Ordu.az əbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, bundan sonra son günlər Ermənistan istehsalı olan pilotsuz uçuş aparatlarından biri ilə bağlı mediada müzakirələr yayılmağa başlayıb.
“168.am” saytı Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyanla söhbətdə hərbi ekspert və ordu ilə bağlılığı olan şəxs kimi həmin nümunələrin ictimailəşdirilməsindən sonra onun üçün hər hansı müsbət məqamın olub-olmadığını öyrənməyə çalışıb. Çünki müxalifət deputatları yeni alınmış silahlarla qapalı qaydada tanış olmamışdılar.
“Əvvəlcə qeyd etmək lazımdır ki, hakimiyyət təbliğat məqsədilə və mövzunu manipulyasiya edərək əvvəldən elə təəssürat yaratmağa çalışırdı ki, guya müxalifət dairələrindən kimsə bu nailiyyətləri görmək istəmir. Lakin kifayət qədər gülməli bir vəziyyət yarandı: Müdafiə Nazirliyinin nümayəndəsi hələ noyabr ayında müxtəlif fraksiyalarla, o cümlədən bizimlə əlaqə saxlamışdı. Mən də getməyə hazır olduğumu bildirmişdim, bir neçə format müzakirə etmişdik və mənə demişdilər ki, təşkil olunacaq.
Amma artıq müdafiə nazirinin həm hərbi texnikaya baxmaq, həm də onların taktiki-texniki xüsusiyyətləri, sayı və təyinatı barədə məlumat almaq təklifindən üç ay keçib. Nazirlik isə bu səfəri təşkil etmək əvəzinə sadəcə videomaterial yayımladı. Yəni kimə lazım idisə… öz təbliğatçılarını hətta Müdafiə Nazirliyinin rəsmi təklifindən əvvəl aparıb tanış etmişdilər”, - deyə Abrahamyan qeyd edib.
Onun sözlərinə görə, görünür, gözləyirdilər ki, müxalifət inciyəcək və bunu öz informasiya əməliyyatlarında müxalifətə qarşı istifadə edəcəklər.
“Təkrar edirəm, mən şəxsən razılıq vermişdim. Yəqin ki, təbliğat ssenarisi baş tutmadı və sonra Müdafiə Nazirliyi bu istiqamətdə addım atmağı zəruri saymadı. Ümumiyyətlə, son bir ildə Ermənistan Müdafiə Nazirliyinin fəaliyyəti, o cümlədən kommunikasiya baxımından, ən zəif səviyyədə olub. Nazirlik qarşısına bir məqsəd qoyub: bütün sistemi seçki proseslərinə xidmət etdirmək.
Silah nümunələrinə gəlincə, onlarla bağlı çoxlu suallar var. Dediyim kimi, yerində suallar verməyə, mütəxəssislərlə danışmağa hazır idim, amma bu imkan yaradılmadı.
Ona görə də hazırda hakimiyyətin yalnız daxili məsələləri həll etmək üçün istifadə etdiyi bu prosesə geniş qiymət verməyi məqsədəuyğun hesab etmirəm.
Məxfilik amili, düşmən üçün gözlənilməzlik, müxtəlif hərbi obyektlərin və onların strukturlarının ictimailəşdirilməsinin təhlükəliliyi barədə danışmaq mənasızdır. Çünki bu hakimiyyət üçün bunların dəyəri sıfırdır. Hakimiyyəti saxlamaq və yenidən istehsal etmək problemi olanda, qalan bütün mövzular ikinci plana keçir”, - deyə erməni deputat qeyd edib.
Abrahamyan “Yanvarın 28-də Müdafiə Nazirliyində hərbçilərlə görüşdə Nikol Paşinyan demişdi ki, onların dövründə ordu ilk dəfə zavod istehsalı olan D-30-a sahib olub. Paşinyan bildirmişdi ki, bizdən əvvəl heç kim ondan atəş açmayıb. Yəni əvvəllər həmişə istifadə olunmuş silah almışıq. Buna münasibətiniz necədir?” sualına cavab verərək deyib:
“D-30 artilleriya vasitəsi ilə bağlı hər hansı mərhələdə ciddi problemimiz olması barədə heç vaxt eşitməmişəm. Paşinyanın bu ifadəsini ciddi problem və ya sistemli həll yox, daha çox vəziyyəti özünəməxsus şəkildə təqdim etmək və 44 günlük müharibədən sonrakı uğursuzluqlarını müəyyən qədər əsaslandırmaq cəhdi kimi qiymətləndirirəm. Onun D-30-la bağlı bəyanatı nə mübahisə, nə də müzakirə mövzusudur.”
