Marta Kosun Ermənistana səfər tarixləri məlum olub

2026/02/1771081973.jpg
Oxunub: 372     15:58     19 Fevral 2026    
Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun Ermənistana gözlənilən səfərinin tarixləri açıqlanıb.

Ordu.az xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi Marta Kosun martın 19-20-də Ermənistana səfər edəcəyini bildirib.

“Avropa İttifaqı ilə Ermənistan arasındakı münasibətlər dərinləşməyə davam edərək tərəfdaşlığın həlledici mərhələsinə qədəm qoyur və əsas strateji prioritetlər ətrafında ikitərəfli əməkdaşlığı irəli aparmaq üçün güclü və qarşılıqlı öhdəliyi yenidən təsdiqləyir. Aİ komissarı Marta Kosun martın 19-20-nə planlaşdırılan səfəri və Aİ-Ermənistan birinci sammiti ərəfəsində dünən İrəvanda Avropa Komissiyasının yüksək rütbəli rəsmilərinin işçi səfəri baş tutub. Səfərin məqsədi Aİ-Ermənistan tərəfdaşlığının yeni strateji gündəliyinin icrasındakı tərəqqini qiymətləndirmək olub”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, sözügedən strateji gündəlik uzunmüddətli əməkdaşlığın təməli olan Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə (CEPA) əsaslanır.

“Müzakirələrin mərkəzində nəqliyyat, energetika və rəqəmsal əlaqələr sahələrində regional bağlılıq məsələləri dayanıb. Ermənistan hökumətinin “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) təşəbbüsünə dəstək və onun “Regionlararası bağlılıq gündəliyi” ilə uyğunluq təşkil edərək effektiv şəkildə həyata keçirilməsinə üstünlük verilib.

Birgə müəyyən edilmiş prioritet proqramların icrası üçün Aİ-nin mümkün yardım variantları müəyyən edilib, iqtisadi dayanıqlığın gücləndirilməsi, ticarət və mobillik üçün yeni imkanların yaradılması ortaq maraq kəsb edən məsələlər kimi vurğulanıb.

Hökumətlə Ermənistan üçün Aİ-nin “Dözümlülük və İnkişaf Proqramı” çərçivəsində nəzərdə tutulan islahatlar və investisiyalar paketinin yekun layihəsi təsdiqlənib. Bura 202,5 milyon avro dəyərində olan ikinci tranş da daxildir ki, bu barədə daha əvvəl, 2025-ci ilin sentyabrında Ermənistana səfəri zamanı komissar Marta Kos tərəfindən məlumat verilmişdi.

Eyni zamanda, Avropa İttifaqının demokratik dözümlülüyü dəstəkləmək barədə qətiyyətli öhdəliyi yenidən təsdiqlənib və qarşıdan gələn seçki proseslərinin şəffaflığının qorunmasının vacibliyi qeyd olunub”, - deyə Aİ nümayəndəliyinin yaydığı bəyanatda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marta-Kos   Ermənistan  


Bizi "telegram"da izləyin