Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants yazıb.
Onun sözlrinə görə, bir neçə gün əvvəl mətbuat konfransında Nikol Paşinyan bəyan edib: “Bu seçkilərin nəticəsində bütün keçmiş hakimiyyətlər və bütün oliqarxlar siyasi mühitdən qəti və geri dönməz şəkildə kənarlaşdırılacaq”.
Surenyants qeyd edib ki, demokratik seçkilərin mahiyyəti qeyri-müəyyənlik və proqnozlaşdırılmazlıqdan ibarətdir: nəticə vətəndaşların azad iradə ifadəsi ilə müəyyənləşməlidir, hakimiyyət tərəfindən səsləndirilən avtoritar göstərişlərlə yox.
“Ölkənin fəaliyyətdə olan Baş naziri açıq şəkildə bəyan edəndə ki, seçkilərdən sonra müəyyən qruplar siyasi mühitdən “qəti və geri dönməz şəkildə” sıxışdırılıb çıxarılacaq, bu söz artıq siyasi qiymətləndirmə olmaqdan çıxır. Bu, konkret ünvanlı və əvvəlcədən müəyyən olunmuş altmətnə malik mesajdır.
Belə ifadə, xüsusilə hakimiyyətin birinci şəxsi tərəfindən səsləndiriləndə, obyektiv olaraq dövlət aparatına, inzibati resursa, hüquq-mühafizə sisteminə, seçki komissiyalarına siqnal kimi qəbul oluna bilər”, - deyə o bildirib.
Erməni partiya sədri vurğulayıb ki, burada söhbət seçkinin nəticəsini gözləməkdən deyil, onun əvvəlcədən cızılmasından gedir.
“Diqqətəlayiqdir ki, bu iddia heç bir sosioloji məlumat, ictimai rəy sorğusu və ya analitik ölçmə ilə əsaslandırılmır. “Xalqın iradəsi” real ölçülmədən elan ediləndə, siyasi özünəinam hakimiyyət özbaşınalığına və avtoritarizmə çevrilir. Həmin andan etibarən hakimiyyət seçiciyə tabe olmağı dayandırır və onun iradəsini özünə aid etməyə başlayır.
Bu təhlükəli məntiqi ertəsi gün Ruben Rubinyan daha açıq formada inkişaf etdirib.
O, Robert Köçəryan, Qaqik Çarukyan və Samvel Karapetyan ətrafında formalaşmış müxalif mühiti nəzərdə tutaraq bəyan edib ki, “kollektiv müxalifət” Gümrü seçki ssenarisini təkrarlamaq niyyətindədir.
Lakin “kollektiv müxalifət” anlayışı praktiki və nəzəri baxımdan siyasi uydurmadır. Parlament seçkilərində iştirak edən müxalif qüvvələr vahid siyahı və ya blok şəklində çıxış edəcəklərini bəyan etməyiblər. Bu termin hüquqi-siyasi məzmun daşımır və bir məqsədə, ictimai qorxunun səfərbər olunmasına xidmət edir”, - deyə Surenyants yazıb.
Gümrü seçkiləri nümunəsinə gəlincə, o qeyd edib ki, parlamentarizm baxımından bu, demokratik idarəçiliyin klassik təzahürüdür.
“Seçicilərin azad iradəsi nəticəsində baryeri keçmiş qüvvələrin əksəriyyəti hakimiyyət formalaşdırmaq qərarı verirsə, bu, sui-qəsd deyil, cəmiyyətin çoxluğunun siyasi iradəsinin institusional ifadəsidir.
Üstəlik, eyni mexanizmlə Tiqran Avinyan Gümrü seçkilərindən xeyli əvvəl İrəvan meri seçilib. Hakimiyyət özünün təkrar istehsalını təmin edən siyasi mexanizmləri legitim sayır, lakin eyni mexanizmləri müxalifətə münasibətdə dövlət sistemi üçün təhlükə kimi təqdim edir. Bu isə göstərir ki, problem demokratik alətlərin mahiyyətində deyil, onların mövcud hakimiyyət tərəfindən nəzarət olunmasındadır.
Hakimiyyət nümayəndəsi müxalifəti parlament seçkilərində Gümrü ssenarisini təkrarlamaqda ittiham edəndə, faktiki olaraq ayrı-ayrı siyasi fiqurlara deyil, Ermənistanın konstitusiya quruluşuna meydan oxuyur. Bu ritorika rəqabətli seçkilərin mənasını şübhə altına alır və belə bir məntiqə işarə edir ki, hakimiyyət yalnız bir qüvvə tərəfindən formalaşa bilər, istənilən digər siyasi kombinasiyalar isə “xalqın iradəsinin təhrif edilməsi” kimi təqdim olunur.
Eyni zamanda əgər xalqın səsverməsi nəticəsində mümkün koalisiya hakimiyyəti ideyası rədd edilirsə, “qarşıdakı seçkilərdə qərar verən “oliqarxlar və keçmişlər” yox, xalq olmalıdır” iddiası demoqogiyadır. Bu, demokratiyanın müdafiəsi deyil, onun kobud şəkildə məhdudlaşdırılması cəhdidir”, - deyə Surenyants qeyd edib.
Onun qiymətləndirməsinə görə, belə təəssürat yaranır ki, mövcud hakimiyyət başqa siyasi dil tapmadığı üçün avtoritar rejimlərə xas metodlarla “xalq” və “sülh” sözlərini manipulyasiya edir.
“Müharibə və məğlubiyyət simvoluna çevrilmiş hakimiyyət “sülh” leksikonunu monopoliyaya alanda, siyasi məhbuslarla yüklənmiş sistem özünü “quzu” siması ilə mənəvi üstün mövqedən təqdim etməyə çalışanda, o, təhlükəsizliyin təminatçısı olmaqdan çıxır və onun əsas təhdidinə çevrilir.
Demokratiya o anda başlayır ki, hakimiyyət bir sadə, lakin fundamental həqiqəti qəbul edir: seçkinin nəticəsi “yuxarıların” şıltaqlığı ilə deyil, seçki bülleteni ilə müəyyən olunur”, - deyə Surenyants bildirib.
Alpər Mövludoğlu
Ordu.az