F-15EX “Eagle II” və F/A-18E/F “Super Hornet”: Hansı qırıcı səmalara hökm edir?

2026/02/Ekran-1771431284.jpg
Oxunub: 717     16:41     23 May 2026    
F-15EX ölçü və güc baxımından “Super Hornet”dən daha böyük və daha qüvvətlidir, lakin onun ölçüsü və gücü yaxın məsafəli hava döyüşündə üstünlük deyil, zəif tərəfə çevrilə bilər.

F/A-18 “Hornet” və F-15 “Eagle” Soyuq müharibənin son dövrünün dördüncü nəsil qırıcılarıdır, lakin onlar fərqli istiqamətlərdə inkişaf edib. Müasir variantlar olan F/A-18E/F “Super Hornet” və F-15EX hər platformanın zirvə nöqtəsini təmsil edir və fərqli dizayn yanaşmalarını göstərir: çoxməqsədli dözümlülük və sağqalma qabiliyyəti qarşısında xalis performans gücü.

F-15EX 2024-cü ildə istifadəyə verilib, “Super Hornet” isə 2001-ci ildən xidmətdədir. İstehsal sayına gəldikdə, F-15EX təxminən 137 ədəd buraxılıb, “Super Hornet” isə 630-dan çox sayda istehsal olunub. Uzunluq baxımından F-15EX 19,43 metr, “Super Hornet” 18,31 metrdir. Qanad açılımında isə “Super Hornet” 13,62 metr göstərici ilə F-15EX-in 13,06 metrlik ölçüsünü az fərqlə üstələyir.

Maksimal qalxma kütləsi F-15EX-də 36.741 kiloqram, “Super Hornet”də isə 29.937 kiloqramdır. Hər iki təyyarə iki ədəd turbofan mühərriklə təchiz olunub: F-15EX-də GE F110-GE-129, “Super Hornet”də isə GE F414-GE-400 mühərrikləri quraşdırılıb. Maksimal sürət baxımından F-15EX Mach 2,5 (təxminən 2.655 km/saat), “Super Hornet” isə “Mach 1,6” (təxminən 1.915 km/saat) sürətə çatır.

Döyüş radiusu F-15EX üçün təxminən 1.770 kilometr, “Super Hornet” üçün isə 1.160 kilometrdir. Xidmət tavanı baxımından F-15EX 19.800 metr, “Super Hornet” isə 15.240 metr hündürlüyə qalxa bilir.

Silahlanmaya gəldikdə, hər iki platforma 20 mm-lik M16A1 və M16A2 “Vulcan” avtomatik topu ilə təchiz edilib və xarici asqı nöqtələrinə malikdir. F-15EX təxminən 13.400 kiloqram, “Super Hornet” isə 8.050 kiloqram faydalı yük daşıya bilir. Hər iki təyyarə variantdan asılı olaraq 1 və ya 2 pilot tərəfindən idarə olunur.

F-15 və F/A-18 fərqli məqsədlərlə hazırlanıb

F-15 ilk növbədə hava üstünlüyü qırıcısı kimi layihələndirilib. Sürət, hündürlük, məsafə və yükdaşıma qabiliyyətinə üstünlük verilib, “hava-yer” imkanlarına isə ilkin mərhələdə az diqqət yetirilib. F/A-18 isə həqiqi çoxməqsədli platforma kimi nəzərdə tutulub. Aviadaşıyıcıdan əməliyyat aparmaq tələbi sürət və məsafədə müəyyən güzəştlərə səbəb olub, lakin platforma yüksək sağqalma qabiliyyəti, etibarlılıq və çevikliklə seçilir.

F-15EX böyük iki mühərrikli gövdəyə və yüksək dartı-çəki nisbətinə malikdir. Yüksək sürət, hündürlük və sürətlənmə imkanları təqdim edən EX uzun mənzil və böyük faydalı yük tutumu ilə fərqlənir. Təyyarə uzunmüddətli və yüksək enerjili döyüşlər üçün optimallaşdırılıb.

