Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Ermənistanın sərhədyanı kəndlərində məktəblər bağlanır” başlıqlı məqaləsində yazıb.
“Bu gün onların qorxuları milli proqnoza çevrilir. İnsanlar buradan köçərək Moskva, Marsel və ya Qlendelə gedirlər, çünki burada yer qalmır.
“Vətəndaş Müqaviləsi” partiyasının rəhbərliyi altında fəaliyyət göstərən hökumət azsaylı şagird kontingenti olan kəndlərdə məktəblərin birləşdirilməsi və bağlanması proqramını həyata keçirir. Proqram əsasən, Zəngəzur, Şirak və Lori vilayətlərinin sərhədyanı rayonlarını əhatə edir. Təkcə Şirak vilayətində, deputat Mher Yenokyanın sözlərinə görə, 40-dan çox məktəbin bağlanması planlaşdırılır ki, onların bir qismi sərhədyanı icmalardadır. Zəngəzur vilayətində isə “Bizim Yolumuz” hərəkatının koordinatoru Narek Karapetyanın bildirdiyinə görə, faktiki olaraq 45-ə yaxın məktəb, o cümlədən Salvard, Hatsavan və Tasik kənd məktəbləri bağlanır”, - deyə məqalədə qeyd edilib.
KİV vurğulayıb ki, kənd məktəbi ailəni ata-babalarının dəfn olunduğu, tanış üfüqlərin olduğu torpaqda saxlayan son dayağa çevrilir.
“Məktəb fəaliyyət göstərdiyi müddətdə valideynlər özlərini inandıra bilirlər ki, övladları elə burada təhsil alacaq. Məktəbin bağlanması isə onları bu seçimdən məhrum edir. Zəngəzur vilayətinin Nrnadzor kəndində hazırda cəmi 11 uşaq oxuyur, 138 sakinin isə çoxu su çatışmazlığı səbəbindən artıq köçüb. Burada qalmaq uşaqları şüurlu şəkildə perspektivdən məhrum etmək deməkdir.
Maraqlı bir paradoks var: rəsmi siyasət sanki fərqlidir. 2024-cü ilin yanvarında Baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, ölkədə məktəblər bağlanmır, yalnız yeniləri tikilir. Halbuki reallıqda təhsil müəssisələri bağlanır və onların əmlakı hərraca çıxarılır. Eyni zamanda, sərhədyanı rayonlar üçün güzəştli ipoteka kreditləri də daxil olmaqla müxtəlif dəstək proqramları elan edilir, regional inkişaf layihələri həyata keçirilir. Rəsmi təqdimatda bu, xalqa qayğı kimi göstərilir. Lakin onlarla kilometr uzaqlıqdakı kənddə məktəb bağlananda sakinlər özləri üçün real prioritetləri anlayırlar. Dövlət mənzil krediti təklif edir, amma uşaq məktəbsiz qalır. O zaman ailə çox nəsillərin etdiyi kimi davranır, kredit kartını açır və yeni yol seçir”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, erməni xalqı tarixən “ayaqları ilə səs verməyə” öyrəşib.
“SSRİ-nin dağılması və müharibə yüz minlərlə insanın Rusiyaya köçünü sürətləndirdi. İqtisadi çətinliklər Avropaya miqrasiya dalğası yaratdı. Bu gün eyni mexanizm ayrı-ayrı kəndlər səviyyəsində işləyir. Dövlət açıq şəkildə bildirən kimi ki, onun burada mövcudluğu sərfəli deyil, insanlar səssizcə çamadanlarını yığırlar. Buna bariz nümunə 2023-cü ilin avqustunda Quqark orta məktəbinin bağlanmasıdır: 460 şagird üçün nəzərdə tutulmuş binada cəmi 23 uşaq oxuyurdu. Formal olaraq bu, xərclərin azaldılması baxımından əsaslandırılmış addım idi, amma kənd sakinləri üçün bu, övladlarının taleyindən imtina siqnalı oldu.
Uşaqların qonşu kənddəki məktəbə gedə biləcəkləri barədə verilən vədlər xüsusilə kinayəli səslənir. Kağız üzərində məsafə kilometrlərlə ölçülür, amma reallıqda bu, qış yolları, təhlükəli dolama keçidlər və nəqliyyatın olmaması deməkdir. 72 şagirdi olan məktəblərinin Yerazqavors məktəbi ilə birləşdirilməsinə etiraz edən Qetk sakinləri bu vəziyyəti şəxsən bilirlər. Hüquqi baxımdan təhsil hüququ qorunur, amma faktiki olaraq bu, sınağa çevrilir. Valideynlər isə eyni seçim qarşısında qalırlar: uşaqlarını ikinci dərəcəli vətəndaş kimi qəbul etmək, yoxsa məktəbin piyada məsafəsində olduğu yerə köçmək”, - deyə KİV qeyd edib.
Müəllif bildirib ki, 2024-cü ilin yazında Tavus istiqamətində delimitasiya baş verib: dörd kənd Azərbaycana verilib və 12,7 kilometr sərhəd müəyyənləşdirilib.
“Bu proses arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyaları ilə müşayiət olundu. Ardınca digər elementlər də öz yerini aldı: sərhədyanı kəndlərdə məktəblərin bağlanması, infrastrukturun ixtisarı və məktəb binalarının satışı. Şirak vilayətinin Meğraşat kəndinin sakinləri artıq bilirlər ki, 2026-cı ildə onların məktəbi bağlanacaq. Eyni aqibət Byurakavan və Voğci icmasının məktəblərini də gözləyir. Bu zəncirdə birbaşa əmrlər yoxdur, yalnız “saxlanılması sərfəli deyil” və “əsaslandırılmış optimallaşdırma” kimi ifadələr var.
Erməni diasporu çoxdan “ehtiyat ofis” məntiqi ilə yaşayır.
Nrnadzdor və ya Qetk kəndindən köçənlər üçün bu seçim təbii görünür: əgər onların “baş ofisi” uşaqlara qənaət edirsə, onlar başqa birini tapmalıdırlar. Amma ölkə üçün bu, qurulmuşu tədricən dağıtmaqla dövlət prioritetlərini yenidən nəzərdən keçirmək arasında seçim deməkdir. Sərhəddə yerləşən məktəb akademik göstəricilərdən çox, sabah bu ərazilərin kimin səsi ilə danışacağı və “baş ofisin” öz xalqını qoruyub-qoruya bilməyəcəyi məsələsidir”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az