Erməni siyasi xadim: “Hamıya göstəriş verilib ki, azərbaycanlılara Ermənistanda öz səyahətlərini həyata keçirməyə icazə versinlər”

2026/02/1771648204.jpg
Oxunub: 403     13:21     21 Fevral 2026    
“Nikol Paşinyanın vəzifədə qaldığı hər dəqiqə Ermənistanın vəziyyətini daha da pisləşdirir”.

Ordu.az xəbər verir ki, bunu erməni müxalif siyasi xadim Karapet Poğosyan deyib.

“Düşünürəm ki, bu gün Ermənistanda hamı, o cümlədən Paşinyanın ətrafındakı insanlar da çox yaxşı anlayır ki, həmin şəxs sadəcə talançıdır, xarakterinə uyğun olaraq şantaj, insanlar haqqında yazılar vasitəsilə pul qazanmış biridir və bu gün də öz xarakterinə uyğun şəkildə hər dəqiqə Ermənistanı şantaj edir ki, yalnız maliyyə vəsaitlərini artırsın və öz dünyəvi həyatını daha firavan etsin”, - deyə o qeyd edib.

Son günlər sosial şəbəkələrdə yayılan bir video geniş müzakirə olunur. Həmin videoda azərbaycanlıların maneəsiz şəkildə Şirak vilayətinə daxil olduqları, Gümrüdə olduqları və daha sonra Amasiyaya getdikləri görünür. Amasiyadan yayımlanan kadrlarda onlar həmin yaşayış məntəqəsində ata-baba evlərinin olduğunu bildirir və tezliklə qayıdacaqlarını deyirlər.

Poğosyan qeyd edib ki, videoda onlar patrul əməkdaşları ilə deyil, Amasiya polis şöbəsinin rəis müavini və digər əməkdaşları ilə danışırlar.

“Yəni onlar kifayət qədər yüksək vəzifəli polis əməkdaşı ilə söhbət edirlər və həmin şəxs də sonda onlara uğurlar arzulayır. Bu, sadəcə nəzakət məsələsi deyil, mənim məlumatlarıma görə, bu, göstəriş olub. Hamıya göstəriş verilib ki, azərbaycanlılara Ermənistanda öz səyahətlərini həyata keçirməyə icazə versinlər. Bu, yenə də türkpərəstliyin və yaltaqlığın nəticəsidir”, - deyə o bildirib.

Onun fikrincə, Nikol Paşinyanın apardığı siyasət nəticəsində, obrazlı deyilsə, it yiyəsini tanımır: “Aydın deyil ki, biz hara gedirik. Dünyada həm iqtisadi, həm də hərbi-siyasi baxımdan çoxsaylı yeni bloklar formalaşır, amma Ermənistan heç birində yoxdur. Ermənistan sadəcə Trampın axşam məclislərinin bek-vokalına çevrilib, yəni Trampın kefi yaxşılaşanda, sülhün şərəfinə badə qaldırmaq qərarına gələndə, bu gedib arxada dayanır, səs verir, amma bundan artığı yoxdur. Biz Vensin Ermənistana səfərlərini gördük, nəticədə onlar Ermənistanı laboratoriya kimi qiymətləndirdilər, başqa heç nə kimi yox. Üstəlik, adətən laboratoriya yaratmaq və istifadə etmək üçün müəyyən yerlərdə pul ödəyirlər, burada isə biz özümüz ödəməliyik ki, üzərimizdə təcrübələr aparsınlar. Bu şəraitdə sülh barədə xəyal qurmaq axmaqlıqdır, çünki cəmiyyəti, ordunu və dövləti normal əsaslar üzərində qurmayınca sülh mümkün deyil”.

Poğosyan qeyd edib ki, Şirak vilayətinin yaşayış məntəqələrindən birində ötən gecə heç bir hüquqi əsas olmadan, sadəcə “Facebook” səhifəsindəki şəklini dəyişdiyinə görə bir erməni qadın saxlanılıb. Onun sözlərinə görə, vəkil Artak Movsisyan həmin qadının həbs olunmaması üçün bu işlə məşğuldur.

“Mənə bu hadisəni danışanda dərhal Siciliyaya çevrilmiş İrəvanı xatırladım ki, bu da birmənalı şəkildə operativ işin çatışmazlığının nəticəsidir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Poğosyan   Ermənistan  


Bizi "telegram"da izləyin