Ermənistan tərəfindən “Avropol”da rabitə zabiti təyin ediləcək

2026/02/1771502570.jpg
Oxunub: 324     16:01     19 Fevral 2026    
Ermənistan daxili İşlər naziri Arpine Sarkisyan fevralın 18-də Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan DİN-in Polis Xidməti məlumat yayıb.

Məlumata görə, Arpine Sarkisyan Aİ ilə sıx əməkdaşlığı yüksək qiymətləndirərək birgə proqramların həyata keçirilməsinin və konkret istiqamətlər üzrə qeydə alınan nəticələrin vacibliyini qeyd edib.

“DİN rəhbəri Ermənistan tərəfindən vizaların liberallaşdırılması istiqamətində görülən işləri təqdim edib və müəyyən edilmiş addımları ardıcıl şəkildə davam etdirmək öhdəliyini yenidən təsdiqləyib.

Aİ qurumları olan “Fronteks” və “Avropol” ilə tərəfdaşlığa toxunan nazir Sarkisyan bu əməkdaşlığın möhkəmləndirilməsi baxımından Ermənistan tərəfindən “Avropol”da rabitə zabitinin təyin edilməsinin vacibliyini vurğulayıb”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, görüşdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri və tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

“Həmçinin, yaxın gələcəkdə Aİ-nin daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunnerin Ermənistana planlaşdırılan səfərinin təfərrüatları müzakirə edilib ki, bu da əməkdaşlıqda yeni mərhələnin başlanğıcı olacaq”, - deyə məlumatda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avropol  


Bizi "telegram"da izləyin