Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Yunanıstanda dövlət səfərində olan Ermənistan prezidenti Vahaqn Xaçatryanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yer alan Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
“2025-ci il avqustun 8-dən sonra Ermənistan vasitəsilə Mərkəzi Asiyanı Avropaya bağlamaq baxımından yeni imkanlar açılıb və Yunanıstan bu zəncirin çox vacib halqasıdır.
İndi çalışmalıyıq ki, Yunanıstan və Ermənistan, ümumilikdə isə Cənubi Qafqaz bu istiqamətdə əməkdaşlığı daha da gücləndirsin. Qeyd edə bilərəm ki, təkcə Yunanıstandan deyil, Avropa İttifaqına üzv olan bir çox ölkədən də Ermənistana investisiya qoymaq məsələsində böyük maraq var”, - deyə Kostanyan bildirib.
O qeyd edib ki, Ermənistan hökuməti həm Yunanıstanla, həm də Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə böyük maraq göstərir.
Kostanyan vurğulayıb ki, Xaçatryanın Yunanıstana dövlət səfəri zamanı iki ölkə arasında ənənəvi olaraq mövcud olan yüksək səviyyəli siyasi münasibətlər bir daha təsdiqlənib.
Onun sözlərinə görə, siyasi məsələlərlə yanaşı, Yunanıstanla gündəmdə iqtisadi imkanların müzakirəsi də mühüm yer tutur.
“Bu gün Yunanıstanın biznes nümayəndələri ilə görüş keçirdik. Görüşün əsas mövzusu iki ölkə arasında iqtisadi inkişaf imkanları idi.
Bu mövzu rəsmi görüşlər zamanı da müzakirə olunub. Ermənistanda mövcud olan iqtisadi imkanları, eləcə də son illərdə ölkəmizdə qeydə alınan iqtisadi uğurları təqdim etdik. Həmçinin hədəf sektorlar üzrə investisiya perspektivlərini də nümayiş etdirdik”, - deyə Kostanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az