Ordu.az xəbər verir ki, bunu Azərbaycan məsələləri üzrə erməni ekspert Armine Adibekyan deyib.
“Paşinyana gəldikdə isə, o, elə bir statusda deyil ki, belə bir xahişlə, xüsusən də tələb formasında İlham Əliyevə müraciət etsin”, - deyə Adibekyan bildirib.
Erməni ekspertin fikrincə, əslində vəziyyət əksinədir, Paşinyan İlham Əliyevin tələb etdiyi hər şeyi edir.
“Ümumiyyətlə, Paşinyanın hər hansı paylaşımını ciddi qəbul etmək sadəlövhlükdür. Onun kağıza köçürdüyü fikir tufanları reallığa uyğun olduğu anlamına gəlmir. O, bütün bunları bizə reallıq kimi satmağa çalışır”, - deyə Adibekyan Paşinyanın “ABŞ-dən sülhə daha böyük inamla qayıdıram” paylaşımına münasibət bildirərkən qeyd edib.
İyunda keçiriləcək parlament seçkilərindən sonra, əgər indiki hakimiyyət yenidən seçilməsə, vəziyyətin nə dərəcədə dəyişə biləcəyi ilə bağlı suala cavab verən Adibekyan bildirib ki, Nikol Paşinyanın yenidən seçilməsi onun xarici dəstəyə malik olması baxımından mümkündür.
“Müxalifətimiz indiyədək xarici oyunçularla əməkdaşlıq qurmağı və təminatlar almağı bacarmadı.
İkincisi, əgər Nikol Paşinyan yenidən hakimiyyətə gəlməsə belə, o, ölkəmiz üçün elə taleyüklü addımlar atıb ki, hər şeyi iflasa uğradıb. Xarici siyasətdə çətin ki, nəsə dəyişsin. Həm də biz TRIPP-dən (Zəngəzur dəhlizi-red.) imtina edə bilmərik, çünki xalqın “boynuna” 14 milyard xarici borc yükləyib. Gələcək hakimiyyət xarici siyasətdə Paşinyanın bizi saldığı oyunun qaydaları ilə oynamağa məcbur olacaq. Lakin daxili sahədə ciddi dəyişikliklər olacaq. Yəni Gevorq Papoyanın “əgər biz hakimiyyətdə olmasaq, TRIPP olmayacaq” kimi absurd bəyanatları, təəssüf ki, reallıq deyil, TRIPP olacaq, çünki prosesləri geri çevirmək ən azı bu tarixi mərhələdə mümkün deyil”, - deyə Adibekyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az