Paşinyanın partiyasında Mirzoyanın gözlənilməz yüksək səs toplaması qızğın müzakirə olunur

2026/01/1769614654.jpg
Oxunub: 352     09:24     19 Fevral 2026    
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” (VM) partiyasında seçkiöncəsi siyahı üçün keçirilən daxili səsvermədən sonra çoxşaxəli söhbətlər və narazılıqlar üçün münbit şərait yaranıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, xüsusilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın gözlənilmədən yüksək səs toplaması qızğın müzakirə edilir.

“O, əldə etdiyi göstərici ilə VM-də Paşinyan, Suren Papikyan və Gevorq Papoyandan sonra 4-cü yerdə qərarlaşıb.

Mirzoyan 2020-ci il noyabrın 9-u gecə baş verən məlum hadisələrdən və amansızcasına döyüldükdən sonra sanki partiyanın aktiv fəaliyyəti ilə məşğul olmurdu, hətta idarə heyətinə keçirilən son seçkilərdə partiya rəhbərliyində yer almaq üçün namizədliyini belə irəli sürməmişdi”, - deyə KİV bildirib.

Nəşr qeyd edib ki, bundan başqa, o, vəzifəsi gərəyi də hakim qüvvənin aqressiv təbliğatına qoşulmur.

“Bu səbəbdən bir çoxlarının fikrincə, bu cür özünütəcrid prosesi Mirzoyanın reytinqinə təsir etməli və partiya sıraları ona “öz yerini göstərməli” idi. Lakin bunun əksi baş verdi. Bu isə o deməkdir ki, hətta VM-də belə çox aqressiv olmayan və partiya maraqlarından bir qədər məsafəli davranışı qəbul edib qiymətləndirirlər.

Əgər Paşinyanın topladığı səslər bir sıra amillərlə, ilk növbədə qorxu faktoru ilə bağlıdırsa, Papoyan və Papikyanın məsələsində VM-in regional strukturları ilə aktiv əlaqələr rol oynayıb. Sıravi partiya üzvləri ilə demək olar ki, heç bir əlaqəsi olmayan Mirzoyan isə öz səslərini yəqin ki, neytral və təmkinli olduğu üçün qazanıb.

Bununla belə, onun xeyrinə səs verənlərin sülh prosesindəki rolunu nəzərə aldıqlarına dair fikirlər də mövcuddur”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Mirzoyan  


Bizi "telegram"da izləyin