Erməni politoloq: “ABŞ-İran müharibəsi Ermənistan üçün çox təhlükəlidir”

2026/02/1771648262.jpg
Oxunub: 513     17:52     21 Fevral 2026    
ABŞ Silahlı Qüvvələri hələlik İrana mümkün zərbə üçün hədəflərin siyahısını almayıb. Bu isə o deməkdir ki, ABŞ prezidenti Donald Tramp hələ hərbi əməliyyat barədə göstəriş verməyib. Bu barədə CNN planlaşdırma prosesindən məlumatlı mənbəyə istinadən xəbər yayıb.

CNN-in qeyd etdiyinə görə, ABŞ rəsmiləri bildirirlər ki, Tramp diplomatik həll yoluna sadiq qalmaqda davam edir.

Bundan əvvəl isə ABC planlaşdırma ilə tanış mənbəyə istinadən məlumat vermişdi ki, ABŞ prezidenti Donald Tramp cümə axşamı hədəfli zərbədən tutmuş hökumət, hərbi və nüvə obyektlərinin genişmiqyaslı bombardmanına qədər İrana zərbə endirməyin bir neçə variantını müzakirə edib.

Ordu.az xəbər verir ki, Ermənistanın Şəbəkə Araşdırmaları İnstitutunun direktoru, erməni politoloq Qaqik Harutyunyan mövcud vəziyyəti şərh edib.

Harutyunyanın fikrincə, vəziyyət mürəkkəbdir, lakin belə təəssürat yaranır ki, ABŞ prezidenti İranla böyük müharibə istəmir.

“Üstəlik, görünür, o, bu məsələdə İsrailin Baş naziri ilə razılığa gəlməyib, İsrail rəhbəri isə İrana qarşı hərbi əməliyyatlara başlamağa daha meyillidir. Bununla belə, mən hazırda heç nəyi istisna etmirəm, çünki İsrail sərhədləri olmayan bir imperiyadır. İndi də İsrail kəşfiyyat xidmətləri ilə əlaqəli olan Epşteyn sənədlərini gündəmə gətirib və bütün bunlar təkcə pul üçün edilməyib.

İsrail çox uzağı düşünür və strategiyasını da buna uyğun qurur. Məhz buna görə də ABŞ prezidentinin İrana hücum etməsinə razılaşması üçün hər şeyi edir.

Tramp İrana yalnız yüngül zərbə endirə bilər ki, Tehranla danışıqları sürətləndirsin”, - deyə Harutyunyan bildirib.

Onun sözlərinə görə, İsrail müxtəlif ölkələrdə tərəfdarlar tapmağa çalışır: “Məsələn, Ukrayna prezidenti Zelenskini tapıb və o, İsrail üçün işləyərək onların müəyyən təşkilatlarının tapşırıqlarını yerinə yetirir”.

Harutyunyanın fikrincə, təsadüfi deyil ki, İsrail İkinci Dünya müharibəsindən sonra Ukraynada kiçik bir İsrail dövləti yaratmaq istəyirdi, lakin Stalinin müdaxiləsi ilə bu planın qarşısı alınıb.

“İndi İsrail çalışır ki, Avropanın müxtəlif bölgələrində özünə uyğun ərazilərə malik olsun, onlardan biri də Ukraynadır”, - deyə o qeyd edib.

Harutyunyanın qiymətləndirməsinə görə, ABŞ İrana qarşı müharibəyə başlamağın çox çətin olacağını yaxşı anlayır və belə bir halda yalnız zərbələr endirəcək, lakin ciddi nəticə əldə etməyəcək. Xüsusilə də İran bu məsələdə olduqca qətiyyətlidir.

“İranla quru müharibəsinə başlamaq bir çox ölkələrin biznes ideyalarını və layihələrini pozacaq, bu, ABŞ üçün də risklər yaradır. Hər halda, düşünürəm ki, İrana zərbə olacaq, lakin bu, genişmiqyaslı müharibəyə çevrilməyəcək.

Vaxtilə bu barədə çoxlu məqalələr yazmışam, indi də deyirəm ki, ABŞ-İran müharibəsi ilk növbədə Ermənistan üçün çox təhlükəlidir. Çünki İranın nüvə obyektləri ölkənin şimal hissəsində, yəni Ermənistan sərhədlərinə yaxın yerləşir.

Məsələn, həmin ərazidə hər hansı nüvə insidenti baş verərsə, bu, Ermənistan üçün böyük təhlükə olacaq. Belə sarsıntılar halında bizim siyasi və maddi itkilərimiz böyük olacaq. Ermənistan hakimiyyəti bu barədə düşünməlidir”, - deyə Harutyunyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Ermənistan  


Bizi "telegram"da izləyin