Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Saat 16:00 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Cinayət Polisi Baş İdarəsinə, həmin idarənin İrəvan şəhəri üzrə cinayət idarəsinə və İcma Polisi Baş İdarəsinin Maştots şöbəsinə Abelyan küçəsi 9 ünvanında atışma olduğu və yaralıların bulunduğu barədə növbəti əməliyyat məlumatları daxil olub.
Məlumata görə, Ermənistan DİN-in Polis Xidmətinin rəisi, daxili işlər nazirinin müavini, polis general-mayoru Kamo Tsutsulyan hadisə yerinə gəlib.
Yerində məlum olub ki, daxil olan əməliyyat məlumatı doğrudur. Maştots polis şöbəsinin əməkdaşları, şöbə rəisi David Avaqyan və rəis müavini Gevorq Poğosyanın rəhbərliyi ilə müəyyən ediblər ki, qeyd olunan ərazidən odlu silah yarası almış 10 vətəndaş İrəvanın müxtəlif xəstəxanalarına yerləşdirilib. Hadisə yerinə, həmçinin İrəvan Cinayət İdarəsinin rəisi Hayk Harutyunyanın başçılığı ilə çox sayda polis əməkdaşı və İcma Polisi Baş İdarəsinin rəisi Xoren Barxoyanın rəhbərliyi ilə əməliyyat qrupu gəlib.
Hazırda hadisə yerində Ermənistan İstintaq Komitəsinin İrəvan şəhər istintaq idarəsinin Acapnyak və Davtaşen inzibati rayonları üzrə istintaq şöbəsinin müstəntiqləri, şöbə rəisi Edqar Baloyanın rəhbərliyi ilə işləyirlər. Faktla bağlı istintaq şöbəsində bir qrup şəxs tərəfindən qəsdən adam öldürməyə cəhd və qanunsuz silah saxlama, gəzdirmə, istifadə etmə maddələri ilə cinayət işi başlanılıb. Hadisə yerində avtomat və tapançadan atılmış bir neçə giliz, qanlı bıçaq, habelə üzərində güllə izləri olan “Lexus” markalı avtomobil aşkar edilib.
Hazırda cinayət və icma polisi əməkdaşları yaralıların və “Lexus” markalı avtomobilin sahibinin şəxsiyyətini müəyyənləşdirirlər.
***
Bu gün İrəvanda, Acapnyak məhəlləsində baş verən atışma ilə bağlı yeni təfərrüatlar məlum olub.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Armeniya” Tibb Mərkəzinin baş direktorunun cərrahiyyə işləri üzrə müavini Aşot Kurğinyan bildirib ki, xəstəxanaya 7 nəfər yerləşdirilib. Onlardan biri ölüb, ikisinin vəziyyəti ifrat ağır, digərlərinin vəziyyəti isə stabil ağırdır. Kurğinyan qeyd edib: “Onlardan ikisinin həyatı təhlükədə ola bilər. Hazırda əməliyyatdadırlar, həyatları üçün təhlükənin olub-olmadığını tam dəqiq deyə bilmərəm. Xəsarətlərin güllə yarası, yoxsa deşilmiş-kəsilmiş yaralar olduğunu da dəqiq söyləmək hələlik çətindir, lakin daha çox güllə yarasına bənzəyir”.
***
İrəvanda, Acapnyak məhəlləsində atışma səsləri eşidilib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, internetdə bir qrup şəxsin bir-birinə atəş açdığını əks etdirən videogörüntülər yayılıb.
Bildirilib ki, hadisə nəticəsində yaralananlar var və onlar insident iştirakçıları tərəfindən hadisə yerindən aparılıblar.
Məsələ ilə bağlı Ermınistan DİN-dən bildirilib: “DİN Polis əməkdaşları hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Əlavə məlumat veriləcək”.

Alpər Mövludoğlu
Ordu.az