Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Lilit Qalstyan “Facebook” səhifəsində yazıb.
O, həmçinin çıxışının video yazısını paylaşıb. Çıxışda deyilir:
“Ermənistan daxilində demokratiyanın geriləməsinə toxunmaq istəyirəm. Biz 2026-cı il seçkilərinə artıq azad və ədalətli demokratik rəqabətin minimal standartlarına cavab verməyən şəraitdə yaxınlaşırıq.
Ermənistanda hakimiyyət siyasi təzyiq alətinə çevrilib. Məhkəmə sisteminin müstəqilliyi faktiki olaraq dağılıb, siyasi motivlərlə çıxarılan hökmlər isə ictimai etimadı sarsıdır.
Uydurma ittihamlarla müxalifət liderləri, deputatlar, vətəndaş cəmiyyəti fəalları, o cümlədən yüksək vəzifəli ruhani şəxslər həbs olunur və ya saxlanılır. Bu şəxslər Avropa Şurası Parlament Assambleyasının qətnaməsində müəyyən edilmiş siyasi məhbus meyarlarına tam uyğundur”.
Qalstyan qeyd edib ki, bunlar görünən və sənədləşdirilmiş reallıqlardır.
“Beynəlxalq təşkilatlar da bunu qeyd edərək Ermənistanda seçki demokratiyasının gerilədiyini və 2016-cı ildən bəri heç bir əhəmiyyətli irəliləyişin qeydə alınmadığını bildiriblər.
Daha narahatedici məqam isə Erməni Apostol Kilsəsinə qarşı hücumlardır. Baş nazir şəxsən bütün ermənilərin katolikosunun istefasını tələb edir və bununla da kilsə ilə dövlət arasında konstitusion ayrılığı pozur. Bütün ermənilərin katolikosuna qarşı cinayət işi açılıb və ona ölkədən çıxış qadağası tətbiq edilib ki, bu da Ermənistanda vicdan və dini azadlığın kobud şəkildə pozulmasıdır. Beynəlxalq ictimaiyyət bu prosesləri qeydə almalı və Ermənistanda dini azadlıqların və demokratik prinsiplərin müdafiəsi mövqeyindən çıxış etməlidir.
Ermənistan parlament müxalifətinin nümayəndəsi kimi mən siyasi rəqabətə və demokratik gələcəyə inanıram.
Lakin demokratiya repressiyalar şəraitində mövcud ola bilməz. Buna görə də ATƏT Parlament Assambleyasını hadisələrin inkişafını diqqətlə izləməyə, onlar barədə obyektiv hesabatlar təqdim etməyə və azadlıq, plüralizm və hüququn aliliyi kimi fundamental dəyərləri müdafiə etməyə çağırıram.
Ermənistan xalqı elə seçkilərə layiqdir ki, ölkənin gələcəyi yalnız onun səsi ilə müəyyənləşsin. Sizin prinsipial iştirakınız həmin gələcəyin qorunması üçün həyati əhəmiyyət daşıyır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az