O qeyd edib ki, Ermənistanda təhlükəsizlik mühitinə və təhdidlərə adekvat sistem qurmaq üçün nə hökumət, nə kompetent şəxslər, nə də siyasi iradə var: “Bu hakimiyyət və bu hərbi-siyasi rəhbərlik şəraitində ciddi müzakirələrin mənası yoxdur”.
Abrahamyan deyib ki, Ermənistan-Azərbaycan danışıqlarında mühüm məsələlərdən biri 2021-2022-ci illərdə baş verənlərlə bağlıdır.
“Ermənistan hakimiyyətinin problemi delimitasiya yolu ilə həll etmək barədə bəyanatları göstərir ki, birincisi, bu məsələ yaxın müddətdə belə müzakirə predmeti deyil, ikincisi, delimitasiya prosesinin ümumiyyətlə gedib-getməyəcəyi, tam, yoxsa qismən olacağı, hansı prinsip və yanaşmalar əsasında aparılacağı hələ aydın deyil. Xüsusilə də Azərbaycan bəzi hissələrdə kifayət qədər genişmiqyaslı istehkam işləri aparır. Belə şəraitdə elə görünürdü ki, Ermənistan üçün əsas prioritetlərdən biri “Azərbaycan qoşunlarının həmin ərazilərdən çıxarılması olmalıdır”. Amma hakimiyyətin bəyanatlarından həmin qüvvələri çıxarmaq qətiyyətindən daha çox barışma əhval-ruhiyyəsi hiss olunur”, - deyə o qeyd edib.
Erməni deputat deyib ki, təhlükəsizlik yalnız ordu və ya digər təhlükəsizlik strukturları üzərində qurulmur: “Onun mühüm komponentlərindən biri də beynəlxalq münasibətlər və xarici siyasətdir. Bu, ölkə ətrafında yaranmış təhdidləri yumşalda, mümkün çağırışlar zamanı daha az itkilərlə çıxış imkanı verə bilər, uğur və ya qələbəni demirəm. Bu baxımdan silah tədarükündən tutmuş beynəlxalq təşkilatlarda ikitərəfli və çoxtərəfli formatlarda razılaşmalara qədər hər şey vacibdir və ölkənin təhlükəsizliyini möhkəmləndirə bilər”.
O, “Digər tərəfdən, sizcə, KTMT və NATO lazımdırmı və ya hansısa rebrendinqə ehtiyac varmı? Ermənistana haradasa ehtiyac varmı, yaxud Ermənistan özü istəyirmi ki, onu gözləsinlər?” sualına belə cavab verib:
“Bu gün nizamnaməsinə uyğun olaraq üzv ölkələrin təhlükəsizlik ehtiyaclarını tam şəkildə təmin edə bilən heç bir beynəlxalq təşkilat yoxdur. Ona görə də istər ikitərəfli, istər çoxtərəfli formatda istənilən istiqamət seçilərkən, mətndə və ya bəyanatda yazılanların ölkənin real yanaşmaları ilə obyektiv uyğunluğu çox vacibdir. Lakin bu hakimiyyət şəraitində hər hansı müqayisə və ya qiymətləndirmə mənasızdır. Mövcud reallıqda ya təhlükəsizlik yoxdur, ya da görülən tədbirlərə baxmayaraq vətəndaş və ölkə özünü qorunmuş hiss etmir”.
Abrahamyan deyib ki, 44 günlük müharibə ilə bağlı bir çox məqamlar artıq aydındır.
“Amma elə məsələlər var ki, bu hakimiyyət getdikdən sonra tam zəncirvari şəkildə üzə çıxacaq. Çünki hakimiyyət öz müdaxiləsi ilə cəmiyyətin səbəb-nəticə əlaqələrini tam şəkildə öyrənməsinə və qiymətləndirməsinə imkan vermir. Bu, 44 günlük müharibənin biabırçı nəticələri, sonrakı dövrdə Ermənistanın “bir sıra ərazilərinin itirilməsi” və 2023-cü ildə Qarabağın tam itirilməsi ilə bağlıdır. Həmin şəraitdə Ermənistan Azərbaycanla danışıqlara getdi və Azərbaycan güc mövqeyindən çıxış edirdi. Siyasi nəticələr də buna uyğun oldu”.
Alpər Mövludoğlu
Ordu.az