“Super Hornet” isə orta çəki sinfinə məxsus iki mühərrikli konstruksiyadır. Maksimal sürəti daha aşağı olsa da, aşağı sürətlərdə idarəetmə qabiliyyəti güclüdür. Aviadaşıyıcıdan qalxma və enmə üçün nəzərdə tutulduğuna görə möhkəm konstruksiyaya və ehtiyatlı sistem arxitekturasına malikdir.

Hər iki platforma müasir AESA tipli radarlar ilə təchiz olunub. F-15EX-in iri burun hissəsi daha güclü radar aperturasına imkan verir və bu da uzaq məsafədə aşkarlama və izləmə üstünlüyü yaradır. “Super Hornet” də güclü sensor inteqrasiyası və aviadaşıyıcı döyüş şəbəkələri ilə uyğunluq qabiliyyəti ilə seçilir. Müasir döyüş şəraitində hər iki təyyarə xarici mənbələrdən hədəf təyinatına ciddi şəkildə güvənir.

Silah yükü baxımından F-15EX üstünlüyünü qoruyur. O, çoxlu sayda “hava-hava” raketi daşıya bilir və uzaq məsafəli BVR döyüşlərində ideal “raket daşıyıcısı” rolunu oynayır. “Super Hornet”in faydalı yükü daha azdır, lakin çevik silah konfiqurasiyaları ilə fərqlənir və yüksək dəqiqlikli zərbə və dəniz əməliyyatları üçün uyğunlaşdırılıb. Lakin “hava-hava” qarşıdurmasında F-15 daha böyük silah yükü üstünlüyünə malikdir.

Hansının qalib gəlmə ehtimalı daha yüksəkdir?

Uzaq məsafəli BVR döyüşündə F-15EX müəyyən üstünlüklərə malikdir: daha yüksək buraxılış hündürlüyü, raketlərin daha əlverişli kinetik göstəriciləri və daha geniş radar əhatəsi. “Super Hornet” isə güclü radioelektron mübarizə dəstəyi və E-2D kimi platformalardan şəbəkə əsaslı hədəf məlumatı ilə üstünlük qazanır. Lakin təmiz və yüksək hündürlükdə BVR qarşıdurmasında EX açıq şəkildə dominant platformadır.

Yaxın məsafəli WVR döyüşü isə daha maraqlı mənzərə yaradır. F-15EX güclü itələmə qüvvəsinə malikdir, lakin dönüş radiusu daha böyükdür. “Super Hornet” isə yüksək hücum bucağında idarəetmə və yaxın məsafəli manevr qabiliyyəti ilə seçilir. Bu isə nəzəri olaraq daha kiçik və çevik “Super Hornet”in F-15EX-i döngədə üstələyərək arxadan zərbə endirməsinə imkan yarada bilər. Hər bir hava döyüşündə olduğu kimi nəticə pilot bacarığından, silahlanma konfiqurasiyasından və enerji vəziyyətindən asılıdır. Müasir müharibədə yaxın məsafəli hava döyüşləri daha az ehtimal olunduğuna görə real şəraitdə “hava-hava” üstünlüyü baxımından F-15 daha əlverişli mövqedədir.

Bu iki təyyarənin real döyüşdə üz-üzə gəlməsi ehtimalı azdır, çünki hər ikisi əsasən ABŞ və onun yaxın müttəfiqləri tərəfindən istifadə olunur. Lakin onlar “Red Flag” və digər birgə təlimlərdə mütəmadi olaraq bir-birinə qarşı sınaqdan keçirilir. Daha real ssenari onların koordinasiyalı fəaliyyətidir: F-15 raket daşıyıcısı, “Super Hornet” isə irəli xətt sensoru və atıcı rolunda çıxış edir.

Nəticə etibarilə, bu iki platforma bir-birini tamamlayır. F-15EX uzunmənzilli hava üstünlüyü və ağır silahlanmalı BVR qarşıdurmaları üçün, “Super Hornet” isə aviadaşıyıcı əsaslı hava hücumundan müdafiə, zərbə və dəniz əməliyyatları üçün nəzərdə tutulub. Onlar fərqli məqsədlər üçün hazırlanıb və artıq bir nəsildən çoxdur ki, bu vəzifələri uğurla icra edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-15EX   Eagle-II  


Bizi "telegram"da izləyin