Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistanın “Alternativ Layihələr” qrupunun təşkil etdiyi “Cənubi Qafqaz: Qüvvələrin yenidən qruplaşması” mövzusunda keçirilən müzakirədə İranda nəşr olunan “Alik” qəzetinin redaktoru Aram Şahnazaryan deyib.
O diqqətə çatdırıb ki, bu cür sözlərdən sonra İran XİN-in rəsmi nümayəndəsi Baqayi dərhal “amma” ifadəsini işlədib.
Şahnazaryanın sözlərinə görə, hələ də aydınlaşdırılmalı olan çoxsaylı problemlər var, lakin İranın dövlət sektorunda birmənalı narahatlıqlar mövcuddur.
İranın informasiya-analitik dairələrindəki müzakirələri təqdim edən Şahnazaryan bildirib ki, bu qeyd-şərtlər və narahatlıqlar haqqında heç bir gizli məqam saxlanılmadan, açıq şəkildə danışılır.
Şahnazaryan qeyd edib ki, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi Ermənistanın hazırkı hakimiyyətinin təqdim etməyə çalışdığı kimi, sadəcə yolların açılması məntiqinə söykənən iqtisadi layihə və ya yol deyil: “İranlı ekspertlərin bir çoxu deyir ki, TRIPP-in iqtisadi səmərəsi ikinci dərəcəlidir. Qərbin və ABŞ-nin bu layihə vasitəsilə həll etməyə çalışdığı əsas məsələ regiondakı təhlükəsizlik mühitini və geosiyasi güclər nisbətini dəyişməkdir. Bu, İran üçün ilk növbədə ciddi təhlükəsizlik çağırışıdır, çünki öz sərhədində Qərb qüvvələrinin mövcudluğu onun üçün qəbulolunmazdır. İran bu layihə ilə sahib olduğu müstəsna tranzit imkanlarını və əhəmiyyətini itirəcək”.
O qeyd edib ki, bu, İranın regional təhlükəsizlik proseslərinə təsirini kəskin şəkildə azaldacaq. NATO ölkələrinin güc strukturları tərəfindən TRIPP-in təhlükəsizliyinin təmin edilməsi məsələsinə toxunan Şahnazaryan deyib: “Bu, 1991-ci ildən etibarən həmin ərazidə demək olar ki, sıfır problemi olan İranın birbaşa sərhədində ABŞ, NATO və Qərbin birbaşa iştirakı deməkdir”.
Şahnazaryan həmçinin bildirib ki, iranlılar bundan sonra Ermənistanda İsrailin də mövcud ola biləcəyindən narahatdırlar.
O əlavə edib ki, İran TRIPP-ə qarşı birbaşa sərt reaksiya verə bilməsə də, buna yalnız “Şimal-Cənub” yolunun işə salınması ilə müqavimət göstərə bilər.
Alpər Mövludoğlu
Ordu.az