Rusiyalı analitik: “ABŞ bu Şuranı təsirli formata çevirə bilsə, o, ənənəvi qurumlarla rəqabət aparan alternativ danışıqlar mərkəzinə çevrilə bilər”

2026/02/1771648077.jpg
Oxunub: 363     17:00     21 Fevral 2026    
Vaşinqtonda Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk iclası keçirilib. İclasda İlham Əliyev, Nikol Paşinyan, Hakan Fidan və platformanın digər üzv dövlətlərinin nümayəndələri iştirak ediblər. Bu təşəbbüs növbəti dəfə münaqişələrin tənzimlənməsinə yönəlmiş yeni qlobal mexanizm kimi təqdim olundu.

Ordu.az-ın məlumatına görə, rusiyalı analitik Viktor Nadein-Rayevski bildirib ki, hazırkı mərhələdə bu, sistemli sülhyaratma mexanizmindən daha çox siyasi siqnaldır.

Onun sözlərinə görə, real sülh platformasına çevrilmək üçün geniş ölkə təmsilçiliyi, legitimlik və platformanın yalnız bir dövlətin strateji maraqlarına xidmət etmədiyinə dair etimad formalaşdırmaq lazımdır. Bu komponentlər olmadan təşəbbüs siyasi layihə səviyyəsində qalacaq.

“Bu platformanın gedişatı və gələcək nəticələri çox vacibdir. Əgər Şura yaxın vaxtlarda ən azı bir konkret nizamlama təmin edə bilsə, o zaman real legitimlik qazana bilər. Təsadüfi deyil ki, ABŞ prezidenti bu təşəbbüs çərçivəsində davamlı olaraq İrəvan-Bakı münasibətlərinin tənzimlənməsindən danışır və bununla da öz yeni missiyası və platforması üçün müvafiq münasibət və legitimlik formalaşdırmağa çalışır. Təbii ki, bəyanatlardan başqa real nəticələr olmasa, beynəlxalq maraq azalacaq və format zaman-zaman toplanan süni bir birlik səviyyəsində qalacaq.

Əgər ABŞ bu Şuranı mütəmadi və təsirli formata çevirə bilsə, o, ənənəvi qurumlarla rəqabət aparan alternativ danışıqlar mərkəzinə çevrilə bilər. Bu, inkişaf ssenarilərindən biridir və əslində ən yaxşı variantdır, lakin mənim bununla bağlı şübhələrim var. Bununla belə, Vaşinqtonda keçirilən ilk iclas hələ sübut etmir ki, “Sülh Şurası” real sülhyaratma institutudur. Bu, daha çox ABŞ prezidenti Trampın üslubunda münaqişələri müzakirə etmək və razılaşmalar əldə etmək üçün siyasi təşəbbüsdür”, - deyə Rayevski qeyd edib.

O bildirib ki, beynəlxalq münasibətlərdə platformalar çox vaxt əvvəlcə siyasi siqnal kimi formalaşır, yalnız sonra institusionallaşır.

Rayevski vurğulayıb, təşəbbüsün gələcəyi ritorikadan deyil, ölçülə bilən nəticələrdən asılıdır.

“Hazırda hələ dəqiq nəticə çıxarmaq mümkün deyil. Bu, yalnız real nəticə və etimad yarada biləcəyi halda sülh platformasına çevrilə bilər. Platformanın ilk iclası heç bir suala cavab vermədi, əksinə, ABŞ-nin bir çox müttəfiqlərinin bu platformada iştirak etməməsi də şübhə doğurur. Bu isə o deməkdir ki, həmin platformaya və Trampın siyasətinə genişmiqyaslı etimad yoxdur”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rayevski   ABŞ   Sülh-Şurası  


Bizi "telegram"da izləyin