Erməni deputat: “Sülh sazişini heç bir ilkin şərt olmadan imzalayıb ratifikasiya etməyin vaxtı çatıb”

2026/02/1771601649.jpg
Oxunub: 343     19:32     20 Fevral 2026    
“TRIPP təşəbbüsü (Zəngəzur dəhlizi-red.) Cənubi Qafqaz regionunu Şərqlə Qərb arasında etibarlı körpüyə çevirmək məqsədi daşıyır”.

Ordu.az xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasında Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri, parlamentin xarici əlaqələr daimi komissiyasının sədri Sarkis Xandanyan Vyanada keçirilən ATƏT PA-nın qış sessiyasında çıxışı zamanı bildirib.

“ATƏT məkanının bəzi hissələrində təhlükəsizlik mühitinin pisləşməsinə və iştirakçı dövlətlər arasında artan qütbləşməyə baxmayaraq, qeyd etməliyik ki, regionumuzda müsbət inkişaflar da mövcuddur. Ötən il bu zalda əyləşərkən çətin təsəvvür edərdik ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi o qədər irəliləyəcək ki, sülh sazişinin mətninə dair razılığa gələcəyik, əvvəllər həllolunmaz hesab edilən məsələlər üzrə praktiki həllər tapacağıq və ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığı müzakirə etməyə başlayacağıq”, - deyə Xandanyan vurğulayıb.

Erməni deputat qeyd edib ki, belə irəliləyiş ABŞ administrasiyasının Cənubi Qafqazda sülh səylərinə dəstək istiqamətində konstruktiv iştirakı, TRIPP təşəbbüsünün regional bağlantı və uzunmüddətli sabitlik üçün hərtərəfli çərçivə kimi təşviqi olmadan mümkün olmazdı.

“TRIPP regionumuzu Şərq ilə Qərb arasında etibarlı körpüyə çevirmək deməkdir. Bu, xüsusilə şaxələndirilmiş, təhlükəsiz və dayanıqlı marşrutların hər zamankından daha vacib olduğu bir dövrdə qlobal ticarətə və tranzit axınlarına töhfə verir.

Bu, yalnız başlanğıcdır. Biz əminik ki, heç bir ilkin şərt olmadan sülh sazişini imzalayıb ratifikasiya etməyin vaxtı çatıb. Bu sənəd sülhü hüquqi cəhətdən möhkəmləndirəcək və iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verərək uzunmüddətli sabitliyi gücləndirəcək.

Eyni zamanda, sərhədlərin delimitasiyası prosesi davam edir və ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləyir. Bu, sabitliyin və tərəflər arasında etimadın möhkəmləndirilməsi istiqamətində praktiki və mühüm addımdır”, - deyə Xandanyan bildirib.

O, həmçinin Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin əhəmiyyətini vurğulayıb.

Xandanyan qeyd edib ki, Ermənistan bunu sabit, qarşılıqlı bağlı və firavan regionun qurulmasının ayrılmaz hissəsi kimi qiymətləndirir və daha konkret irəliləyiş gözləyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xandanyan   Ermənistan  


Bizi "telegram"da izləyin