Ermənistanın sabiq XİN rəhbəri: “Öz maraqlarımızı və təhlükəsizliyimizi təkbaşına irəli aparmaq qeyri-mümkündür”

2025/10/1759300660.jpg
Oxunub: 450     16:15     18 Fevral 2026    
“Həmvətənlərimiz elə düşünə bilərlər ki, Ermənistanın hazırkı hakimiyyəti çoxsaylı səfərləri və görüşləri ilə kifayət qədər aktiv və dinamik xarici siyasət yürüdür”.

Ordu.az xəbər verir ki, bunu bu gün İrəvanda keçirilən ekspert müzakirəsi zamanı Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan deyib.

Keçmiş erməni nazirin sözlərinə görə, ölkə rəhbərliyi müxtəlif sənədlər imzalamaqla həqiqətən də fəallıq göstərir. Lakin o, məşhur ingilis atalar sözünü xatırlatmağı təklif edib. “Hərəkəti tərəqqi ilə qarışdırmayın. Bizim gördüyümüz tərəqqi deyil. Təhlükəli dünyada diplomatiyanın əsas məqsədi həmişə öz təhlükəsizliyini, rifahını və gələcək inkişaf imkanlarını təmin etmək olub. Mən hazırkı hakimiyyətdə nə bu məqsədi, nə də bu şüuru görürəm”, - deyə Ayvazyan bildirib.

Sabiq erməni nazir vurğulayıb ki, region yeni inkişaf mərhələsinə, daha dəqiqi, Avrasiya təhlükəsizlik sistemində struktur çatlaması mərhələsinə qədəm qoyub.

“Burada biz həm regional, həm də regiondankənar maraqların toqquşması ilə qarşı-qarşıyayıq. Son illərin dəyişiklikləri nəticəsində yeni infrastruktur, nəqliyyat və energetika layihələri ortaya çıxıb. Məhz buna görə də təhlükəsizlik və müəyyən sivilizasiyaya mənsubluqla bağlı maraqlar toqquşmağa başlayıb”, - deyə o izah edib.

Ayvazyan qeyd edib ki, bugünkü dünyada və reallıqlarda öz maraqlarını və təhlükəsizliyini təkbaşına müdafiə edib irəli aparmaq demək olar ki, qeyri-mümkündür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ayvazyan  


Bizi "telegram"da izləyin