Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan deyib.
Onun sözlərinə görə, indiki ağır durum hətta 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində formalaşmış vəziyyətlə müqayisə edilə bilməz.
“Mübarizə başlayıb, müəyyən inkişaf mərhələlərindən keçib, bizim üçün ağrılı olan bir döyüş mərhələsinə çatıb və orada məğlub olmuşuq, amma bu mübarizə baxımından “hərəkat” (erməni separatizmi-red.) bitməyib. Bundan sonrakı inkişafın necə olacağı bizdən, bu günkü və sabahkı nəsillərdən asılıdır, xalq indiki reallıqlarla barışıb başqa yolla gedəcəkmi, yoxsa vəziyyətin xüsusiyyətlərini və əhəmiyyətini dərk edərək gələcək nəsilləri sabahkı vəziyyətə hazırlayacaq?”, - deyə Abrahamyan bildirib.
Erməni deputat, həmçinin cari məsələlər və problemlər, xüsusilə daxili siyasi proseslər və qarşıdakı parlament seçkiləri, eləcə də Ermənistanın təhlükəsizlik təhdidləri və müdafiə məsələləri barədə danışıb.
Abrahamyanın qiymətləndirməsinə görə, bu gün Ermənistanın təhlükəsizliyi üçün əsas təhdid ondan ibarətdir ki, pozulmuş hərbi balans şəraitində Azərbaycan hərbi üstünlüyünü daha da artırır və öz hərbi potensialını genişləndirir.
Onun sözlərinə görə, son 5 ildə Azərbaycan qarşısına NATO standartlarına uyğun, türk modeli əsasında ordu qurmaq və şəxsi heyətin hazırlığı, silahlanmanın modernləşdirilməsi istiqamətində plan qoyub, beşillik planı icra edib, aktiv təlimləri və genişmiqyaslı silah alışlarını davam etdirərək onsuz da pozulmuş hərbi balansı daha da dərinləşdirib.
“Azərbaycanla müqayisədən danışırıqsa, Azərbaycanın əldə etdiyi silah və hərbi texnika ilə Ermənistanın əldə etdiyi silahlar nə həcm, nə də taktiki-texniki xüsusiyyətlər baxımından müqayisə oluna bilər.
Mən istəməzdim ki, müsahibəmizin bu hissəsi Azərbaycan ordusu haqqında müsbət qeydlərə çevrilsin, amma istəsək də, istəməsək də, bütün alışlarımızı və imkanlarımızı Azərbaycanla müqayisə etməliyik. Çünki əsas “təhdid” Azərbaycandır və biz öz imkanlarımızı məhz bu kontekstdə qiymətləndiririk. Açığı, müxtəlif şəxslər və ya fəal simalar Silahlı Qüvvələr barədə danışarkən, Azərbaycanın, o cümlədən hücum silahları və böyük hərbi arsenalı nəzərə alınmadan, Ermənistanın bu mərhələdə problemini həll etdiyini göstərməyə çalışanda, bu mənə aydın deyil”, - deyə Abrahamyan qeyd edib.
O bildirib ki, Ermənistan bu kontekstdə öz problemini həll etməyib.
“Azərbaycanda ordu modelindən tutmuş, vəziyyətə və təhdidlərə uyğun komplektləşdirməyədək hədəfli istiqamətlər mövcuddur. Ermənistanda isə hakimiyyət pərakəndə xarakterli alışlar edir, addımların çoxu daxili siyasi gündəmdən, bu halda isə seçkilərdən qaynaqlanır. Hətta məcburi hərbi xidmət müddətinin 6 ay azaldılması da bununla bağlıdır və bu, Silahlı Qüvvələrdə komplektləşmə problemini daha da dərinləşdirir. Bu şəraitdə təkcə fiziki həcm və ya populist nümunələrin nümayişi ordunun döyüş qabiliyyəti barədə heç nə demir. Xüsusilə nəzərə alaq ki, 44 günlük müharibədə və sonrakı dövrdə milyardlarla dollar dəyərində silah məhv edilib, hərbi iqtisadiyyata ciddi ziyan dəyib, çoxlu sayda silah və texnika qənimət kimi Azərbaycana verilib və ya buraxılıb. Bu baxımdan 1 milyard və ya 1 milyard 200 milyonluq alışlara alqışlar anlaşılmazdır. Nəyi təhvil vermisən, nə qədər itki vermisən və əvəzində nə yaratmısan, bunlar heç cür müqayisə edilə bilməz.
Bu yaxınlarda parlamentdə bədnam hakim partiya nümayəndələrindən biri deyirdi: “O vaxt silahımız yox idi, indi almışıq”.
İndi sual yaranır: bəs 44 günlük müharibədə nə ilə döyüşürdün, 2016-cı ilin döyüş əməliyyatlarını nə ilə aparırdın, ondan əvvəl, 2014–2016-cı illərin diversiya müharibələri dövründə nə ilə döyüşürdün? Elə şeylər var ki, hamı üçün aydındır, amma birdən elə düşünürlər ki, guya insanların yaddaşı yoxdur, guya çox şeyi unudublar və ya bunu ikinci dərəcəli sayırlar. Xeyr, ikinci dərəcəli deyil.
Ola bilər, çoxları danışmır, açıq fikir bildirmir, qapalı mühitdə danışır, amma insanlar xatırlayır ki, biz nəyə malik olmuşuq, necə bir ordumuz olub, hansı nüfuzlu şəxslərimiz, hansı imkanlarımız olub, paradlar keçirilib, insanlar müxtəlif qoşun növlərində xidmət ediblər və s. Və guya heç nəyin olmadığını və birdən-birə Hindistandan alış etdiyimizi demək insanlara qarşı açıq-aşkar hörmətsizlikdir, onları aldatmaqdır. Nəhayət, ordunun döyüş qabiliyyəti, imkanları və potensialı konkret əməliyyatlar zamanı da görünür”, - deyə Abrahamyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az