Tonoyan alay keşişləri haqqında: “Orduda din xadimlərinin xidmətinin məhdudlaşdırılması yaxşı nəticə verməyəcək”

2025/07/1752569690.jpg
Oxunub: 350     14:02     18 Fevral 2026    
“Mən deyə bilmərəm ki, hazırda orduda alay keşişlərinin xidməti ixtisar olunur, başa düşdüyüm qədərilə, bu xidmət sadəcə formasını dəyişir”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan onun nazir olduğu dövrdə orduda din xadimlərinin xidmətini ixtisar etmək niyyətinin olub-olmaması barədə sualı cavablandırarkən deyib.

“Mənim vəzifədə olduğum müddətdə, eləcə də müdafiə nazirinin birinci müavini və beynəlxalq əməkdaşlığa məsul idarə rəisi olduğum dövrlərdə, Müdafiə Nazirliyində istər onların saxlanma xərcləri, istər fəaliyyətlərinin təmin edilməsi, istərsə də silahlı qüvvələrdəki qarşılıqlı münasibətlər baxımından alay keşişlərinin xidmətinin daha yaxşı olması üçün əlimdən gələni etmişəm. Bundan əlavə, mən alay keşişlərinin silahlı qüvvələrdəki işini, xidmətini həm müharibə, həm də böhran mərhələsində çox yüksək qiymətləndirmişəm. Biz həmçinin onlar üçün ayrıca iqamətgah, Kanakerdəki Müqəddəs Məryəm Ana kilsəsini seçməyə nail olduq. Bu, mənim vəzifə müddətimdə baş tutub və mən onların xidmətlərini çox yüksək dəyərləndirirdim”, - deyə o bildirib.

Ermənistan Müdafiə Nazirliyinin bu qərarından sonra alay keşişlərinin böyük əksəriyyətinin ordunu tərk etməsi və bunun hansı nəticələrə yol aça biləcəyi barədə müşahidəyə gəlincə, keçmiş erməni nazir belə cavab verib: “Hansı nəticələrin olacağını deyə bilmərəm, lakin onu deyə bilərəm ki, Silahlı Qüvvələrdə Erməni Apostol Kilsəsinin ruhani xidmətinə maneə törədilməsi və ya onun məhdudlaşdırılması mənəvi-psixoloji baxımdan heç bir yaxşı məqsədə xidmət etməyəcək. 44 günlük müharibə zamanı mən onların xidmətlərini çox yüksək qiymətləndirmişəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Ermənistan  


Bizi "telegram"da izləyin