Sabiq erməni rəsmi: “Şuşaya atılan “İskəndər”i öz gözlərimlə görmüşəm, niyə yol açılmışdı ki, Böyük Tağları ələ keçirdikdən sonra Şuşaya qədər gəlib çıxsınlar?”

2026/02/1771567467.jpg
Oxunub: 755     10:01     20 Fevral 2026    
“Artıq bir neçə gündür ki, Şirak bölgəsində, xüsusən də Gümrü və Amasiya icmasında, azərbaycanlılar sərbəst hərəkət edirlər, videolar çəkirlər və yayırlar, bu yeri Azərbaycan dilində təqdim edirlər, tezliklə doğma evlərinə qayıdacaqlarını yazırlar”.

Ordu.az xəbər verir ki, bunu “Erməni Səsi” partiyasının idarə heyətinin üzvü, 2018-2020-ci illərdə Ermənistan Hərbi Sənaye Komitəsinin sədri olmuş Avetik Kerobyan deyib.

“Patrul maşını sakitcə yaxınlaşır, heç bir tədbir görülmür. Eyni insanlar vaxtaşırı İrəvandan, müxtəlif yaşayış məntəqələrindən videolar yayımlayırlar. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) haradadır, nə ilə məşğuldurlar? Əgər birdən Bakıda bir erməni peyda olsaydı, video çəkib yaysaydı, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları və onların DTX-si nə edərdi? Bir şey aydındır: Amasiyadakı insanlar dəhşətə gəliblər”, - deyə o qeyd edib.

Kerobyan bildirib ki, əgər Ermənistanda milli hökumət olsaydı, Azərbaycanın nümayəndələri Ermənistanda tamamilə sərbəst gəzməz, səs yazıları qeydə almazdılar.

“Şuşaya atılan “İskəndər”i öz gözlərimlə görmüşəm. Niyə yol açılmışdı ki, Böyük Tağları ələ keçirdikdən sonra Şuşaya qədər gəlib çıxsınlar? Şuşanı tərk etmək əmrini kim vermişdi? MTX direktoru vəzifəsindən azad edilmiş Argişti Kyaramyan Şuşada nə edirdi? Bilmirəm, Şuşanı “İskəndər”lə niyə vurdular...

Bu insanların planı xalqı ağır itkilərlə qorxutmaq idi ki, növbəti müharibə zamanı heç kim gedib döyüşmək istəməsin. Ermənistan dövlətçiliyini zəiflətmək və məhv etmək planları var. Bu hakimiyyətin dövründə biz davamlı olaraq müharibə şəraitində olmuşuq və bu hakimiyyət iqtisadiyyat nazirinin dili ilə xalqı hədələyir ki, əgər yenidən seçilməsələr, müharibə olacaq...

Paşinyan 44 günlük müharibə vaxtı 200.000 ehtiyatda olan hərbçinin çağırıldığını deyəndə tamamilə yalan danışırdı. Mən o vaxt bu mövzuda mübahisə etmişəm. Həmin 200.000 nəfər sadəcə telefonuna zəng gələn insanlar idi”, - deyə o qeyd edib.

Kerobyan deyib ki, bu hakimiyyət suverenliyi mümkün olduğu qədər güzəştə gedib.

“Onlar unudurlar ki, bizimlə bağlı qəbul edilən qərarlarda iştirakları yoxdur, onları yalnız imza atmaq üçün çağırırlar. Əks halda, bizi TRIPP-in (Zəngəzur dəhlizi-red.) 26 faizlik “qırıntısı” ilə baş-başa buraxmazdılar. Məndə belə bir əminlik var ki, biz TRIPP haqqında hər şeyi bilmirik və Nikol Paşinyanın öz üzərinə daha hansı öhdəlikləri götürdüyündən xəbərsizik. Biz bilmirik ki, Türkiyə hansı səbəbdən və hansı arxayınlıqla Zəngəzur dəhlizi və türk dünyasının birləşməsi haqqında danışır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şuşa   İskəndər   Kerobyan  


Bizi "telegram"da izləyin