləliklə, ikinci və daha maraqlı məqam ondan ibarətdir ki, Vahaqn Xaçatryanın dedikləri açıq şəkildə yalnız bir siyasi subyektə, “Vətəndaş Müqaviləsi”nə yönəlib. Aydındır ki, seçki qaydalarının, demokratiya prinsiplərinin və qanunların pozulmasına məhz hakimiyyət gedəcək (artıq gedir). İstər inzibati resurslardan sui-istifadə olsun, istər müxaliflərə qarşı siyasi təqiblər və saxta ittihamlarla məhdudiyyətlər, həbslər, istərsə də dövlət büdcəsi hesabına müxtəlif sosial “nemətlərin” ayrı-ayrı təbəqələrə paylanması olsun, ünvan burada aydındır”, - deyə KİV vurğulayıb.
Nəşr yazıb ki, ən diqqətçəkən məqam isə seçkiqabağı etik davranış və yaraşmayan söz ehtiyatı ilə bağlıdır.
“Prezidentə xatırlatmağı lazım bilirik (yəqin ki, özü bunu bilmir) ki, əgər Ermənistanda biabırçı dərəcədə etikadan uzaq bəyanatları, getdikcə daha da yaraşmayan söz ehtiyatı və ifadələri ilə tanınan bir şəxs və bir siyasi qüvvə varsa, bu, Nikol Paşinyan, onun partiyası və onun hakim partiyadan olan təbliğatçılarıdır.
Yekunlaşdıraq. Nəticə nədir? Nəticə odur ki, Vahaqn Xaçatryan açıq şəkildə Nikol Paşinyana qarşı bir bəyanat verib. Vahaqn Xaçatryan Nikol Paşinyana nəyəsə eyham vurur?”, - deyə müəllif qeyd edb.
Alpər Mövludoğlu
Ordu.az