Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistanın “Alternativ Layihələr” qrupunun təşkil etdiyi “Cənubi Qafqaz: Qüvvələrin yenidən qruplaşması” mövzusunda keçirilən müzakirə zamanı erməni iranşünas Vardan Voskanyan deyib.
TRIPP layihəsinə münasibətdə İranın mövqeyinə toxunan erməni ekspert qeyd edib: “Bizdə belə bir təsəvvür yaratmağa çalışırlar ki, guya İranda bu layihə ilə bağlı iki fərqli yanaşma var. İran tərəfində tək bir mövqe mövcuddur. Əgər bu mövqeyi obrazlı şəkildə ifadə etsək, İran tərəfi açıq şəkildə bəyan edir ki, onlar Ermənistana güvənirlər, lakin Amerika Birləşmiş Ştatlarına etibar etmirlər. Biz isə bilirik ki, bu proses ikitərəfli deyil, daha doğrusu, prosesin şir payı ABŞ ilə bağlıdır və ayrılan paylar bunun bariz sübutudur”.
Voskanyan qeyd edib ki, İran tərəfinin diplomatik ifadələrində belə bir yumşaqlıq hiss olunmur və həmin yol ilə bağlı narahatlıqlar rəsmi şəkildə bəyan edilir.
“Hesab edirəm ki, Ermənistanda qərar qəbul edənlər belə, TRIPP adlanan bu yolun nə olacağını tam təsəvvür etmirlər. Üstəlik, layihənin sənəd bazası da çox qəribə ifadələrlə başlayır. Qeyd olunur ki, sənəd tərəflər üçün hüquqi qüvvəyə malik deyil. Yəni, mahiyyətcə sadəcə müəyyən çərçivələr cızılır, buna görə də İran tərəfi hansı proseslə üz-üzə qala biləcəyini tam anlaya bilmir”, - deyə Voskanyan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan-İran münasibətləri kontekstində səmimiyyət çox mühüm amildir: “Ermənistanın daxili proseslərində manipulyasiyalarla müəyyən problemləri qısamüddətli həll etmək mümkün olsa da, dövlətlərarası münasibətlərdə bu, nəinki işə yaramayacaq, həm də son dərəcə təhlükəli və riskli bir haldır. Buna görə də İran tərəfi ilə səmimi danışmaq və real vəziyyəti təqdim etmək lazımdır. Zənnimcə, bu prosesi həyata keçirməli olan insanlar üçün də vəziyyətin perspektivi aydın deyil, hər halda, heç kim bunu bizə anlaşıqlı şəkildə izah etmir”.
Erməni iranşünas həmçinin qeyd edib ki, Azərbaycan bu yolun iki funksiyanı yerinə yetirəcəyini açıq şəkildə bəyan edir.
“Burada Ermənistanın blokadadan çıxarılması haqqında heç bir söz yoxdur. Söhbət müstəsna olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqədən, bir tərəfdən Azərbaycan-Türkiyə vasitəsilə Qərbə, digər tərəfdən isə Azərbaycan-Mərkəzi Asiya vasitəsilə Şərqə çıxışdan gedir. Həmin dəmir yolu xəttinin Ermənistan daxilinə doğru davam edəcəyinə dair heç bir qeyd yoxdur.
Əksinə, prosesə Qazaxıstanı da cəlb etmək cəhdləri kimi anlaşılan və anlaşılmayan müxtəlif hadisələr baş verir. Bu, mahiyyət etibarilə Ermənistanın Turan dünyasına inteqrasiya edilməsi və bu dünya ilə inteqrasiya olunması cəhdidir. Hesab etmirəm ki, bu, bizim arzumuzdur. Əksinə, bu, bizim üçün nəhəng risklər daşıyır”, - deyə o, fikirlərini tamamlayıb.
Alpər Mövludoğlu
Ordu.az