Erməni redaktor: “Tehran israillilərin sonda Ermənistanda peyda ola biləcəyindən ehtiyat edir”

2026/02/1771311382.jpg
Oxunub: 595     17:20     18 Fevral 2026    
“İranda “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi-red.) müzakirəsi zamanı diplomatik dildən istifadə olunur”.

Ordu.az xəbər verir ki, bunu bu gün İrəvanda keçirilən ekspert müzakirəsi zamanı Tehranda nəşr olunan erməni dilli “Alik” qəzetinin baş redaktoru Aram Şahnazaryan deyib.

“Lakin bu cür bəyanatlardan sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Baqayi dərhal “amma” kəlməsini əlavə etdi”, - deyə Şahnazaryan qeyd edib.

O bildirib ki, aydınlıq gətirilməli olan bir çox suallar qalmaqdadır, buna görə də İranın ictimai sektorunda müəyyən narahatlıqlar mövcuddur.

Erməni redaktorun sözlərinə görə, bu qeydlər və narahatlıqlar heç bir gizli məna və ya alt mətn olmadan, kifayət qədər açıq şəkildə ifadə edilir.

Şahnazaryan vurğulayıb ki, TRIPP (Zəngəzur dəhlizi-red.) Ermənistanın indiki hökumətinin iddia etdiyi kimi, sadəcə regional kommunikasiyaların açılması məntiqi ilə işləyən iqtisadi layihə və ya yol xəritəsi deyil. Bir çox iranlı ekspert TRIPP-in iqtisadi faydalarını ikinci dərəcəli hesab edir.

“Qərbin və ABŞ-nin TRIPP vasitəsilə həyata keçirməyə çalışdığı əsas məqsəd regionda təhlükəsizlik mühitinin, geosiyasi balansın və qüvvələr nisbətinin dəyişdirilməsidir. İran üçün bu, hər şeydən əvvəl, həddindən artıq ciddi təhlükəsizlik çağırışları ilə doludur, çünki Qərb qüvvələrinin, xüsusən də öz sərhədləri yaxınlığında olması qəbuledilməzdir. İran ötən illərdə sahib olduğu müstəsna tranzit üstünlüyünü və əhəmiyyətini itirəcək”, - deyə erməni baş redaktor izah edib.

Nəticədə, onun qeyd etdiyi kimi, İranın regional proseslərə, xüsusən də təhlükəsizlik sahəsinə təsiri kəskin şəkildə azalacaq.

NATO ölkələri tərəfindən TRIPP-in mümkün təhlükəsizlik təminatı barədə danışan Şahnazaryan xüsusilə qeyd edib: “Bu, faktiki olaraq ABŞ, NATO və Qərb qüvvələrinin bilavasitə İran sərhədləri yaxınlığında olması deməkdir. Halbuki İran 1991-ci ildən etibarən bu sahədə praktiki olaraq heç bir problemlə qarşılaşmayıb”.

O həmçinin bildirib ki, bütün bunlardan əlavə, İran tərəfinin başqa narahatlıqları da var: “Xüsusilə, Tehran israillilərin sonda Ermənistanda peyda ola biləcəyindən ehtiyat edir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Şahnazaryan  


Bizi "telegram"da izləyin